Mədəniyyət və İncəsənət Universitetində Zəfər lövhəsi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə bu ali məktəbin Vətən müharibəsində şəhid olmuş məzunlarının, eləcə də müharibə iştirakçısı olan əməkdaş, tələbə və məzunlarının şərəfinə hazırlanmış Zəfər lövhəsinin açılışı olub.

 

Universitetin rektoru, professor Ceyran Mahmudova 2020-ci ilin Vətən müharibəsində ADMİU-nun 50-dən çox əməkdaş, tələbə və məzunlarının iştirak etdiyini diqqətə çatdırıb: Üç məzunumuz şəhidlik zirvəsinə ucalıb. Bir sıra döyüşçülərimiz Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən medallarla təltif olunub. Biz universitet olaraq onların hər biri ilə fəxr edirik. Müharibə dövründə necə onlara dəstək olmağa çalışırdıqsa, bundan sonra da hər zaman yanlarında olmağa çalışacağıq. Çünki bu, bizim vətəndaşlıq borcumuzdur. Onların sayəsində Azərbaycan xalqının 30 illik torpaq həsrətinə son qoyuldu.

 

ADMİU-nun prorektoru, professor Gülşən Əliyeva-Kəngərli bildirib ki, 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımız erməni işğalından azad olundubiz Vətən müharibəsində şanlı Qələbə qazandıq. Şəhidlik də, qazilik də şərəf zirvəsidir. İgid oğullarımız özlərini düşünmədən bu zirvəyə atıldılar və qalibiyyət qazandılar.

 

Mərasimdə daha sonra prorektor Təriqəddin Həmidov, Rəssamlıq fakültəsinin dekanı Sevil Kərimova, universitetin müəllimlərindən Nigar Rüstəmova, Əli Əmirli, Gülşad Baxşıyeva çıxış ediblər.

 

Vətən müharibəsi iştirakçıları olmuş Azər Həsənov, Şahmar Məmmədov, Tərlan Əsgərli, Röyal Allahverdiyev, Ceyhun Əlizadə, Əli Səlimov, Cavid Arzumanov, Xankişi Bağırov universitet rəhbərliyindən daim diqqət və qayğı gördüklərini bildirib, Zəfər lövhəsinin yaradılmasını yüksək dəyərləndiriblər.

 

 

Mədəniyyət.- 2021.- 30 iyun.- S.6.