Nişan xonçaları məzarının üzərinə qoyuldu...

 

Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn igidlərimiz haqqında söz açmağa davam edirik. Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən qəhrəmanlarımızdan biriCavid Cəfərovdur.

 

Cavid Fərhad oğlu Cəfərov 1993-cü il dekabrın 1-də Sumqayıt şəhərində anadan olub. 2000-ci ildə Sumqayıt şəhər 33 saylı orta məktəbə daxil olub. 2009-cu ildə 9-cu sinfi bitirərək, Sumqayıt Dövlət Texniki Kollecinə qəbul olunub. Kolleci müvəffəqiyyətlə başa vurduqdan sonra hərbi xidmətə yollanıb. 2018-ci ildə hərbi xidmətdən tərxis olunub. Həmin ilin oktyabr ayında müddətdən artıq hərbi xidmətə başlayıb.

 

Vətən müharibəsi başlayan gündən, 27 sentyabrdan cəbhə bölgəsinə yola düşür. Döyüş yoldaşlarının dediyinə görə, təbiətcə çox sakit olan Cavid mənfur düşmənə qarşı rəşadətlə vuruşur. Oktyabrın 1-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralı komandirini ərazidən çıxararkən snayper gülləsinə tuş gələrək şəhidlik mərtəbəsinə yüksəlir.

 

Anası Nəzakət Cəfərova deyir ki, oğlunun şəhid olması ilə bağlı xəbəri oktyabrın 2-də alıb: “Sumqayıt Şəhər İcra Hakimiyyətindən zəng ediləndə yolda idim. Cavidin adı çəkilən kimi bildim ki, oğluma nəsə olub...”.

 

Nəzakət xanım bildirir ki, dekabrın 1-də – Cavidin doğum günündə onun üçün nişan aparmağı planlaşdırırmışlar. Nişan üzüyü, bir neçə xonçası da aylar öncədən hazır imiş: “İndi Cavidin nişan xonçaları onun Sumqayıtın Şəhidlər xiyabanındakı məzarının üzərinə qoyulub”.

 

Cavidin atası Fərhad Cəfərov Birinci Qarabağ müharibəsində iştirak edib, Ağdamın Çəmənli kəndi uğrunda döyüşlərdə yaralanıb. Cavidin 4 yaşı olanda atası vəfat edib.

 

Nəzakət xanım deyir: “Cavid, demək olar ki, atasız böyüyüb. Lakin onun Vətənə, ailəyə olan məhəbbəti hər şeydən üstün olub. Mən Cavidlə fəxr edirəm. Şəhid olmaq, o ali mərtəbəyə yüksəlmək hər kəsə nəsib olmur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən sağ olsun”.

 

Oktyabrın 2-də torpağa tapşırılan Cavid Cəfərov ölümündən sonra ölkə başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Qeyd edək ki, yaxın zamanda Cavidin ilk təhsilini aldığı Sumqayıt şəhəri 33 saylı tam orta məktəbdə ona həsr olunan guşə açılacaq.

 

Ruhu şad olsun.

 

NURƏDDİN

 

Mədəniyyət.- 2021.- 10 mart.- S.6.