Mask-Kara teatrında Kimdir müqəssir?

Əbdürrəhim bəy Haqverdiyevin əsəri ilk dəfə Türkiyə səhnəsində

 

Martın 3-də İstanbulda, Maltəpə Bələdiyyəsinin Türkan Saylan Mədəniyyət Mərkəzinin səhnəsində Azərbaycanın görkəmli dramaturqu Əbdürrəhim bəy Haqverdiyevin Kimdir müqəssir? tamaşasının premyerası olub. Səhnə əsəri ədibin anadan olmasının 150 illiyi münasibətilə Mask-Kara teatrı tərəfindən hazırlanıb.

 

Premyeranı mədəniyyət naziri Anar Kərimov, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Maltəpə Bələdiyyəsinin başqanı Əli Kılıç , Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin üzvləri, azərbaycanlı incəsənət xadimləri, yerli sənətsevərlər izləyiblər.

 

1994-cü ildə qurulan Mask-Kara teatrı repertuarında müxtəlif yerli əcnəbi müəlliflərin əsərlərinə yer verir. Ötən müddətdə kollektiv uşaq tamaşaları da daxil 50-dək səhnə əsəri hazırlayıb. Mask-Karanın təsisçiliyi ilə 2007-ci ildən aylıq Teatr qəzeti nəşr olunur. Teatrın reperuarında ilk dəfə azərbaycanlı müəllifin əsəri yer alıb. Müasir teatr estetikasında hazırlanan Kimdir müqəssir? tamaşası maraqla qarşılanıb.

 

Tamaşanın yaradıcı heyətinə TÜRKSOY Maltəpə Bələdiyyəsi adından xatirə hədiyyələri təqdim edilib.

 

Premyeradan sonra TÜRKSOY tərəfindən nəşr olunan Teatr almanaxının 5-ci buraxılışının təqdimatı olub. Almanax türk dünyası milli teatrları arasında əlaqələri inkişaf etdirmək yaradıcı kollektivlərin repertuarlarını bir-birinə tanıtmaq məqsədilə nəşr olunur.

 

 

Mədəniyyət.-2021.- 5 mart.- S.1.