İstanbulda Mikayıl Abdullayev sənətinin inciləri sərgilənib

Təsviri sənətimizin görkəmli nümayəndəsinin qardaş ölkədə sərgisinin açılması qürurvericidir

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfər proqramı martın 3-də İstanbulda keçirilən tədbir və görüşlərlə yekunlaşıb.

 

Səfərin sonuncu günü nümayəndə heyəti İstanbul şəhəri Maltəpə Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət Mərkəzində Azərbaycanın Xalq rəssamı Mikayıl Abdullayevin anadan olmasının 100-cü ildönümü münasibətilə təşkil olunan sərginin açılış mərasimində iştirak edib.

 

Sərgi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un təşkilatçılığı, Türkiyə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycanın Türkiyədəki Səfirliyi, Maltəpə Bələdiyyəsi və Azərbaycan Milli Kitabxanasının dəstəyi ilə ərsəyə gəlib.

 

Nizami Gəncəvi İli çərçivəsində gerçəkləşən sərgidə Mikayıl Abdullayevin dahi şairin Xəmsəsinin motivləri əsasında çəkdiyi rəsmlərin və məşhur mozaik tabloların fotoreproduksiyaları da nümayiş olunub. Qeyd edək ki, sözügedən mozaik tablolar Bakı metrosunun Nizami stansiyasının divarlarını bəzəyir.

 

Sərginin simvolik açılış lentini TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, mədəniyyət naziri Anar Kərimov və Maltəpə Bələdiyyəsinin başqanı Əli Kılıç kəsiblər.

 

Açılış mərasimində çıxış edən Azərbaycanın Əməkdar rəssamı, İstanbul Yedditəpə Universiteti İncəsənət fakültəsinin müəllimi Teymur Rzayev müəllimi Mikayıl Abdullayevin yaradıcılığı haqqında danışıb, sərginin təşkili üçün başda TÜRKSOY olmaqla bütün qurumlara, əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

 

Tədbir iştirakçılarını salamlayan TÜRKSOY-un Baş katibi Düsen Kaseinov sənət adamlarının özlərindən sonra qoyub getdikləri mədəni mirasın yaşadılmasının vacibliyini vurğulayıb. Onların yaratdığı əsərlərin zaman keçdikcə dəyərinin daha da artdığını bildirən Düsen Kaseinov sərginin Türkiyədə yaşayan rəssamların şəxsi kolleksiyalarından olan əsərlərin də əsasında hazırlandığını deyib.

 

Mikayıl Abdullayev yaradıcılığını zamana səyahət kimi dəyərləndirən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Bakı Dövlət Universitetində oxuduğu illərdə kirayə qaldığı evdən dərsə gedərkən yolunun metronun Nizami stansiyasından keçdiyini və demək olar ki, hər gün Mikayıl Abdullayevin Nizami yaradıcılığını əks etdirən ecazkar əsərlərini seyr etdiyini xatırlayıb.

 

Mədəniyyət naziri Anar Kərimov çıxış edərək Azərbaycan rəssamlıq məktəbinə böyük töhfə verən Mikayıl Abdullayevə həsr olunan sərginin məhz qardaş Türkiyədə açılmasının qürurverici olduğunu deyib. Bildirib ki, Bakı metrosunun Nizami stansiyasındakı mozaik miniatürlər Azərbaycan mədəniyyətinin ən görkəmli sənət əsərlərindən biridir və hər bir azərbaycanlı üçün çox dəyərlidir. Azərbaycan xalqı və dövləti tərəfindən Mikayıl Abdullayev yaradıcılığına verilən yüksək qiyməti vurğulayan Anar Kərimov tədbirin təşkili və ümumilikdə Azərbaycan sənət xadimlərinin dünyada tanıdılmasında göstərdiyi səylərə görə TÜRKSOY-a təşəkkürünü bildirib.

 

Mərasimdə rəssam Teymur Rzayev şəxsi kolleksiyasından müəllimi Mikayıl Abdullayevin əl işi olan bir əsəri Qarabağda qızmar gün adlı tablosunu Şuşada açılacaq muzeylərdən birinə hədiyyə olaraq mədəniyyət naziri Anar Kərimova təqdim edib.

 

Sonra sərgiyə baxış olub.

 

Mədəniyyət.-2021.- 5 mart.- S.1;3.