Şirvanşahlar sarayına 360 dərəcəli virtual səyahət

Martın 2-də Şirvanşahlar Sarayı Kompleksində kompleksin 360 dərəcəli 3D modelininbu model üzrə təşkil olunan virtual turların təqdimat mərasimi keçirilib.

 

Tədbiri İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova açaraq layihənin həyata keçirilməsində əsas məqsədin insanların məsafəli şəkildə İçərişəhərdəki muzey və ekspozisiyaları ziyarət edə bilməsi, həmçinin təhsil müəssisələrinin Azərbaycan tarixinin, memarlığının və incəsənətinin öyrənilməsində əyani nümunə kimi muzey təcrübəsindən istifadəsinin olduğunu bildirib.

 

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov qeyd edib ki, idarənin və Almaniyanın EKM Global Consulting GMbH şirkəti İçərişəhərin məşhur tarixi-memarlıq abidələrinin 360 dərəcəli 3D virtual modellərinin hazırlanması istiqamətində əməkdaşlıq edir. Vurğulayıb ki, bu istiqamətdə ötən il sentyabrın 11-də tərəflər arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb.

 

Sonra EKM Global Consulting GMbH şirkətinin rəhbəri Elşən Musayev, mədəni irs üzrə startaper Səbinə Zülalova çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.

 

Sonda Şirvanşahlar Sarayı Kompleksinin 360 dərəcəli 3D modelivirtual turu təqdim edilib.

 

Mədəniyyət.- 2021.- 3 mart.- S.3.