İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüş

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri martın 3-də İstanbulda davam edib.

 

İstanbul şəhəri Maltəpə Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət Mərkəzində mədəniyyət nazirinin Türkiyədə yaşayan və fəaliyyət göstərən bir qrup azərbaycanlı incəsənət xadimi ilə görüşü keçirilib.

 

Görüşə Xalq artisti, dirijor, İstanbul Konservatoriyasının müəllimi Ramiz Məlikaslanov, Xalq artisti, tanınmış balaban ifaçısı Əlixan Səmədov,  Əməkdar incəsənət xadimi, dirijor Elşad Bağırov, Əməkdar incəsənət xadimi, rəssam, İstanbul Yedditəpə Universitetinin müəllimi Teymur Rzayev, Əməkdar incəsənət xadimi, İstanbul Şəhər Bələdiyyə Teatrının rejissoru Məlahət Abbasova, Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əziz, Əməkdar rəssam Yaşar Zeynalov, Əməkdar artist, pianoçudirijor Turan Manafzadə, “BengüTürk” kanalında “Azərbaycan rüzgarı” proqramının müəllifi Səidə Ömər, gənc musiqiçilər Müşfiq Quliyev, İsmayıl Zeynalov və başqaları – 15-dək sənətçi soydaşımız qatılıb.

 

Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva da iştirak ediblər.

 

Tədbirdə çıxış edən Anar Kərimov nazir kimi ilk səfərinin qardaş Türkiyəyə təşkil edilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Ölkələrimizin çoxtərəfli sıx əlaqələrinin mədəniyyət sahəsini də əhatə etdiyini vurğulayan nazir bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu bildirib. Səfər zamanı keçirilən görüşlərdə iki ölkə arasında birgə layihələrin gerçəkləşdirilməsi, o cümlədən kino sahəsində əməkdaşlıq məsələlərinin gündəmə gəldiyini diqqətə çatdıran nazir bu mövzunun Türkiyənin kino sənayesi nümayəndələri ilə ətraflı müzakirə olunacağını deyib.

 

Görüşdə azərbaycanlı incəsənət xadimlərinin qardaş ölkədə yaradıcılıq və pedaqoji fəaliyyəti, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği istiqamətində görülən işlər, Azərbaycan Mədəniyyət Nazirliyinin də dəstəyi ilə reallaşa biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.

 

Nazir azərbaycanlı incəsənət xadimlərinin fikir və təkliflərini dinləyib, ortaya çıxan bəzi problemlər və onların həlli yolları barədə müzakirələr aparılıb.

 

Xatırladaq ki, mədəniyyət nazirinin Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı  incəsənət xadimləri ilə daha bir görüşü martın 2-də TÜRKSOY-un qərargahında olmuşdu.

 

Mədəniyyət.-2021.- 5 mart.- S.2.