Kino və şəxsiyyət

 

Ağadadaş Qurbanov-110

 

Sosial mühitin düşüncə tərzinin, estetik zövqünün formalaşmasında, cəmiyyətin mənəvi inkişafında kinematoqrafın rolu böyükdür. Vizual ədəbiyyatda (kinoda) bədii obrazları (əsasən) estetik fikirlərin fövqündə püxtələşdirən, ətraf aləmi müdrik düşüncələrində təhlil edən söz, sənət sahibləri məhz bu mənada kinonu əzəmət ölçüsü olaraq sevdirməyə nail oldular.

 

Azərbaycanda peşəkar teatrın yaranması, formalaşması daha sonra istedadlı kinoaktyor nəslinin yetişməsinə səbəb oldu. Ustad sənətkarların geniş yaradıcılıq imkanları cəmiyyətin mənəvi həyatının inkişafına təkan verən ekran əsərlərinin sayının artmasına imkan yaratdı.  

 

Respublikanın Xalq artisti, görkəmli teatrkino aktyoru Ağadadaş Qurbanov (1911-1965) da sənətini mənəvi məsuliyyət borcu olaraq  inkişaf etdirdi, müxtəlif dövr insanlarının həyat hekayələrini sosial narahatlıq nöqteyi-nəzərindən, həmçinin hadisələrə cavabdehlik qismində tamaşaçıya çatdırdı və sevdirdi. Unudulmaz sənət fədaisinin anadan olmasının 110 illiyi ərəfəsində sənət və həyat yoluna qısa ekskurs edək.

 

 

 

Sənət missiyası

 

 

 

Ağadadaş Qurbanov erkən yaşlarından narahat dünyanın təşviş və həyəcanını duyan, mürəkkəb həyat hadisələrinin şərhini sənət missiyasının əsas qayəsinə çevirən aktyorlardandır.

 

1927-ci ildə başda Ağadadaş Qurbanov olmaqla 14-16 yaşlı Muxtar Dadaşov, Məmmədağa Dadaşov, Kərim Həsənov və başqaları Dənizçilər klubunda Lətif Kərimlinin “Fırtına” pyesinin tamaşasını hazırlayaraq teatr həvəskarlarına təqdim etdilər. Bu tamaşa ilə Bakıda Fəhlə Uşaqlar Teatrının bünövrəsi qoyuldu. Ağadadaş Qurbanovun qızı, Əməkdar incəsənət xadimi, kino rəssamı Firəngiz Qurbanova  atasının sənət fədakarlığını böyük məmnunluq hissi ilə xatırlayaraq deyir: “Atamın səhnəyə məhəbbəti hələ uşaq yaşlarından olub. Onun aktyorluq qabiliyyətindən əlavə həm də çox gözəl səsi vardı. Sənətə olan marağına görə hələ gənc yaşlarından bir qrup gənclə tamaşalar səhnələşdirib. Hətta həmin tamaşaları göstərmək üçün yer olmadığından onlar çıxışlarını küçə və meydanlarda  etməli olublar. Bir müddətdən sonra yaratdıqları qrup şəhər hakimiyyəti tərəfindən bir otaq almağa müvəffəq olub. Beləliklə, tamaşa qoymaq üçün bina aldıqdan sonra Gənc Tamaşaçılar Teatrı yaranıb. Onu da qeyd edim ki, atam və teatrın üzvləri gənc olmalarına baxmayaraq yerli, həmçinin dünya klassiklərindən Jan Batist Molyer, Fridrix Şiller və digər bu kimi nəhəng dramaturqların əsərlərini səhnələşdiriblər. Atam Gənc Tamaşaçılar Teatrında işlədiyi dövrdə bütün tamaşalarda baş rolda çıxış edib, hər dəfə də zalda anşlaq olub. Fitri istedadı, gözəl səhnə nitqi pərəstişkarlarının sayını günü gündən artırıb. Buna görə də yaradıcılığındakı uğurlar tez bir zamanda layiqincə qiymətləndirilib. Əməkdar artist adına 24 yaşında layiq görülüb”.

 

 

 

“Şəxsən onun özü üçün film çəkərdim”

 

 

 

Kinematoqrafın yaranması müxtəlif dövr hadisələrinin vizual tədqiqinə, insan psixologiyasının, həyat mövqeyinin təhlil obyektinə çevrilməsinə imkan yaratdı. Hadisələrin və xarakterlərin təhlilinə səmtlənən maarifləndirici ekran təhkiyəsi mənəvi-əxlaqi mühitin dirçəlişində də mühüm rol oynadı. Ağadadaş Qurbanov kimi sənət fədailərinin yaradıcılıq mücadiləsi (cəhalət və zülmün dəfi istiqamətində) cəmiyyətin təfəkkürünün yüksəlişinə, inkişafına təkan verdi.    

 

Kinoda debütü 30 yaşında (“Səbuhi” filmi, 1941) edən aktyorun yaratdığı uğurlu kino obrazı (A.Bakıxanov) genişplanlı, xarakterik rollara dəvət almasına imkan yaratdı. Teatrda kifayət qədər nüfuz qazanan aktyor 10-a yaxın filmdə, o cümlədən “Qızmar günəş altında” kinopovestində Professor, “Bir qalanın sirri” fantastik-macəra filmində Usta, “Koroğlutarixi-bioqrafik filmində Həsən xan, “Bizim küçə” kinodramında Bəhram, “Telefonçu qız” filmində Zakirin atası kimi müxtəlif rollar oynadı. Kiçikplanlı rolu belə filmin aparıcı qüvvəsinə çevirən aktyorun potensialından kinoda az istifadə olunmasının səbəbini isə sənətkarın qızı atasının teatr fəaliyyətinin çoxluğu ilə əlaqələndirir:

 

Teatr səhnəsi atamın həyatının böyük sevgisi idi. Çünki hər tamaşada məharətini, improvizasiya qabiliyyətini göstərmək imkanı olurdu. Bunu isə kinoda etmək mümkün deyildi. Bəlkə də buna görə filmlərdəki rolunu səsləndirməyi sevmirdi. Onun kino obrazlarını həmişə başqa aktyorlar səsləndirirdi. O, bütün daxili aləmi ilə teatra bağlanmışdı və bu sənətin ustadı idi. Amma kino obrazlarını da xüsusi orijinallıqla təqdim edirdi. Maraqlı bir epizodu qeyd edim. “Koroğlufilminin müəyyən hissələri Moskva kinostudiyasının pavilyonunda çəkilib. Bir dəfə Həsən xanın sarayındakı epizodu atam oynayanda görkəmli sovet kinorejissoru, SSRİ Xalq artisti İvan Aleksandroviç Pıryev də həmin gün pavilyonda olub. Çəkilişdən sonra İvan Pıryevin Həsən xan rolu ilə bağlı dediyi sözləri atama çatdırıblar. O, çəkiliş zamanı bildirib ki, mənim belə bir aktyorum olsaydı, şəxsən onun özü üçün film çəkərdim”.

 

Ağadadaş Qurbanov mütərəqqi biliyi, qabaqcıl həyat yolu, zəngin peşə təcrübəsi ilə Azərbaycan sənət dünyasına şöhrət gətirən sənətkarlarımızdandır. Onun kino obrazlarının az olması təəssüf doğurur. Bununla belə, aktyorun ekran personajlarını yaşarı təqdim etməsi filmlərin ümumi ideyasının tamamlanmasına zəmin yaradıb, müxtəlif dövr insanının xarakterini göstərməyə müvəffəq olub. Yaradıcılığı bilavasitə teatrla bağlı olan sənətkar kinoda ona həvalə olunan komik, tragik, dramatik rolların öhdəsindən bacarıqla gəlib.

 

Kinorejissor Kamil Rüstəmbəyovun məşhur Argentina yazıçısı Osvaldo Draqunun əsəri əsasında ekranlaşdırdığı “Zəncirlənmiş adam” (1964, qısametrajlı film) kinodramında Ağadadaş Qurbanovun monoifasında Qərb dünyasının (XIX əsrin sonlarında) kapitalist cəmiyyətinin zülmünə məruz qalan Alvardonun həddən artıq acınacaqlı, təhqir olunan taleyini izləyir, ümumiləşdirilmiş ekran obrazının təsviri fonunda sosial faciənin nəticəsini görürük. Fərqli üslubçalarda kino rollarını təqdim edən aktyor həmin ildə çəkilişlərinə başlanılan “Arşın mal alan” (ekranlara çıxma tarixi 1965) kinokomediyasında Soltan bəy obrazının komik cəhətlərini səciyyələndirib. Fərqli xarakterli ekran personajlarının realist təqdimatı  aktyordan peşə bilgisi, sevgisi ilə yanaşı gərgin zəhmət və bacarıq tələb edirdi. Firəngiz xanım bu kimi məqamla bağlı olaraq vurğulayır ki, fərqli rolları yaratmaq atam üçün heç də çətin deyildi: “Əksinə, bir-birinə zidd obrazları eyni vaxtda yüksək ustalıqla oynamaq ona hədsiz zövq verirdi. Çox təəssüf ki, belə sevincli yaradıcılıq prosesi onun ömrünün son ilində baş verirdibu filmləri görmək ona nəsib olmadı”.

 

 

 

Sənətdə şəxsiyyət amili

 

 

 

Ağadadaş Qurbanovun kino obrazlarının xarakterik sima və cəhətləri hər biri ayrı-ayrılıqda təhlil obyekti kimi əhatəlidir, maraqlıdır. İrili-xırdalı diqqətçəkən ekran personajlarının səciyyəvi xüsusiyyətləri aktyorun həyat mövqeyinin, fərdi təfəkkür və  münasibətinin tonuna kökləndiyindən məqsəd və düşüncəsi yaradıcılığında aydın şəkildə şərh olunub. Rollarının mövqe aydınlığı isə aktyorun bilavasitə şəxsiyyət amilinin yüksəkliyindən, tamlığından, aliliyindən vüsət alıb. Fikrimizi Firəngiz xanımın kövrək xatirələri bir daha təsdiqləyir: 

 

Atam həyatda çox mehriban, xeyirxah ürəkli, hamı ilə sadə davranan səmimi insan idi.  Gənc Tamaşaçılar Teatrından (1952) Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət alanda, baxmayaraq ki, çox məşhur aktyor idi, hər zaman diqqəti rollarında olurdu, bununla belə, orada işləyən işçi personalını da öz adları ilə tanıyırdı. Mən hələ uşaqlıqdan onun dahi dramaturq Hüseyn Cavidə hədsiz pərəstiş etdiyinin şahidi olmuşam. Heç yadımdan çıxmaz, bir dəfə Şeyx Sənan rolunu oynayan aktyor qəfildən xəstələnmişdi. Atam Şeyx Mərvan rolunu  oynayırdı, bununla belə cəsarətlə həmin aktyoru əvəz etdi. Bu ekspromt çıxışı həm də onun çox iti hafizəsi olduğunu göstərdi. O, bu rolun öhdəsindən elə məharətlə gəldi ki, bundan sonra Şeyx Sənanı oynamağı ona tapşırdılar.

 

Bütün yaradıcılıq dövründə ən böyük arzusu Otellonu oynamaq olub, amma bu rolu oynamaq ona qismət olmayıb. O, “Azdramaya dəvət alanda mənim doqquz yaşım var idi. Yadımdadır, uşaq vaxtı o, mənə Xalq artisti Abbas Mirzə Şərifzadənin fotosunu göstərərək dedi ki, yadında saxla bu böyük insanı. Kimsə, nə vaxtsa, bu insanın düşmən olduğunu söyləsə, inanma! Mən sonralar anladım ki, atam qanlı repressiya illərindən bəhs edirmiş. Cəfər Cabbarlının əsərlərini çox sevirdi. Hətta Aydın obrazını Gənc Tamaşaçılar Teatrının səhnəsində çox gözəl oynamışdı.

 

Atamın dəfn mərasimini heç vaxt unutmaram. Belə bir mənzərə heç təsəvvür etməmişdim. Minlərlə Bakı sakini teatrın qarşısına toplaşmışdı. Küçələr adamlarla dolu idi. Onun cənazəsini çiyinlərində apardılar. Böyük bir izdiham var idi. Xalq cənazənin arxasınca Fəxri xiyabana qədər getdi. Bu, insanların atama olan sevgisinin təzahürü idi”.

 

Şəhla ƏMİRLİ

kinoşünas

 

Mədəniyyət.-2021.- 5 mart.- S.7.