Kino sənayesi Azərbaycan-Türkiyə mədəni əməkdaşlığının mühüm istiqaməti ola bilər

Azərbaycan və Türkiyə arasında mədəni əməkdaşlığın geniş potensiala malik istiqamətlərindən birikino sənayesi, birgə festivalların təşkili, filmteleviziya seriallarının istehsalı sahəsidir. Lakin indiyədək bu potensialdan olduqca az istifadə olunub.

 

Məsələ Mədəniyyət Nazirliyi nümayəndə heyətinin qardaş ölkəyə səfəri gedişində diqqət mərkəzində olub. Martın 1-də Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının iclasının yekunlarına dair imzalanan protokolda bu məqam da əksini tapıb.

 

Həmin gün mədəniyyət naziri Anar Kərimovun TRT-ni ziyarəti zamanı bu mövzu da diqqətə alınıb. Nazirin TRT İdarə Heyəti başqanı və baş müdir İbrahim Eren ilə görüşündə fikir mübadiləsi aparılıb.

 

Anar Kərimov TRT Haber kanalına müsahibəsində iki ölkənin kino sahəsində geniş əməkdaşlıq planlarının olduğunu vurğulayıb. 30 il işğal altında olan torpaqlarımızı azad etdikdən sonra qəhrəman əsgərlərimizin şücaətini kino ilə daha təsirli səviyyədə göstərmək üçün fəaliyyətə başlamışıq, deyə mədəniyyət naziri bildirib.

 

Qeyd edilib ki, bu mövzuda keyfiyyətli filmlərə ehtiyac var: Bu məqsədlə türk qardaşlarımız və istehsalçı şirkətlər ilə ortaq layihələr həyata keçirmək istəyirik. Azərbaycan Türkiyənin bu sahədəki təcrübələrini öyrənərək istifadə edəcək.

 

Türkiyə tərəfi də bu sahədə işbirliyinə böyük önəm verir. Türkiyə Prezidenti aidiyyəti qurumlara Azərbaycanla birgə Qarabağ Zəfəri, Qafqaz İslam Ordusu və Xocalı faciəsi kimi tarixi hadisələr haqda birgə serialfilm layihələrini həyata keçirmək barədə tapşırıq verib. Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun Ankarada Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşündə bildirib.

 

Film sənayesi sahəsində əməkdaşlığın perspektivləri martın 3-də İstanbul Kino Muzeyində Türkiyənin aparıcı kino şirkətlərinin nümayəndələri ilə görüşdə daha ətraflı müzakirə olunub.

 

Mədəniyyət naziri Anar Kərimovun və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Demircanın iştirak etdiyi görüşdə müvafiq fəaliyyət istiqamətləri və birgə layihələrlə bağlı fikir mübadiləsi aparılıb. Kino sektoru təmsilçiləri ilə qarşılıqlı işbirliyi mövzularını müzakirə etdik, deyə Türkiyə mədəniyyət və turizm nazirinin müavini Twitter səhifəsində paylaşımında qeyd edib.

 

Mədəniyyət.-2021.- 5 mart.- S.2.