Ustad aşığın yeni kitabı

 

Əməkdar mədəniyyət işçisi, ustad aşıq Əli Quliyevin (Urfan Əli) yeni kitabı işıq üzü görüb.

 

Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, dövrümüzdə klassik aşıq ənənələrini böyük ustalıqla yaşadan, sənətkarlıq xüsusiyyətləri ilə seçilən Urfan Əli həm də bədii yaradıcılıqla məşğul olur. İndiyədək bir neçə kitabı işıq üzü görmüş ustadın 75 illik yubileyi ərəfəsində çap olunmuş bu kitabda onun aşıq şeirinin müxtəlif formalarında qələmə aldığı yaradıcılıq nümunələri ifa etdiyi aşıq havaları qədər könüloxşayanşirin olan gəraylı, qoşma, divani, təcnis, müxəmməs və s. şeirləri yer alıb. Kitabda həmçinin aşığa həsr olunmuş məqalə və şeirlərə də yer verilib.

 

Elm və təhsil nəşriyyatında nəfis tərtibatla çap olunmuş Eşqsiz insanın qəlbi boş olar adlı kitabın məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır.

 

Mədəniyyət.-2021.- 5 mart.- S.6.