Azad etdiyimiz torpaqlardakı bulaqlara işarə qoyuram...”

 

Qanları, canları ilə Vətənin hər qarışını qoruyanlar. Özlərini xalqının gələcəyi üçün fəda edən mübarizlər. Tarix sizi unudarmı? Əsla! Cəsur kəşfiyyatçımız şəhid Ceyhun Mustafazadəni yada salırıq.

 

Mustafazadə Ceyhun Şükür oğlu 1997-ci il yanvarın 27-də Ağcabədi rayonunun Sarıcalı kəndində anadan olub. Sarıcalı kənd Müşfiq Uluxanov adına tam orta məktəbdə təhsil aldıqdan sonra Ağcabədi Pedaqoji Kollecinin Texnologiya müəllimliyi fakültəsinə qəbul olunub. Kolleci uğurla başa vuraraq hərbi xidmətə yollanır. Naxçıvandakı N saylı hərbi hissədə kəşfiyyatçı kimi xidmətə başlayır.

 

Ceyhunda hələ məktəbli illərindən hərbi geyimə bir aşiqlik var idi. Əsgər geyimində özünü rahat, qürurlu hiss edirdi. O, 2018-ci ilin may ayında Günnüt əməliyyatında iştirak edir. Ordumuzun qəhrəmanlığı sayəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya və Qaraqaya dağları düşməndən azad olunur. Göstərdiyi şücaətə görə Ceyhun da Müdafiə Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilir.

 

Ceyhun Mustafazadə 2019-cu ilin yanvarında hərbi xidmətini başa vurub evə qayıdır. Lakin o, hərbçi olmalı idi. Daxilindəki bu istək hətta təhsil aldığı müəllim peşəsinə üstün gəlir. 2020-ci ilin yanvar ayında müddətdən artıq həqiqi hərbi xidmətə başlayır. Daha sonra xidmətini kəşfiyyatçı kimi davam etdirir. 27 sentyabrda Vətən müharibəsi başlayanda minlərlə igidimiz kimi Ceyhun da döyüşlərə qatılır.

 

Şəhidin atası, Birinci Qarabağ müharibəsi qazisi Şükür Adilov söyləyir ki, Ceyhunla sonuncu dəfə danışdıqları zaman o, “Düşmənin dizini yerə qoymuşuq, çox keçməz ki, bayraq qaldıracaqlar”, demişdi. Yüksək əhval-ruhiyyə içində danışan Ceyhun evdəkilərə narahat olmamalarını tapşırırdı”.

 

Murovdağ yüksəkliyi, Cəbrayıl, Füzuli, Ağdərə istiqamətində döyüşlərdə iştirak edir, “Mübariz İbrahimov postu” və başqa yüksəkliklərin alınmasında şücaət göstərir. Cəsur kəşfiyyatçı oktyabrın 10-da Tərtərin Suqovuşan kəndi istiqamətində döyüşlərdə düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olur.

 

Şükür Adilov: “Ceyhun deyirdi ki, ata, azad etdiyimiz torpaqlarda çox gözəl bulaqlar var. Gördüyüm bulaqların hamısının üstünə işarə qoyuram. Torpaqlarımız azad olunandan sonra gəlib həmin bulaqları gəzərik... Nə deyim? Qismət belə imiş. Allah Ceyhunabütün şəhidlərimizə rəhmət eləsin”.

 

İndi şəhid Ceyhun Mustafazadənin təhsil aldığı Ağcabədi Pedaqoji Kollecində onun xatirəsinə guşə yaradılıb. Həmin guşədə onun fotoları, vaxtilə lentə aldığı videokadrlar və çantasından tapılan qeydlər nümayiş olunur. Ceyhunun qeydlərinin birində “Şəhid olsam, ağlamayın, çünki həmin an mən gülürdüm”, – deyə yazılır. Bu da onu göstərir ki, minlərlə igidimiz kimi Ceyhun da ölümə meydan oxuyub, gözlərini qırpmadan şəhadətə yürüyüb.

 

Ceyhun 44 günlük Vətən müharibəsinin 16 günündə döyüşə bilsə də, qəhrəman hərbçi yoldaşları onun da qısasını aldılar, ərazi bütövlüyümüzü bərpa etdilər. Müharibənin gedişində atasına dediyi kimi, düşmən qüdrətli Ordumuzun qarşısında aciz qalaraq bayraq qaldırmağa məcbur oldu...

 

Ceyhun Mustafazadə oktyabrın 12-də Sarıcalı kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Ruhu şad olsun.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2021.- 3 mart.- S.5.