Şərqşünaslıq İnstitutunda Nizami və Şərq ədəbiyyatı seminarı

 

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan tədbirlər çərçivəsində Nizami və Şərq ədəbiyyatı mövzusunda seminar keçirilib.

 

İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva Azərbaycanda Nizami Gəncəvi İli çərçivəsində görüləcək işlərdən danışıb. Qeyd edilib ki, institutda Nizami Gəncəvi yaradıcılığı və Şərq ədəbiyyatları qarşılıqlı təsir və əlaqə kontekstində mövzusu üzrə tədqiqatlar aparılacaq.

 

G.Baxşəliyevanın Bir daha Nizami Gəncəvinin etnik mənsubiyyəti haqqında, M.Kazımovun Nizami Xəmsəsi və farsdilli ədəbiyyat (XVI-XVIII-ci əsrlər), P.Əsədullayevanın Nizami Xəmsəsində zaman konseptinin linqvistik ifadə vasitələri və başqa əsərlər nəşr olunacaq. İran alimlərinin Nizami Gəncəvi haqqında məqalələrindən ibarət toplunun hazırlanması və nəşri də planlaşdırılır. Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları mövzusunda beynəlxalq konfrans keçiriləcək.

 

Seminarda institutun şöbə müdiri, professor Mehdi Kazımov Nizami və Şərq ədəbiyyatı mövzusunda məruzə ilə çıxış edib.

 

Mədəniyyət.-2021.- 5 mart.- S.4.