Azad edilmiş ərazilərdə bərpa və quruculuq üzrə fəaliyyət

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün ölkə başçısının 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının növbəti 4-cü iclası keçirilib.

 

Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev diqqətə çatdırıb ki, ötən həftə yerlixarici media nümayəndələri üçün mətbuat konfransında dövlət başçısı İlham Əliyev azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin ölkəmiz üçün taleyüklü məsələ olduğunu xüsusi olaraq vurğulayıb.

 

İclasda ərazilərin minalardan təmizlənməsi, ölkə vətəndaşlarının qayıdışı, enerji təminatı və xüsusilə də yaşıl enerji məsələləri, şəhərsalma və nəqliyyat infrastrukturunun inkişafı üçün qısa və uzunmüddətli planlar üzrə məruzələr dinlənilib və müvafiq təlimatlar verilib.

 

İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq məsələləri Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi qrupun növbəti iclasında da müzakirə olunub. Qeyd edilib ki, qrup hazırda işğaldan əvvəl mövcud olan xəritələrin vektorlaşdırılması, əmlakın inventarlaşdırılması, habelə iqtisadi fəallığın dəstəklənməsi üzərində işləyir.

 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bir çox əmlakın çöl inventarlaşdırma işləri tamamlanıb, bir necə infrastruktur, nəqliyyat və təchizat, eləcə də torpaq sahələrinin inventarlaşdırılması başa çatdırılıb. Veb əsaslı, mətn və qrafiki komponentlərdən ibarət Qarabağ İnventar Proqramı hazırlanıb. Hazırda müvafiq dövlət qurum və təşkilatları ilə texniki inteqrasiya mühiti qurulur.

 

İşğaldan əvvəl mövcud vəziyyətə dair xəritə materiallarının vektorlaşdırılması məqsədilə kənd yaşayış məntəqələrinin kağız xəritələrinin koordinat sisteminə gətirilməsi üçün işlər aparılır.

 

İnvestisiya layihələri ilə bağlı 400-dən artıq müraciət daxil olub. İnvestisiya layihələrinin prioritetliyi təhlil olunurinformasiya bazasına daxil edilir.

 

İşğaldan azad edilmiş ərazilərin regional turizm strategiyasının formalaşdırılması, turizm marşrutlarının hazırlanması istiqamətində Dövlət Turizm Agentliyi tərəfindən müvafiq işlər görülür.

 

 

Mədəniyyət.-2021.- 5 mart.- S.4.