Bədii düşüncədə Qarabağ

Azərkitab kitab mərkəzinin nəzdində fəaliyyət göstərən Cabir Novruz adına poeziya evində yazıçı-publisist Zemfira Məhərrəmlinin Bədii düşüncədə Qarabağ adlı kitabın təqdimatı olub.

 

İyunun 25-də keçirilən tədbirdən öncə müəllif kitabını imzalayaraq oxuculara hədiyyə edib. Azərkitab kitab mərkəzinin rəhbəri Sabir Həsənov nəşr haqqında məlumat verib.

 

Şair-tərcüməçi, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli qeyd edib ki, Bədii düşüncədə Qarabağ kitabı taleyimizə yazılan 30 illik savaşın başlanğıcından 44 günlük Vətən müharibəsinədək olan bir dövrü əhatə edir. Bu müqəddəs mövzuonunla bağlı yaranmış çağdaş ədəbiyyatımız ilk dəfə olaraq kitabda geniş təhlil olunur: Kitab bizim Qarabağ mövzusunda yazan ədiblərimizin yaradıcılığına işıq salır. Kitab 31 tanınmış sənətkarın əsərinə müraciətlə yazılıb. Yazıçının məqsəd-məramını üzə çıxarmaq, onun nə demək istədiyini anlamaq peşəkarlıq tələb edən məsələlərdir. Düşünürəm ki, Zemfira xanım kitabda bütün bunları çox ustalıqla bacarıb.

 

Millət vəkili, yazıçı Aqil Abbas, yazıçı Seyran Səxavət, şair Qəşəm Nəcəfzadə və digər çıxış edənlər müəllifin yaradıcılığından və kitabın məziyyətlərindən söz açıblar. Belə kitabların respublikanın müxtəlif regionlarında, eyni zamanda işğaldan azad edilən bölgələrdə yaradılacaq kitabxanalara verilməsinin vacibliyi qeyd edilib.

 

Sonda müəllif kitab haqqında fikirlərini bölüşən hər kəsə minnətdarlığını bildirib.

 

Kitabın redaktoru şair-tərcüməçi Vaqif Bəhmənli, ön sözün müəllifi isə Ədəbiyyat qəzetinin baş redaktoru Azər Turandır.

 

Mədəniyyət.- 2021.- 30 iyun.- S.6.