Vətən müharibəsinin şəhid həkimi

Rasim Abdullayev sözə də həmdəm idi

 

 

44 günlük II Qarabağ müharibəsində üç minə yaxın şəhid Vətən övladının sırasında 10 hərbi həkimimiz də var. Onların arasında ən yüksək rütbəlisi tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayevdir.

 

Rasim Yaqub oğlu Abdullayev 1975-ci il fevralın 21-də Kəlbəcər rayonunun Milli kəndində anadan olub. Onun babaları 1918-ci ildə erməni zülmü üzündən Azərbaycanın qədim Dərələyəz mahalından qaçqın düşərək Kəlbəcərin Milli kəndində pənah gətiriblər. Rasim 1982-1990-cı illərdə Milli kəndə orta məktəbində təhsil alıb. Orta məktəbin son siniflərini isə Kəlbəcər şəhər 1 saylı orta məktəbdə oxuyub. O məktəbi bitirəndə Ermənistanın ölkəmizə qarşı işğalçılıq müharibəsinin ən qızğın vaxtları idi. Həmin mürəkkəb zamanda, 1992-ci ildə Rasim Azərbaycan Tibb Universitetinə qəbul olunur. Onun ailənin qismətinə daha bir didərginlik vardı. Ermənistan silahlı birləşmələri 1993-cü ilin 2 aprelində Kəlbəcəri işğal edəndə Rasimin ailəsi də isti ocağından qaçmalı olur.

 

Rasim 1998-ci ildə təhsilini başa vurur və 2000-ci ilə qədər Sumqayıt şəhər 1 nömrəli xəstəxanasında internatura (tibbi təcrübə) keçir. Həmin il könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin tibb xidmətində hərbi tibb qulluqçusu kimi xidmətə başlayır. 20052015-ci illərdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Terapiya şöbəsində çalışır, bir müddət sonra şöbənin rəisi olur. Xidmətinin 10 və 15 illiklərində uğurlu fəaliyyəti qiymətləndirilir, Qüsursuz xidmətə görə medalının 3-cü və 2-ci dərəcələri ilə təltif edilir. 2015-ci ildən 2016-cı ilin sonunadək Gəncədə yerləşən hərbi poliklinikada rəis vəzifəsində çalışan Rasim Abdullayev dördgünlük Aprel döyüşlərində müharibənin qaynar nöqtələrində olur, yaralı hərbçilərə yerindəcə tibbi yardım göstərir.

 

2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tibb xidmətinin rəisi vəzifəsinə təyin olunan Rasim Abdullayev 2020-ci ilin əvvəllərinə qədər bu vəzifəni yerinə yetirir. O daha sonra N saylı hərbi hissədə tibb bölüyünün komandiri vəzifəsinə təyin edilir və Vətən müharibəsi başlayana qədər burada fəaliyyət göstərir.

 

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayev də qızğın döyüşlərin getdiyi Hadrut qəsəbəsi istiqamətində yaralı hərbçilərə yardım göstərir. O, ailəsi ilə sonuncu dəfə noyabrın 9-da telefonla əlaqə saxlayır, özüişğaldan yeni azad olunmuş Şuşadan...

 

Müharibənin son saatlarında Şuşa istiqamətində qalmış yaralıların çıxarılması ilə bağlı komandanlıq tərəfindən tapşırıq gəlir. Rasim Abdullayev hərbi tibb maşını ilə Hadrut-Şuşa yoluna çıxır. Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində düşmənin pusqusuna düşürlər və ağır yaralanan Rasim Abdullayev şəhid olur. Fədakar həkim Bakıda II Şəhidlər xiyabanında torpağa tapşırılıb. Qəhrəman şəhidin Miryaqubİslam adlı oğulları yadigar qalıb.

 

Ölkə başçısının müvafiq sərəncamları ilə Rasim Abdullayev ölümündən sonra Vətən uğrunda, Şuşanın azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə, Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib.

 

Rasim Abdullayev sözə həmdəm idi. Poeziyanı çox sevir, özü də hərdən şeirlər qələmə alırdı. Şəhidimizin 40-dan çox şeiribir hekayəsi var. Şeirlərindən ikisini təqdim edirik.

 

 

Tələsmə, gələrəm günün birində...

 

Çatmır qulağıma səsin-sorağın,

Tutulub qulağım kar olub, gülüm,

Mən sənə könlümü verib gedəndən

Gen dünya başıma dar olub, gülüm.

 

Burda boğuluram həsrət içində,

Orda yaşayırsan necə, bilmirəm?!

Burda gecələrin biri bir ildi,

Orda ötüşürmü gecə, bilmirəm?!

 

Ayrıldıq xatirən qaldı yadımda,

O gündən üzümə qəm ələnibdi,

Getdiyin yollara düşən damcılar,

Mənim göz yaşımdı səpələnibdi.

 

Qoru o sevdanı, qoru bir az da,

Məsum körpə kimi saxla gəlincə.

Sevgimdən xatirə tər çiçək kimi

Qara saçlarına bağla gəlincə.

 

Tələsmə, gələrəm günün birində,

Gəlib qapınıza baxıb gedərəm.

Darıxıb yanına qayıtmaq üçün,

Təzədən orduya çıxıb gedərəm.

 

Ayrılıq yenə qismətim oldu,

Kor olmuş taleyim belədi, neynim?!

Qaralmış külüm göyə sovruldu,

Fələk öz bildiyin elədi, neynim?!

 

 

Bu sevdanın rəssamı kimdi?

 

Deyin, bu sevdanın rəssamı kimdi?

Gözün qarasına çəkilibdi.

Perik düşüb gülüşləri üzündən,

Zəncirdən qoluna bağ çəkilibdi.

 

Ayrılıq görəndi başı daşlılar,

Sizi ovudar, ey təlaşlılar?!

Yığılın başıma gözü yaşlılar,

Görək kimə belə dağ çəkilibdi?!

 

Aşiqi nadana güldürdü həsrət,

Qəlbə para-para böldürdü həsrət,

Rasimin cismini öldürdü həsrət,

Yaxşı ki, xəyalı sağ çəkilibdi

 

 

Dərdim taleyimə baldı yenə

 

Yenə ayrılıq, yenə nisgil,

Qəm məni qoynuna aldı yenə .

Yenə gözlərimdə yaş yaşı qovdu...

Alovlu baxışlar laldı yenə .

 

Xəyalım gəzsə şəhəri, kəndi,

Arzum dil açdı, ki dindi.

Sevincim, fərəhim zəhərə döndü,

Dərdim taleyimə baldı yenə .

 

Yenə duymuram baharı, qışı,

Rasiməm, qurumur gözümün yaşı.

Yenə göynədi qəlbimin başı,

Kim səni yadıma saldı yenə .

 

 

Dedim ürəyimi yadigar saxla

 

Demirəm bir daha sən yaşat məni,

O məni yaşadan günləri qaytar.

Həsrətin buzunu əritməz günəş,

O buzu yandıran gözləri qaytar.

 

məni yada sal, ki ağla,

Üst-üstə qalansın bu dağ, o dağla,

Dedim ürəyimi yadigar saxla,

Demədim sındırıb tez geri qaytar.

 

Rasiməm, zilidim indi bəməm mən,

Qəlbi para-para, gözü nəməm mən.

Onsuz da əzəldən dərd çəkənəm mən,

Sevinci apardın, kədəri qaytar.

 

 

Dağlar

 

Bir parça bayatı, bir parça layla,

Ver Tərtər gətirsin arana, dağlar.

Bir az da göz yaşı göndər ağlayım,

Səni and vermişəm Qurana, dağlar!

 

Bu ocaq köz salıb hisi ta çıxmır,

Bu necə itkidi, yası ta çıxmır,

O qədər hönkürüb səsi ta çıxmır,

Körpəsin itirən bir ana, dağlar.

 

Rasiməm, sevincim könüldən getdi,

Can candan ayrıldı, əl əldən getdi,

Perikdi yurdundan, el eldən getdi,

Axır ki, qaldınız viranə, dağlar.

 

 

Mədəniyyət.- 2021.- 30 iyun.- S.6.