“Xəmsə”nin tərcümələri redaktə edilərək yenidən nəşr olunacaq

 

“Nizami Gəncəvi ili”

 

“Nüşabə adı məni uşaq yaşlarımdan dahi Nizamiyə mənən yaxınlaşdıraraq sonrakı həyat yoluma öz təsirini göstərib”

 

Bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi qeyd edilir. Qüdrətli sözfikir ustadının zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib.

 

“Nizami ili” eyni zamanda Azərbaycan ədəbiyyatının, dahi şairin tədqiqatçılarının da bayramıdır. Nizami irsinin araşdırıcıları arasında AMEA Ədəbiyyat İnstitutu Nizamişünaslıq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, akademiyanın müxbir üzvü Nüşabə Araslının da xidmətləri var. Maraqlı təsadüfdür, dahi söz ustadının 880 illiyini qeyd etdiyimiz 2021-ci ildə həm də onun tanınmış tədqiqatçılarından olan Nüşabə xanımın 80 illik yubileyidir. Ədəbiyyatşünas alimlə sosial şəbəkə üzərindən həmsöhbət olduq.

 

Nüşabə Araslı xalqımız Nizami Gəncəvinin anadan olmasının 800 illiyini bayram etməyə hazırlaşdığı əlamətdar bir zamanda – 1941-ci il martın 25-də Bakı şəhərində, görkəmli ədəbiyyatşünas alim, akademik Həmid Araslının ailəsində dünyaya göz açıb.

 

Müsahibim deyir ki, şairin yubiley tədbirlərində yaxından iştirak edən atası ona Nizaminin sevimli qadın qəhrəmanı, Bərdənin ağıllı, mübariz hökmdarı Nüşabənin adını verib: “Bu ad məni hələ uşaq yaşlarımdan dahi Nizamiyə mənən yaxınlaşdıraraq sonrakı həyat yolumun müəyyənləşməsinə öz təsirini göstərib. O vaxtlar respublikamızın elmi-ədəbi və mədəni həyatında çoxcəhətli xidmətləri ilə tanınan Məmməd Arif Dadaşzadə, Mir Cəlal Paşayev, Cəfər Xəndan, Səməd Vurğun, Sabit Rəhman və başqa görkəmli ədəbi şəxsiyyətlər evimizdə yığışardılar. Yeməkdən sonra çay süfrəsində adətən qadınlar bir tərəfə toplaşar, o biri tərəf artıq ədəbi məclisə çevrilərdi. Mən uşaq yaşlarımdan onlara diqqətlə qulaq asardım.

 

Yadımdadır, Səməd Vurğun hər dəfə bizə gələndə məni yanına çağırıb saçımı tumarlayar, “Hə, qızım, bir “Ceyran” şeirini əzbər söylə görək” deyərdi. Bütün bunlar o qayğısız uşaqlıq illərindən mənə qalan ən şirin xatirələrdir”.

 

Orta təhsilini başa vurduqdan sonra 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə daxil olan Nüşabə xanım təhsilini 1962-ci ildə bitirib Əfqanıstana ezam edilib. Məzari-Şərifdə çalışan neftçilər qrupunda rus-fars dilləri üzrə tərcüməçi işləyib.

 

Ölkəmizə qayıtdıqdan sonra 1966-cı ildə Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Orta əsrlər Azərbaycan ədəbiyyatı ixtisası üzrə aspiranturaya qəbul olunub. 1969-cu ildə aspiranturanı bitirib Nizaminin ilk azərbaycanlı davamçısı Arif Ərdəbili və onun uzun müddət tədqiqatdan kənarda qalan yeganə məlum poeması “Fərhadnamə”yə həsr olunan dissertasiya müdafiə edərək filologiya elmləri namizədi (fəlsəfə doktoru) elmi dərəcəsi alıb. 1987-ci ildə isə “Nizamitürk ədəbiyyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru olub. Həmin ildən etibarən Nizami adına Ədəbiyyat İnstitutunda çalışır. 2017-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

 

Nüşabə Araslı Bakı, Təbriz, Urmiya, Tehran, Daşkənd, Ankara, Konya, Bağdad və Ərdəbildə keçirilən 20-dən artıq beynəlxalq konfransda çıxış edib. Bu illər ərzində çox sayda monoqrafiya, kitab və məqaləsi çap olunub.

 

 

 

– Nüşabə xanım, ədəbiyyatşünaslıq sahəsini seçməyinizdə atanızın rolu olubmu?

 

– Əlbəttə. Ədəbiyyatı sevməyimdə xalq hikməti, xalq zəkasının qüdrətini dərk etməyimdə hələ uşaqlıqdan atamdan eşitdiyim el məsəlləri, atalar sözləri, bayatıların az rolu olmayıb. Atam söhbətarası xalq ədəbiyyatından elə hikmətli ifadələr işlədər, onları elə yerində və məhəbbətlə müsahiblərinə çatdırardı ki, ona heyranlıqla qulaq asmamaq mümkün deyildi.

 

Mən Füzuli qəzəllərinin şah beytlərini, Nizaminin ibrətamiz öyüdlərini də ilk dəfə atamdan eşitmişəm. Orta məktəbdə ədəbiyyatı atamın yazdığı dərsliklərdən öyrənmişəm. Universitetdə təhsil alan vaxtı qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatı tarixi fənnindən müəllimim atam olub. O zamandan atamın məqalə, rəy və başqa kiçik həcmli yazılarını makinada yazmağa başlamışam. Bütün bunlar mənim hələ tələbə ikən ədəbiyyatımız haqqında təsəvvürümün genişlənməsinə kömək göstərib.

 

Atam mənim elmi işlərimlə də maraqlanardı. Hansı mövzu üzərində işlədiyimi xəbər alar, qalan hər şeyi mənim öhdəmə buraxardı. Bununla belə, o, mənim üçün canlı bir məktəb idi. Görünür, elə buna görədir ki, atam haqqında danışanda istər-istəməz fikrimdə iki məfhum dolaşır: ata və müəllim. Əslinə qalanda, bu məfhumlar bir-birindən uzaq anlayışlar deyil. Çünki hər bir ata övlad üçün ilk növbədə həyat müəllimidir. Hər bir müəllim də öz şagirdi, tələbəsi üçün mənəvi atadır.

 

 

 

– Həmid Araslının yolunu davam etdirdiyinizi deyə bilərikmi?

 

– Zahirən bu fikir elə ciddi etiraz doğurmasa da, bir qədər dəqiqləşdirilmə aparılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, Həmid müəllim çoxcəhətli alim idi.

 

O həm Orta əsrlər ədəbiyyatının kamil tədqiqatçısı, səriştəli mətnşünas, hərtərəfli məlumata malik ədəbiyyat tarixçisi, folklor mütəxəssisi, həm də Yaxın və Orta Şərq xalqları arasındakı ədəbi əlaqələrin ən yaxşı araşdırıcılarından olub.

 

Sizin bu sualınız nədənsə Məhəmməd Füzulinin bir qitəsindən bu misraları yadıma saldı:

 

Müddəi eylər mənə təqlid nəzmü nəsrdə,

Leyk namərbut əlfazü mükəddər zatı var.

Pəhləvanlar badpalər səgridəndə hər yana

Tifl həm cövlan edər, əmma ağacdan atı var.

 

Yəni, mən nə qədər atamın yolunu davam etdirsəm də, Həmid Araslı Azərbaycan ədəbiyyatı tarixində əvəzolunmaz bir simadır.

 

 

 

– İnstitutda rəhbərlik etdiyiniz şöbə “Nizami ili”nə nə kimi töhfələr verəcək?

 

– Nizami irsi Azərbaycan ədəbiyyatşünaslığında həmişə diqqət mərkəzində olub. Bu sahədə uğurlu araşdırmalar aparılaraq maraqlı elmi qənaətlər əldə edilib. Prezident İlham Əliyevin Azərbaycanda 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi dahi şairin adını daşıyan şöbənin qarşısında da Nizaminin istər həyatı, istərsə də çoxcəhətli zəngin irsinin hələ də qaranlıq qalan məqamlarının ətraflı tədqiqata cəlb olunması kimi aktual bir vəziyyət ortaya qoyur. Əməkdaşlarımız tərəfindən il ərzində “Nizami Gəncəvi ensiklopediyası”, “Nizami Gəncəvinin həyat və yaradıcılığı” monoqrafiyası, “Nizami Gəncəvi” almanaxı, ikicildlik məqalələr toplusunun nəşri planlaşdırılır. Şöbədə “Nizamitürk mədəniyyəti”, “Klassik Şərq ədəbiyyatında “Xəmsə”nin mövzusu, strukturu, üslubu və poetikası”, “Nizami Gəncəvinin dünyagörüşü və “Xəmsə”nin onomastik leksikası”, “Nizami Gəncəvinin didaktik görüşləri” adlı monoqrafiyalar çapa hazırlanır. “Görkəmli Azərbaycan şairi Nizami Gəncəvi” adlı broşürün türk, ingilis, rus, alman, fransız, ispan, italyan, Çin, ərəb və fars dillərində nəşri nəzərdə tutulur. Bundan başqa, il ərzində “Xəmsə”yə daxil olan poemaların tərcümələri redaktə edilərək yenidən nəşr olunacaq.

 

Həmçinin şöbəmiz Nizami yaradıcılığının müxtəlif problemlərinə həsr olunan elmi konfransların təşkilində yaxından iştirak edir. Əməkdaşlarımız konfrans, seminar, dəyirmi masabaşqa tədbirlərdə, telekanallarda “Nizami ili”ylə bağlı verilişlərdə maraqlı məruzələr edir. Respublika dövri mətbuatında elmi-publisist məqalələr dərc etməklə “Nizami ili”nə töhfələr verməkdə davam edirlər.

 

 

 

– Nizamişünaslıq şöbəsi xarici ölkələrin müvafiq elmi qurumları ilə əməkdaşlıq edirmi?

 

- Bəli. Əvvəlcə qeyd edim ki, Ədəbiyyat İnstitutu, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutuKembric Universitetinin birgə həyata keçirdiyi layihə çərçivəsində hazırlanan kitabın “Nizami Gəncəvi” hissəsi əməkdaşlarımız tərəfindən yazılıb. Mətnlər digər lazımi materiallarla birlikdə Gürcü Ədəbiyyatı İnstitutuna göndərilib. Yaxın zamanda çapa gedəcək kitab ingilis dilində nəşr olunacaq.

 

Bundan başqa, fevral ayında Ədəbiyyat İnstitutu ilə Özbəkistanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq” mövzusunda onlayn beynəlxalq konfrans keçirildi. Nizami Gəncəvinin 880, Əlişir Nəvainin 580 illiyinə həsr edilən konfransda şöbəmizin əməkdaşları da məruzələrlə çıxış etdilər.

 

 

 

– Həyatınızın bu dönəmində geriyə baxdıqda nələr yada düşür?

 

– Düzünü desəm, bu suala birmənalı cavab verməyə bir qədər çətinlik çəkirəm. Keçdiyim həyat yolu çox uzun, eyni zamanda enişli-yoxuşlu olub. Ömrümün bu dönəmində fərəh doğuran, qürur hissi ilə xatırladığım əhvalatlar olduğu kimi, kədərli, təəssüf hissi ilə yadıma saldığım məqamlar da istənilən qədərdir.

 

 

 

– Nüşabə xanım, sizi 80 illik yubileyiniz münasibətilə təbrik edir, möhkəm cansağlığı, işlərinizdə yeni-yeni uğurlar arzulayırıq.

 

– Çox sağ olun. Mən də “Mədəniyyət” qəzetinin kollektivinə təşəkkürümü bildirir, nailiyyətlər diləyirəm.

 

N.MƏMMƏDLİ

 

Mədəniyyət.- 2021.- 10 mart.- S.6.