Vətənimizin vüqarlı övladları

 

İnsan dünyaya göz açarkən hansı millətə, dövlətə, dinə mənsub olduğundan xəbərsiz olur. Zamanla ailədə və cəmiyyətdə gördüklərinin təsirilə yetişir, özünə cığır tapır. Eşitdiyimiz ilk dualar məhz ana laylasında gizlənir. “Şirin yuxu tapasan” – görəsən, nə demək istəyir analar bizə? Bəlkə o şirin yuxu elə cənnətin özüdür? Vətən uğrunda döyüşən, ana-bacısının gözünün içinə dik baxmağı bacaran igid oğulların mənəvi rahatlığıdır? Bəlkə o şirin yuxu ulu babaların ruhunu şad etməkdir? Vicdanı narahat olan kəs şirin yuxu görə bilərmi?

 

İnsan kiçik yaşlarından “mən kiməm?”, “ulu babam kimdir?”, “irsim hardan gəlir?” deyə düşünməyə başlayır. Bu sualların içində öz kimliyini torpaq, vətən adlı müqəddəs cavablarda tapır. Anlayır ki, şəhid qanı axan, uğrunda savaşılan torpağın üzərində böyümək şərəfli olduğu qədər də məsuliyyətlidir.

 

Məqsədimiz, amalımız Qarabağa qovuşmaq idi. Ona addım-addım yaxınlaşdıq. Onun hər zərrəsinin xilas olmağına uşaq kimi əl çaldıq, için-için ağladıq, bir-birimizə sarıldıq, əl-ələ tutduq, yumruq olduq, bir olmağı bacardıq.

 

44 günlük dastan belə başladı. Vətən oğulları əsir torpaqlarımızı xilas etmək və şəhidlərimizin qisasını almaq naminə cəbhəyə yollandılar. Qarabağın azadlığına can atan bir xalqın artıq səbri qalmamışdı. Mənfur düşmən öz çirkin əməlləri ilə səbir kasamızı çoxdan daşırmışdı. Biz o günü böyük ümidlə gözləyirdik və o gün gəldi. Hz. Mövlanənin buyurduğu kimi, “hər nəsib vaxtına əsirdir”.

 

Hər yaradıcı insanın vətənpərvərlik mövzusunda sənət nümunələri vardır. Lakin vətənpərvərlik duyğusu insanın əməlində öz əksini tapanda, həyat tərziylə üst-üstə düşəndə, ortaya böyük fədakarlıq çıxır. Haqqında bəhs edəcəyim yaradıcı və vətənpərvər insanlardan biri də gənc bəstəkar Vüqar Əbdüləli oğlu Məmmədzadədir. O, musiqiçi ailəsində dünyaya göz açıb. 2011-ci ildə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin Tar şöbəsinə və 2015-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Bəstəkarlıq şöbəsinə daxil olub.

 

2018-ci ildə Türkiyədə təşkil edilən “Caspi Art” Beynəlxalq incəsənət müsabiqəsində bəstəkarlıq nominasiyası üzrə “Qran pri” mükafatına layiq görülüb. 2019-cu ildə BMA-da dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə təşkil edilən “Nəsimi romans” müsabiqəsində “Hardasan” romansı ilə diploma layiq görülüb. Həmin ildə Malta Respublikasında təşkil olunan bəstəkarların kvartet janrı üzrə müsabiqəsində ikinci yerə layiq görülərək laureat adı qazanıb. 2019-cu ildə BMA-nı bitirib, 2020-ci ildə L. və M.Rostropoviçlərin Ev-Muzeyində elmi işçi kimi çalışmağa başlayıb.

 

Gənc bəstəkar bir sıra əsərlərin müəllifidir: fortepiano üçün 8 prelüd, fortepiano üçün 2 pyes, solo tar üçün 3 hissəli sonata, fortepiano üçün 3 hissəli sonatino, klarnetfortepiano üçün 12 variasiya, “Ay üzlü nigarım” romansı (söz: N.Gəncəvi) “Hardasan” romansı (söz: İ.Nəsimi), simli alətlər üçün 3 hissəli kvartet, “İnsansimfonik poeması, violinfortepiano üçün pyes, “Zəfər marşı” və s.

 

Vüqar Məmmədzadə İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətinə görə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Zəngilan uğrunda gedən döyüşlər zamanı yaralanıb.

 

Qeyd edək ki, Vüqar Məmmədzadə Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olmasa da, 2020-ci ilin nəticələri üzrə ABİ-nin təqdimatı ilə Gənclər və İdman Nazirliyininİlin ən yaxşı bəstəkarı” nominasiyası üzrə mükafatına layiq görülüb.

 

Vətən dedikdə, yurda canı-könüldən bağlılıq, milli qürur hissi göz önümüzdə dayanır. Bu duyğu heç bir duyğuya bənzəməyəcək qədər güclü və əzəmətlidir. Vətəni qorumaq hamımızın ən ümdə borcudur. Vətən özümüz, sözümüz, varlığımızdır. Namusunu, mənliyini, şərəfini, əqidəni dərk etməkdir. Vətənin vüqarlı övladlarının əsrlər sonraya ötürəcəyi şeirdir, musiqidir, rəsmdir, heykəldir vətən. Xalqın azadlığıdır, müstəqilliyidir. Baba, dədə əmanətidir. Şanlı hilaldır, parlayan ulduzdur.

 

Könül bağlamısan vətən andına,

Adında, andında yaşayır vətən.

Atəşi müqəddəs ürək yanğına,

Bir ömür boyunca qızınıram mən.

 

Vətən qayğısız məkan deyil, büsbütün qayğıdır vətən! Hamımızın sığındığı qaladır, uğrunda itirilən canlardır. Üzərinə and içilən bayraqdır vətən.

 

Sən bizə tanrının payı,

Yoxdur bənzərin, nə tayın.

Ömrümün günəşi, ayı,

Azərbaycan bayrağı.

 

İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə gənc bəstəkar Vüqar Məmmədzadənin timsalında bütün vətən oğullarına böyük minnətdarlığımızı bildiririk.

 

Onlara alqışımızı ifadə edəcək kəlmələr yetərsizdir. Dəyərli musiqiçi həmkarımı həmçinin yaradıcılıq uğurları münasibətilə ürəkdən təbrik edirəm. Onu boya-başa çatdıran, vətənpərvər ruhda böyüdən valideynlərinə cansağlığı, uzun ömür diləyirəm.

 

Qarabağ Azərbaycanın idiotuz ilin ayrılığından sonra yenə vətənə qovuşdu. “Qarabağ Azərbaycandır!” kəlməsinə qoyulan nidanı dövlət rəhbərliyinin güclü siyasətinə və Azərbaycan oğullarının igidliyinə borcluyuq. Mən də bir veteran qızı kimi, vətəninə, millətinə ürəkdən bağlı insan olaraq qazilərimizə Allahdan şəfa, şəhidlərimizə rəhmət diləyirəm. Dəyərli qardaşlarımızın mərdliyi ömür boyu tarixin yaddaşından silinməyəcək.

 

Aysel KƏRİM

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü

 

Mədəniyyət.- 2021.- 10 mart.- S.6.