Nümayəndə heyəti üzvlərinin işgüzar görüşləri

 

Mədəniyyət Nazirliyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində heyət üzvlərinin ayrı-ayrı sahələr üzrə  əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi və təcrübə mübadiləsi məqsədilə müvafiq qurumlarda işgüzar görüşləri də keçirilib.

 

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Serkan Kayalarla görüşüb. Görüşdə Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli və TİKA-nın Aparat rəhbəri Samet Kapısız da  iştirak edib.

 

Görüşdə mədəni irsin qorunması, bərpası sahəsində əməkdaşlıq, təcrübə mübadiləsinin aparılması istiqamətində fikir mübadiləsi aparılıb. İki ölkə arasında mədəni irs sahəsində əməkdaşlığın geniş perspektivlərinin olduğu vurğulanıb. Qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 

***

 

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli Ankarada Yunus Əmrə İnstitutunun rəhbəri Şərəf Atəş ilə görüşüb.

 

Görüşdə iki qardaş ölkənin zəngin mədəni irsinin təbliği, habelə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzilə təlimlərin təşkili sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Mərkəzin bu sahədə Türkiyənin təcrübəsindən yararlanmaq, eləcə də texniki dəstəyin göstərilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

 

***

 

Nazirliyin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri vəzifəsini icra edən Nərgiz Abdullayeva Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mədəni sərvətlər və muzeylər üzrə baş müdir müavini Yəhya Coşqun, eləcə də Rahmi Koç Muzeyi, Anadolu Mədəniyyətlər Muzeyinin nümayəndələri ilə işgüzar görüşlər keçirib.

 

Görüşlərdə Türkiyə ilə muzey sahəsində əməkdaşlığın inkişafı, muzey əşyalarının qorunması, elmi tədqiqatı, muzeylərin maarifləndirici xüsusiyyətləri və təhsildə rolu, birgə sərgilərin təşkili məsələləri barədə fikir mübadiləsi aparılıb, iki ölkənin muzeyləri arasında təcrübə mübadiləsinin aparılması, birgə sərgilərin təşkili ilə bağlı razılıq əldə edilib.

 

N.Abdullayeva Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Anadolu Mədəniyyət Sahibkarlığı (Anadolu Kültürel Girişimcilik) şirkətinin nümayəndələri ilə də görüşüb. Şirkət Türkiyənin 180-dən artıq muzeyinin mağazalar şəbəkəsini özündə birləşdirir və bu muzey-mağazaların ticarət əlaqələrinin genişləndirilməsi işini uğurla həyata keçirir.

 

Mədəniyyət.-2021.- 5 mart.- S.3.