Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının iclası

Martın 1-də Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının iclası keçirilib. İclasa Azərbaycan Respublikası tərəfdən Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə, Türkiyə tərəfdən Mədəniyyət və Turizm Nazirliyi Kino Müdiriyyətinin rəhbəri Erkin Yılmaz sədrlik edib.

 

İclasda mədəni irs, kitabxana, musiqi, teatr, muzey və mədəni sərvətlər, kino və digər sahələr üzrə müzakirələr aparılıb və əməkdaşlıq məsələləri ilə bağlı müvafiq razılıq əldə edilib. Müzakirə olunan və razılaşdırılan məsələlər Birgə Komissiyanın iclasının yekun protokolunda əksini tapıb.

 

Protokolda müasirklassik əsərlərin tərcüməsinin və çapının təşviq edilməsi, teatr, kino, musiqi və digər sahələr üzrə festivallarda qarşılıqlı iştirak, eləcə də birgə festivalların təşkili, qarşılıqlı sərgilər sahəsində əməkdaşlıq məsələləri əksini tapıb. Yaradıcı sənayelər (teatr, musiqi, muzey, kino, nəşriyyat, qeyri-maddi mədəni irss.) sahəsində rəqəmsallaşdırma və yeni idarəetmə üzrə əməkdaşlıq və təcrübə mübadiləsi, muzey işi üzrə təhsildə əməkdaşlıq mövzusunun araşdırılması məsələlərinə də sənəddə yer verilib.

 

Protokolda həmçinin mədəni sərvətlərin qorunması, qarşılıqlı elmi tədqiqat və bərpa-konservasiya işinin aparılması, qeyd olunan sahələrdə təcrübə mübadiləsi, texnikiekspert dəstəyinin göstərilməsi, həmçinin mədəni sərvətlərin qaçaqmalçılığının qarşısının alınmasında və qanunsuz olaraq xaricə çıxarılmış mədəni sərvətlərin qaytarılması məsələlərində qarşılıqlı dəstək kimi məsələlər əksini tapıb.

 

Bundan əlavə, sənəd hər iki ölkədə təşkil olunan kitab sərgi-yarmarkalarında, seminarkonfranslarda, qarşılıqlı iştirak, müəlliflərin səfərlərinin təşviqi, kitabxanaçılıq sahəsində təcrübə mübadiləsi, habelə ortaq mədəni dəyərlərin və görkəmli şəxsiyyətlərin irsinin təbliği istiqamətində qarşılıqlı fəaliyyəti ehtiva edir. UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyasının əhatə etdiyi birgə çoxmillətli sənədlərin sayının artırılması və qeyri-maddi mədəni irsin qorunması üçün əməkdaşlığın genişləndirilməsi də iclasın protokolunda əksini tapıb.

 

Həmçinin Azərbaycan və Türkiyə arasında Mədəniyyət üzrə əməkdaşlıq Protokolunun imzalanması üçün zəruri işlərin görülməsi və Birgə Komissiyanın növbəti iclasının 2022-ci ildə Azərbaycanda keçirilməsi barədə razılıq əldə olunub.

 

Mədəniyyət.- 2021.- 3 mart.- S.3.