Haaqada Xocalı qurbanlarının xatirəsinə abidə yeni məkanda

 

Niderland Krallığının Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin yeni məkanda açılış mərasimi keçirilib.

 

Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə fevralın 26-da keçirilən mərasimdə Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundov, Türkiyənin səfiri Şaban Dişli, Niderland parlamentinin deputatı Səlcuq Öztürk, Avropada fəaliyyət göstərən müxtəlif diaspor təşkilatlarının rəhbərləri, soydaşlarımız iştirak ediblər.

 

Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, abidənin önünə əklil və gül dəstələri qoyulub.

 

Azərbaycanın və Türkiyənin səfirləri, Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşqın, Haaqa məzarlığının müdiri Linda Jansen, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva və başqaları çıxış edərək Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşüblər. Onlar erməni cəlladları tərəfindən törədilmiş bu qətliamın bütün insanlığın faciəsi olduğunu, onun dəhşətlərinin heç vaxt unudulmayacağını bildiriblər.

 

Haaqa şəhərində Xocalı abidəsi 2008-ci ildə ucaldılıb. Bu, Azərbaycandan kənarda ucaldılan ilk belə abidədir. 2020-ci ildə daha çox ziyarətçinin eyni zamanda abidə ətrafında toplaşması, kütləvi anım mərasimlərinin keçirilməsi nəzərə alınaraq, abidə daha geniş əraziyə köçürülüb, ətrafı abadlaşdırılıb. Burada həmçinin Xocalı soyqırımı haqqında məlumatın yazıldığı mərmər lövhə qurulub.

 

Mədəniyyət.- 2021.- 3 mart.- S.8.