İlaxır çərşənbələrin üçüncüsüYel çərşənbəsi

 

 

Mifik təfəkkürdə yel həm də yol göstərən və bələdçilik edəndir

 

Səmimiyyət və xoş arzular bayramı olan Novruza sayılı günlər qalır. Bu gün ilaxır çərşənbələrdən üçüncüsüYel çərşənbəsidir. Bu çərşənbəyə xalq arasında həm də “yelli-küləkli” çərşənbə də deyilir.

 

Sudan keçərək təmiz-pak olanlar, arzusunu-diləyini suya danışanlar, göylərdən əkin-biçininə su diləyənlər, oddan atlanaraq ağırlığını, azarını oda tökənlər, bu dəfə Yel babaya üz tutur və ən xoş diləklərlə onu qarşılayırlar.

 

İnanclara görə, bu çərşənbədə oyanan yel-külək dünyanı dolaşır və suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən külək yazın ilıq nəfəsindən xəbər verir.

 

Mifik təfəkkürümüzə görə, yel həm də yol göstərən və bələdçilik edəndir. Yel çərşənbəsi ilə bağlı çoxlu sayda inanclar var. Ulularımız deyiblər ki, “Yel əsdirəni söyməzlər”, çünki onun arxasında Tanrı durur. “Yel olmasa, sel olmaz”, “Yel üfürüb şişirtdiyin göyə qaldırar”. Yel çərşənbəsi ilə də bağlı illərin sınağından çıxan və günümüzə qədər gəlib çıxan xalq hikmətləri də var: “Yel əsib qoz tökülüb”, “Yelnən gələn selnən gedər”, “Yel apardığını qaytarmaz”, “Yellə dost olan yellənə-yellənə qalar”, “Yel bağlayanı el açar”, “Külək kimi hərdən bir yana əsmə” və s.

 

İnanclara görə, çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Ona görə də bu müqəddəs axşamlarda hər birimizdən mütləq xoş və gözəl sözlər danışmaq tələb olunur.                                 

 

Folklorşünasların fikrincə, əski etiqadlara görə torpağın altında – “qara nəhrdə” yatmış dörd cür külək Yer üzərinə çıxır və müxtəlif libaslarda təzahür edir. yel , qara yel qara, xəzri göy, gilavar qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü bu dörd külək  birləşir və dünyanı dolaşaraq insanlara yazın gəlişindən xəbər verir.

 

Şifahi xalq yaradıcılığında Yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc və məsəllər də var. Xalq deyimlərinə görə, Yel baba xırmana gəlməmişdən qabaq buğda və dən götürməzlər. Sovurulmamış buğda götürən hər kəs bədbəxtliklə üzləşər. İnanca görə, insanlar Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedər və niyyət edərək Yel babanı çağırarlar. Əgər Yel baba səsini eşitdisə mütləq külək əsəcək və söyüdün budaqları torpağa toxunacaq. Bu da  diləyin hasil olması kimi yozulur.

 

Xalq yazıçısı Mövlud Süleymanlı Yel çərşənbəsindən danışarkən belə qeyd edir: “Yel çərşənbəsində deyərlər: Yerə nəfə endi. Bundan sonrapuçur yeli “əsməyə başlayacaq. Bu Yer üzündə olan bitki aləminin nəfəs dərməyidir; nəfəsini dərib yenidən ayılmağı, suyun, havanın, torpağın odun bir olmağından sonra ilk tərpəniş, hərəkət, ritmdir. Üç çərşənbədən – su, torpaq, oddan sonra yerə enən nəfəsdir”.

 

Aydındır ki, adına Yel çərşənbəsi deyilsə də, suyun, torpağın, odun-istinin bir-birinə qovuşmasından sonra bütün başlanğıclara – yaranmışlara hava lazım olur. Su torpağa qovuşandan sonra istini-odu alır. Torpaqdakı toxumlar duyğuya çevrilir. Sözsüz ki, bu duyğunun açılması üçün hava lazım olur...

 

Novruza bir çərşənbə qaldı. Martın 16-da ilaxır çərşənbələrdən sonuncusuTorpaq çərşənbəsidir.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 10 mart.- S.4.