Lənkəranın Dədə Qorqudu

 

“Müəllimim Mehdi Məmmədovun xeyir-duası ilə Lənkəran teatrına gəldim”

 

Haqqında söhbət açmaq istədiyimiz Allahverən Babayev Lənkəran Dövlət Dram Teatrının aktyorudur. Otuz beşinci ildir bu sənət ocağında çalışır. Teatrda Allahverən Babayevi kollektiv üzvləri qısaca “Alı”, yaxud da “Lənkəranın Dədə Qorqudu” çağırırlar. Bu yaxınlarda 60 yaşı tamam olmuş aktyorla görüşüb onunla birlikdə keçdiyi sənət yoluna nəzər salmağa çalışdıq.

 

 

 

– Alı, yubileyini necə keçirdin? Yəqin ki, pandemiya səbəbindən planlarının müəyyən hissəsini təxirə salmalı oldun?

 

– Elədir ki, var. Koronavirus hamının həyatının nizamını dəyişib. Artıq bir ildən çoxdur ki, səylərimiz hamılıqla bu gözəgörünməz düşmənlə mübarizəyə cəlb olunub. Halbuki Qarabağda namərd düşmənlə haqq-hesabımızı çürütməyə bizə 44 gün kifayət etdi. Sözün açığı, adamda heç yubiley əhval-ruhiyyəsi də yoxdur. Yubileyimi ailə üzvlərimlə qeyd etdim. Bizim teatrın yubiley tədbirlərinin keçirilməsində özünəməxsus ənənəsi var, hər bir işçiyə xüsusi diqqət göstərilir, xidmətləri lazımınca dəyərləndirilir. İnşallah, pandemiyaya qalib gəldikdən sonra mənim də yubileyim teatr səviyyəsində qeyd olunar.

 

 

 

– Dağlar diyarı Lerikdə dünyaya göz açmısan. Anadan olduğun Monidigah kəndi rayon mərkəzindən xeyli uzaqda yerləşir. Bəs necə oldu ki, teatr sənətinə həvəs göstərdin?

 

– Bizim kənddə “Lokdo” adında bir xalq kollektivi var. Onun çıxışlarında saysız-hesabsız teatr elementləri cəmləşib. Mənə də müəyyən müddət bu ansamblın tərkibində çıxış etmək müyəssər olub. Onu da deyim ki, “Lakdo” rəqs ansamblı SSRİ dönəmində bütün Azərbaycanda tanınmaqla yanaşı, Kubadabaşqa ölkələrdə səfərlərdə olub. Sonralar Biləsuvarda yaşayan qardaşımın yanına köçərək oradakı mədəniyyət evində çalışdım. Kənd uşaqları ilə birpərdəli komediyaları səhnələşdirib oynayırdıq. Beləcə, ürəyimdə aktyor olmaq həvəsi çiçək açdı...

 

 

 

– Tələbəlik illərini necə xatırlayırsan? Gərək ki, görkəmli teatr xadimi Mehdi Məmmədovun kursunda təhsil almısan?

 

– Dörd il birgə oxuduğumuz tələbə dostlarımla bu gün də əlaqə saxlayır, bir-birimizin xeyir-şərində iştirak edirik. Tələbə dostlarımın arasında indi respublikada kifayət qədər nüfuz-hörmət sahibi qazananları çoxdur. O ki qaldı rəhmətlik Mehdi Məmmədova, onun ağayana duruşu, səlis danışıq tərzi heç vaxt gözümün önündən çəkilmir. Bizim hər birimizə əsl ata məhəbbəti ilə yanaşırdı. Məhz onun xeyir-duası ilə Lənkəran teatrına gəldim. Yeri gəlmişkən, digər ustadım – rəhmətlik Həsən Əblucun da adını çəkməsəm, nankorluq olar. Onun mənim üstümdə haqqı-sanı çoxdur. Allahdan hər iki sənətkara rəhmət diləyirəm.

 

 

 

– Lənkəran teatrında səni necə qarşıladılar?

 

– Lənkəran teatrında məni öz doğma balaları kimi qarşıladılar. Teatrın direktoru, Əməkdar artist, rəhmətlik Elşad Zeynalov, dünyasını dəyişmiş digər rejissoraktyorlardan Baba Rzayev, Əli Salahlı, Hacırza Əliyev, Rəhim Talışinski, Kamil Nəcəfov, Eynəli Nurullayev, eləcə də hazırda bir yerdə  çalışdığımız Xalq artistləri Böyükxanım Əliyeva, Qabil Quliyev və digərləri məni hər cür qayğı ilə əhatə etdilər. Məhz onlardan əxz etdiyim təcrübə prosesində dayağım oldu. Bu insanlardan görüb-götürdüklərim elə bu gün də köməyimə çatır.

 

 

 

– İlk dəfə hansı tamaşada oynadığını xatırlayırsanmı?

 

– Əlbəttə! İnsan ömrünün elə anları var ki, onu son nəfəsədək unutmaq mümkün deyil.  Mənim də ilk dəfə professional səhnədə Cahan Əfruzun “Qanqın böyük dalğası” tamaşasında Şorot rolunda çıxışım həmişəlik hafizəmə həkk olunub. Bu rol həcminə görə çox da böyük deyildi, öhdəsindən gəlməyi bacardım. İlk uğurum teatrın baş rejissoru Baba Rzayevin nəzərindən yayınmamışdı. Sonrakı proseslərində o, məni daha çətin rollarda sınamağa qərar verdi, şükür ki, etimadını doğrulda bildim.

 

 

 

– Sofoklun “Şah Edip” tamaşasında ifa etdiyin Tiresi rolu barədə də tamaşaçılardan ürəkdolusu sözlər eşitmişəm...

 

– “Şah Edip”i rəhmətlik Baba Rzayev tamaşaya qoymuşdu. O vaxt tamaşa haqqında  istər mətbuat səhifələrində, istərsə də dil-ağızda müxtəlif fikirlər səslənirdi. Tamaşanı bəyənənlər də vardı, tənqidi fikir söyləyənlər də. Hər halda Lənkəran teatrının repertuarına belə bir monumental tamaşanın daxil edilməsi böyük hadisə idi. İfa etdiyim Tiresi xarakterinə görə dərin psixoloji obrazdır. Bu adam öncəgörən idi. Şah Edipi qarşıdakı təhlükələrdən xəbərdar edirdi. Şah Edip onun haqqında deyirdi: “Bu kor gözüaçıq insanlardan daha yaxşı görür”. Mən qəhrəmanımı daha çox zəngin düşüncəyə və biliyə məxsus filosof kimi xarakterizə etməyə çalışırdım. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, “Şah Edip” tamaşasında Tiresi roluna görə 2009-cu ildə Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən “İlin ən yaxşı aktyoru” mükafatına layiq görülmüşəm.

 

 

 

– Baba Rzayevin “Məhəbbət və ölüm” tamaşasında ifa etdiyin Dədə Qorqud obrazı ilə məşhurlaşdın. Elə indi də çoxları səni “Lənkəranın Dədə Qorqudu” deyə çağırır.

 

– 2007-ci ildə Baba Rzayev “Dədə Qorqud” dastanından “Dəli Domrul” boyunu seçərək onun əsasında “Məhəbbət və ölüm” əsərini qələmə almışdı. Rejissor Dədə Qorqud obrazını mənə təklif edəndə, inanın ki, sevincimdən özümə yer tapa bilmirdim. Çünki çoxdankı arzum reallığa çevrilmişdi. Hələ tələbəlik illərində səhnə danışığı müəllimim olmuş Həsən Əbluc Dədə Qorqud rolunu Akademik Milli Dram Teatrının səhnəsində oynayarkən, elə oradaca içimdə bir arzu oyanmışdı ki, kaşvaxtsa tale yaradıcılığıma bu rolu çıxaraydı. Xoşbəxtlikdən Allah bu rolu teatrımızda oynamağı mənə qismət etdi. Bu tamaşa ilə truppamız 2008-ci ildə Türkiyənin Konya şəhərində keçirilən “Bir nəfəs, min səs” teatr festivalında da iştirak edib. İcra Hakimiyyətinin hər il keçirdiyi Novruz bayramı şənliklərində də Dədə Qorqud rolunda çıxış edərək xalqımızdan xeyir-duamı əsirgəmirəm.

 

 

 

– Daha hansı rolların barədə danışmaq istərdin?

 

– Sözün düzü, rollarımın hamısı mənə əzizdir. Çünki onların hər birinin ərsəyə gəlməsindən ötrü gərgin əmək sərf etmiş, yuxusuz gecələr keçirmişəm.

 

Hafizəmdə iz qoyan rollar az deyil. Kamran Nəzirlinin “Şeytan işığı”nda müstəntiq, M.F.Axundzadənin “Lənkəran xanının vəziri”ndə xan, Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları”nda Tatar Temir, Arif Mədətovun “Sezarın qətli”ndə Siseron, İ.Əfəndiyevin “Qəribə oğlan”ında Otar, Hafiz Mirzənin “Ay lolo ya moskvalı gəlin”ində Sahə müvəkkili digərləri bu sıradandir. Bundan əlavə, bir neçə teleseriala da çəkilmişəm.

 

 

 

– Son illər teatrınızın sorağı tez-tez xarici səfərlərdən gəlir...

 

– Bəli, düz qeyd etdiniz. Teatrımızın rəhbərliyi İran, Gürcüstan, Türkiyə digər xarici ölkələrin teatrları ilə əlaqələr qurub. Artıq 8 ilə yaxındır ki, İran İslam Respublikasının teatrları ilə əlaqələr qurmuşuq. İranlı rejissorlar səhnəmizdə tamaşalar hazırlayıblar. Biz öz növbəmizdə tamaşalarımızı İrana həm qastrol səfərinə, həm teatr festivallarına aparmışıq. Bu yaxınlarda yeni dəvət almışıq. Martın 21-dən 26-a kimi qonşu ölkədə Novruz bayramı ilə əlaqədar “Novruz adətləri” adlı onlayn teatr festivalının keçirilməsi nəzərdə tutulub. İndi bu tədbirə hazırlaşırıq. Mən Dədə Qorqud rolunda çıxış edəcəyəm.

 

“Nizami Gəncəvi İli” ilə bağlı Mədəniyyət Nazirliyi Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Sənsiz” adlı bədii qiraət müsabiqəsinin keçirilməsi qərara alınıb. Teatrımızın bir qrup aktyoru aprelin 30-da Bakıda Aktyor evində reallaşacaq bu sənət yarışmasında imkanlarını sınamaq qərarına gəlib. Mən Nizaminin qəzəlləri üzərində çalışıram.

 

 

 

– Allahverən müəllim, sizə sənət dostlarınıza uğurlar diləyirik. Yubileyiniz mübarək!

 

Ağaddin BABAYEV

yazıçı-publisist, teatrşünas

Lənkəran

 

Mədəniyyət.- 2021.- 10 mart.- S.5.