Zəlimxan Yaqubun Qarabağ şikəstəsi kitabının təqdimatı

 

İyunun 24-də Xalq şairi Zəlimxan Yaqubun (1950-2016) Qarabağ şikəstəsi kitabının onlayn təqdimatı keçirilib. Tədbir Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə reallaşıb.

Təqdimatın aparıcısı, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı Qarabağdakı tarixi Zəfərimizdən sonra Xalq şairi Zəlimxan Yaqubun Qarabağ mövzulu çoxsaylı şeir və poemalarının toplandığı Qarabağ şikəstəsi kitabının nəşrini şəhidlərin, ustadın özünün ruhuna dərin ehtiram kimi qiymətləndirib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ustad şairin Azərbaycan poeziyasında, ümumən mədəniyyətimizdəki yerimövqeyi haqqında ətraflı söz açıb: Zəlimxan Yaqub Türk dünyasının hər yerində tanınan və sevilən şair idi. Onun ürəyi Türk dünyası ilə döyünürdü. Çünki hələ orta məktəbdə oxuduğum illərdən şairin iştirak etdiyi ədəbi məclislərdə onu dinləmişəm. Jurnalist kimi fəaliyyət göstərdiyim illərdə isə onun yaradıcılığı ilə daha yaxından tanış olmuşam. Onunla bağlı bir kitaba sığmayacaq qədər çoxlu şirin xatirələrim var.

Millət vəkili deyib ki, Qarabağ ağrı-acısı Zəlimxan Yaqubun yaradıcılığında mühüm yer tuturdu: O inanırdı ki, xalqımız bu məğlubiyyətlə heç vaxt barışmayacaq, torpaqlarımız işğaldan azad olunacaq. Bu mənada, həmişə nikbin idibu nikbinlik yaradıcılığında da öz əksini tapırdı. Artıq onun arzuları gerçəkləşib.

Qənirə Paşayeva Zəlimxan Yaqubun Türk dünyası, türk coğrafiyası mövzusundakı şeirlərinin də ayrıca kitab halında hazırlanması təklifini səsləndirib. Milli Məclisin Mədəniyyət komitəsi olaraq bizbu işdə sizə dəstək olmağa hazırıq. Zəlimxan Yaqubun yaradıcılığına dövlətimiz də hər zaman böyük diqqət yetirib və inanıram ki, bundan sonra da belə olacaq, - deyə millət vəkili əlavə edib. Mədəniyyət Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla şöbəsinin müdiri Akif Marifli qeyd edib ki, Zəlimxan Yaqub öz dəst-xətti ilə seçilən şairdir. Onun yaradıcılığında vətənpərvərliklə yanaşı, türkçülüyü tərənnüm və təbliğ edən şeirlər xüsusi yer tutur. Bu da özəlliklə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır: Bu kitab Zəlimxan Yaqubun Qarabağ və Vətənin bütövlüyü uğrunda döyünən ürəyinin çırpıntılarıdır.

Beynəlxalq Türk Akademiyası prezidentinin müşaviri Füzuli Məcidli deyib ki, Zəlimxan Yaqubun yaradıcılığının məhsuldar dövrü Azərbaycanın müstəqillik və eyni zamanda torpaqlarımızın işğalı ilə bağlı çox çətin bir dövrə təsadüf edib.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov yaxın dostu olmuş Zəlimxan Yaqubun şəxsiyyəti, yaradıcılığı haqqında danışıb. Qeyd edib ki, Zəlimxan Yaqub poeziyamızda, xalqımızın tarixində sınaqdan keçmiş ideyaları XX əsrin sonlarında öz yaradıcılığında yaşadan, təbliğ edən şairdir. Zəlimxan Yaqub nə yazıbsa, Türk dünyası üçün, Azərbaycan üçün əhəmiyyətlidir.

Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid Zəlimxan Yaqubla bağlı xatirələrini dilə gətirib, onun Azərbaycan ədəbiyyatında rolunu qeyd edib.

 

Kitabı nəşrə hazırlayan və redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu layihənin həyata keçirilməsində ona dəstək olan Namiq Yaqubovaüz qabığının rəssamı Azər Ziyadxana minnətdarlığını bildirib.

 

Sonra aşıqlardan Altay Məmmədli şairin Qarabağ şikəstəsi şeirini Qarabağı, Elməddin Məmmədli isə Qələbə şeirini Misri saz havaları üstə ifa ediblər.

 

Tədbirdə ustad şairin öz ifasında məşhur İlk andımız, son andımız Turandı şeiri səsləndirilib.

 

Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov tədbirin təşkilində əməyi olan bütün qurumlara, çıxışçılara ailəsi adından təşəkkür edib.

 

 

Mədəniyyət.- 2021.- 25 iyun.- S.3.