Aşıq sənətinin Şakir gözəlləməsi

 

XX əsrdə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələri arasında fərdi ifaçılıq keyfiyyətləri ilə seçilən sənətkarlardan biri də Aşıq Şakir olub. Şirvan aşıq mühitinin yeni ifaçılıq və yaradıcılıq baxımından formalaşmasında məxsusi xidmətləri olan ustad saz havaları ilə muğamlarımızı yüksək peşəkarlıqla sintez edib. Məlahətli səsi, şaqraq zəngulələri ilə xalq arasında böyük sevgi qazanan sənətkar aşıq şeirinin müxtəlif şəkillərində gözəl nümunələr də yaradıb.

 

Şakir Şahverdi oğlu Hacıyev 1922-ci ildə Ağsu rayonunun Xəlilli kəndində anadan olub. Gənc ikən atası oğlunun saz sənətinə həvəsi olduğunu hiss edironu göyçaylı aşıq Mürsələ şəyird verir. Şakir ustadından ulu sənətin sirlərini öyrənir. El şənliklərində və rəsmi tədbirlərdə yaxından iştirak edir. Şirvanda istedadlı gənc aşıq kimi tanınır.

 

Aşıq Şakirin də gənclik illəri çətin və məşəqqətli bir dövrə düşür. 19411945-ci illər müharibəsi başlayır. Şakir bir müddət sazını süngü ilə əvəz edir. Ordudan tərxis olunduqdan sonra Kürdəmir rayon Mədəniyyət evində əmək fəaliyyətinə başlayır. Məlahətli səsi, gözəl ifaları ilə el şənliklərinin yaraşığına çevrilir. Sənətinin səsi-sorağı rayonun hüdudlarını aşır, respublika səviyyəsində tanınır. Bakı şəhərindən tədbirlərə, konsertlərə dəvətlər alır. Musiqisevərlər və zəhmətkeşlər qarşısında maraqlı repertuarla çıxışlar edir.

 

Öz üzərində çalışan sənətkar mütaliəsini genişləndirir, Valeh və Zərnigar, Şah İsmayıl, Tahir və Zöhrə, Xəstə Qasım, Abbas və Gülgəz, Əsli və Kərəm, Leyli və Məcnun, Əmrah, Koroğlu dastanlarını öyrənir, məclislərdə ifa edir. Eyni zamanda özü də Qırx il və Etibarlı dost adlı dastanları yaradır.

 

Sənətkara 1950-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsi tərəfindən Xalq aşığı fəxri adı verilir. 1955-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilir. 1961-ci ildə respublika aşıqlarının III qurultayının nümayəndəsi olur. Azərbaycanın sənət və ədəbiyyat korifeylərindən Bülbülün, Fikrət Əmirovun, Niyazinin, Mirzə İbrahimovun iştirak etdiyi qurultayda o da məruzə ilə çıxış edir.

 

Aşıq Şakir Moskvada keçirilən mədəniyyət və incəsənət ongünlüklərində respublikamızı layiqincə təmsil edib. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 1967-ci ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülən sənətkar həmin il ümumittifaq özfəaliyyət incəsənət festivalının respublika baxışında, eləcə də 1972-ci ildə keçirilən respublika miqyaslı müsabiqədə I dərəcəli diplomla təltif olunub.

 

Yüksək ifaçılıq bacarığı ilə yanaşı, 20-dək qoşma, gəraylı və müxəmməsin müəllifi olan aşığın sənət möhürü vurduğu onlarca ifası Azərbaycan Radiosunun qızıl fondunda saxlanılır. Xüsusilə Kəndimiz mahnısı bu gün də mötəbər məclislərin və el şənliklərinin bəzəyidir. Ustad aşığın ifasında şöhrət tapan Nərgiz, Nə bağ bildi, nə də bağban, Maral, Şirvan şikəstəsi, İnciməsin, Səhər-səhər və s. şux mahnıları indi də dinləyicilərin könlünü oxşayır.

 

Aşıq Şakirin ifa tərzi, bənzərsiz zəngulələri haqqında tanınmış musiqiçilər, elm xadimləri tərəfindən yüksək qiymətləndirilib. Xalq artisti Əlibaba Məmmədov deyib: Aşıq sənətimizin çox görkəmli nümayəndələrini görmüşəm. Onlardan ikisi qəlbimə çox yaxın olub. Biri rəhmətlik aşıq Şakir, ikincisi rəhmətlik aşıq Pənah idi. Hər ikisinin də bənzərsiz sənətkarlıq keyfiyyətləri vardı. Aşıq Şakir muğam ifaçılığı ilə də seçilirdi. Əruzu yaxşı bilirdi. Səs imkanları çox geniş idi. Gözəl ifası ilə yanaşı, həm də bir aşıq kimi yaxşı oynamaq qabiliyyəti vardı. Odur ki, aşıq Şakir sənətinə, sözün əsl mənasında, aşiq idim. İstedadlı sənətkar yaxın dostum olub. O, yaxşı bilirdi ki, mən onun pərəstişkarıyam. Onu böyük sənətkar hesab edirəm.

 

Şair Azad Talışoğlu da sənətkarın yaradıcılığı haqqında xoş misralar qoşub:

 

Kürlə bağlanıbdır adı bu yerin,

Şöhrəti ucadır, hörməti dərin,

Nəğməkar övladı aşıq Şakirin,

Şirvan şikəstəsi Kürdəmirdədir.

 

Aşıq Şakir 10 aprel 1979-cu ildə, yaradıcılığının coşqun çağlarında, 57 yaşında vəfat edib. Sənətkarın şeirləri Aşıqlar və Aşıq sözü kitab-toplularında işıq üzü görüb. Yaşadığı küçəyə və Kürdəmir rayonunda Mədəniyyət evinə onun adı verilib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 30 iyun.- S.6.