Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfəri davam edir

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 28-də Türkiyə Respublikasına səfərə gedib.

 

Nümayəndə heyətinə nazirlik Aparatının rəhbəri Vasif Eyvazzadə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri daxildir.

 

Fevralın 28-də Ankarada nümayəndə heyətinin Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba Toplumlar Başqanlığının (YTB) rəhbəri Abdullah Ərən ilə görüşü olub.

 

Görüşdə xaricdə yaşayan türklərlə azərbaycanlılar arasında əlaqələrin gücləndirilməsi ilə bağlı layihələr, mədəniyyət və irs sahəsində təhsil proqramları, mədəni əlaqələrin genişləndirilməsi, mədəni irsin qorunması və digər sahələrdə təcrübə mübadiləsi ilə bağlı söhbət aparılıb.

 

Tərəflər arasında qarşılıqlı kitablar hədiyyə olunub.

 

Sonda Anar Kərimov səmimi görüşə görə təşəkkürünü bildirib və mədəniyyət naziri kimi ilk səfərinin qardaş Türkiyəyə gerçəkləşməsindən məmnunluğunu ifadə edib.

 

 

***

 

 

Martın 1-2-də səfər proqramına uyğun olaraq Ankarada görüş və tədbirlər keçirilib, iki ölkə arasında mədəni əməkdaşlığa dair sənədlər imzalanıb.

 

Martın 3-də səfər proqramı İstanbulda davam edəcək. Nümayəndə heyəti Maltəpə Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət Mərkəzində Xalq rəssamı Mikayıl Abdullayevin 100 illiyinə həsr olunmuş sərginin açılışına, Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyi münasibətilə Mask-Kara teatrı tərəfindən hazırlanmış Kimdir müqəssir? tamaşasının premyerasına qatılacaq.

 

 

Mədəniyyət.- 2021.- 3 mart.- S.1.