İşğaldan azad edilmiş ərazilər üzrə “Strateji fəaliyyət planı” hazırlanıb

 

 

İşğaldan azad edilmiş ərazilər üzrə münaqişə dövrünə qədər işlənilmiş rayon planlaşdırılması layihələri və baş planları araşdırılıb, müvafiq statistik məlumatlar toplanılıb və yeni ərazi planlaşdırılması sənədlərinin işlənilməsinə hazırlıq işlərinə başlanılıb.

 

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilir.

 

Hesabatda qeyd olunur ki, işğaldan azad olunan ərazilərdə normal həyat və fəaliyyət rejiminin bərpası məqsədilə “Azərkosmos” ASC tərəfindən “Minalardan və partlamamış sursatlardan təmizləmə işlərinin planlaşdırılması və həcminin ilkin qiymətləndirilməsi” proqramı  üzrə işlər yerinə yetirilib.

 

İşğaldan azad edilən 7 rayonkeçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə ümumilikdə 727 ərazi vahidinin (o cümlədən Laçın dəhlizinə düşən 15 ərazi vahidi) peyk monitorinqi keçirilib. Ərazi vahidlərində yaşamaq üçün məqbul hesab edilən fərdi yaşayış evlərinin və mənzillərin ilkin qiymətləndirilməsi aparılıb, ərazilərdə məskunlaşma təhlil edilib.

 

Hesabatda bildirilir ki, ölkə başçısının “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə qərargahının yaradılması haqqında” sərəncamının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilər üzrə müvafiq ərazi-planlaşdırma işlərinin təşkili və zəruri məlumatların toplanması məqsədilə müvafiq tədbirlər görülüb, sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz tədbirlərin həlli ilə bağlı “Strateji fəaliyyət planı” işlənib hazırlanıb.

 

Hökumətin hesabatında 44 günlük Vətən müharibəsi dövründə işğal olunmuş ərazilərdə mədəni irsimizə qarşı törədilən vandalizm aktları, habelə Gəncə, Bərdə və digər yaşayış ərazilərinə raket hücumları ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən UNESCO və İCESCO-ya, BMT-nin Sivilizasiyalar Alyansına və 150 ölkənin Mədəniyyət Nazirliyinə müraciətlər ünvanlandığı da diqqətə çatdırılır.

 

Həmçinin müharibədən sonrakı dövrdə azad edilmiş torpaqlarda mədəni irsin vəziyyətinin müəyyənləşdirilməsi üçün həyata keçirilən ilkin monitorinqin nəticələrinə dair müvafiq hesabatların UNESCO-ya göndərildiyi qeyd olunub.

 

 

Mədəniyyət.- 2021.- 10 mart.- S.2.