Özündən alçaqla çəkin qovğadan...

 

Nizami sözündən incilər

 

Nizami Gəncəvinin Xəmsəsi dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Xəmsəyə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb. Nizami Gəncəvi İli qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.

 

Nizami sözündən incilərdə dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.

 

Qafil adam övladı kor deyildirsə, gerçək,

Arıdan, qarışqadan ibrət götürsün gərək.

 

(Sirlər xəzinəsi)

 

Günəşin ordusu boy versə əgər,

Xəlvəti çəkilər qaçaq kölgələr.

 

(Leyli və Məcnun)

 

Bir gün bar götürər ağac əkənlər,

Xəznə apararlar əmək çəkənlər.

Tənək ağlamasa vaxtında zar-zar,

Yetirməz axırda sevinclərlə bar.

 

(Yeddi gözəl)

 

Adil ol, şad yaşa ömrünü bütün,

Olmasın əlində açılmaz düyün.

 

(İsgəndərnamə İqbalnamə)

 

Kin ilə, sülh ilə sınanmış cahan,

Sülhündən xeyr olmuş, kinindən ziyan.

 

(İsgəndərnamə Şərəfnamə)

 

Özündən alçaqla çəkin qovğadan,

Yıxıb-yıxılmaqdan incik olarsan.

Böyüklə vuruşda insan ad alar,

Alçaqla vuruşan özü alçalar.

 

(Xosrov Şirin)

 

Mədəniyyət.- 2021.- 30 iyun.- S.7.