Heykəltəraş taleyi

 

Ötən əsrin ortalarından başlayaraq daha çox daşıdığı Vilen adının qəribəliyi ilə xatırlanan bu heykəltəraşın müasir nəslin nümayəndələri tərəfindən tanınmamasını faciə hesab etməsək də, bu unutqanlığın kökündə onu əhatə edənlərin də suçunun az olmadığı birmənalıdır. Bu gün həmin nadir adın sahibi, Azərbaycan plastika sənətinə özünəməxsus töhfələr vermiş istedadlı heykəltəraş və təvazökar insanVilen Qədir oğlu Şərifovdan (1929-1999) söz açacağıq...

 

Zamanında respublikanın təhlükəsizlik orqanlarında çalışan, sosializmə və onun yaradıcısı V.İ.Leninə sadiqliyini ilk oğlan övladına onun adını qoyması ilə nümayiş etdirən gəncəli Qədir Şərifovun o vaxt ağlına belə gəlməzdi ki, bir vaxt sədaqətlə xidmət etdiyi bu quruluş onu düşmən sayıb həbs edə bilər. Amma otuzuncu illərin bütün SSRİ-ni bürümüş repressiya dalğasının Şərifovlar ailəsindən yan keçməməsi nə qədər gözlənilməz olsa da, əslində elə həmin illərdə günahsız adamları qanunsuz həbs etməklə üzünü ortaya qoyan kommunist rejimi üçün sıradan hadisə sayılırdı. Ərinin tutulmasından sonra üç körpəsini bir qarnı ac, bir qarnı tox saxlamağa məhkum olan  Kübra xanım üçün həmin vaxt həyatın mənasızlaşması danılmaz idi...

 

Odur ki, uşaqlarının böyüyü Vileni Bakıda oxumağa yola salanda da o, repressiya  olunmuş atanın oğluna paytaxtda elə də rəğbət göstərilməyəcəyini düşünürdü. Amma oğlu müharibədən sonra uğurla imtahan verib Bakıdakı Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil oldu. Burada keçirdiyi beş il ərzində (1947-1952) Vilen özündən kiçik bacı-qardaşını güclə dolandıran anasına yük olmamaq üçün Bakıda ən müxtəlif işləri görməklə özünü dolandırdı və təhsilini davam etdirdi. Məktəbdə o, həmin dövrün tanınmış heykəltəraşlarından hesab olunan Cəlal Qaryağdıdan sənətin sirlərini öyrəndi. Məktəbi bitirəndən sonra maddi vəziyyətinin çətinliyinə baxmayaraq, ali təhsil almaq arzusundaydı. Odur ki, həmyaşıdları arasında xüsusi istedadı ilə seçilən Vilenin uzaq Sankt-Peterburqda (keçmiş Leninqrad) imtahana yollanmasını hamı təbii qarşıladı.

 

Onun Baron Ştiqles adına (o vaxt V.Muxinanın adını daşıyırdı) Ali Bədii-Sənaye Akademiyasında keçirdiyi altı il çox maraqlı və yaddaqalan oldu. Bu ilk növbədə onun yalnız bu təhsil ocağında mövcud olan dekorativ-memarlıq heykəltəraşlığı ixtisasına yiyələnməsi və burada bu sahənin ən gözəl biliciləri olan V.A.SinayskiV.İ.İnqaldan dərs alması ilə bağlı olmuşdur. Diplom müdafiəsindən sonra V.İ.İnqal gənc heykəltəraşın SSRİ Rəssamlar İttifaqına qəbul olunması üçün yazdığı zəmanətdə tələbəsinin yaradıcılıq axtarışlarını yüksək dəyərləndirmiş, onun ən mürəkkəb tapşırıqları obrazlı formada həll etməyə qadir olduğunu xüsusi vurğulamışdı. VileninTopçu-matros (“Sevastopolçu”)” adlanan diplom işi isə uğurlu plastika nümunəsi kimi 1958-ci ildə Leninqraddakı SSRİ Hərbi Dəniz Donanması Ali Mühəndis-Texniki Məktəbinin interyerinin bəzəyinə çevrildi və vestibüldəki taxçada yerləşdirildi.

 

Gənc heykəltəraşın hələ tələbəlik illərində əldə etdiyi uğurlar zamanında Bakıya da çatdığından, o, vətənə qayıdanda müstəqil yaradıcılığını davam etdirməsi elə də çətin olmadı. Burada ona təklif olunan ilk sifarişlər də ürəyindən idi. Əvvəlcə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yenicə tamamlanan (1958, memarı Q.Əlizadə) binasının fasadında – lociyanı tamamlayan şüşə qapıların yuxarısı üçün nəzərdə tutulmuş altı portret-qorelyefdən birini – görkəmli söz xiridarı Səməd Vurğunun obrazını yaratdı. Bu portretlərin baxış nöqtəsindən çox yüksəkdə yerləşməsi göstərir ki, memarın başlıca məqsədi onlardan daha çox binaya gözəllik və özünəməxsusluq bəxş edən dekorativ element kimi istifadə etmək olmuşdur.

 

Bir il sonra tikintisi başa çatan Milli Kitabxananın (1959, memarı M.Hüseynov) lociyası üçün heykəltəraş oradakı çoxsaylı obrazlardan birinidahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin fiqurunu işlədi. Bəstəkarın bir qədər statik vəziyyətdə təqdim olunmuş obrazının daha çox daxili dinamizmə köklənməsi, eləcə də əsərin ümumi tutumunda yaradıcı şəxsiyyətin səciyyəvi xüsusiyyətlərinin ifadəsi qabarıq duyulmaqdadır. Plastikanın memarlıqla əlaqəsi məsələsinə dərindən bələd olan müəllifin bu əsərdə sənətlərin sintezi məsələsini də uğurla həll etdiyini görmək mümkündür.

 

Əllinci illərin sonu – altmışıncı illərin əvvəllərinə Azərbaycanda park heykəltəraşlığının inkişafına xüsusi diqqət ayrılması (Bakıdakı “Bəhram Gur” abidəsi də o vaxt qoyulmuşdu) gənc tişə ustasını da bu sahədə qüvvəsini sınamağa həvəsləndirmişdi. Bu mənada onun yaratdığı “Sülh uğrunda”, “Bolluq” (K.Rzayevlə birlikdə), “Qız ceyranla” və digər kompozisiyaların adını çəkmək olar. Realizm estetikasının üstünlük təşkil etdiyi bu plastika nümunələrində bədii ümumiləşdirmələrin dekorativliyin əldə olunmasına yönəldildiyi görünəndir.

 

Heykəltəraşın yetmişinci illər yaradıcılığı xüsusilə məhsuldar olmuşdur. Onun yaratdığı müxtəlif janrlı əsərlərdə apardığı davamlı axtarışların müsbət nəticələri görünməkdədir. Görkəmli opera müğənnisi Bülbülün portretləri obrazın səciyyəvi xüsusiyyətlərinin cəlbedici və yaddaqalan tutumda ifadəsi baxımından maraq doğurur. Gipsdən hazırlanmış həmin portretlərdən biri vaxtilə Bülbülün Şuşadakı ev-muzeyinin ekspozisiyasını bəzəyib. Mərmərdən yonulmuş digər əsər isə hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda qorunur. Bu sənət məbədində tişə ustasının daha bir əsəri var. “Skripkaçı qız” adlanan həmin kompozisiyada çıxışını başa vuran yeniyetmə musiqiçinin nikbinliyə bələnmiş yaşantıları plastik tutumda qabardılmışdır.

 

Heykəltəraşın Xalq şairi Məmməd Rahimin məzarüstü abidəsi üçün işlədiyi barelyef (1978) də plastik tutumun reallığın ifadəsinə köklənməsi ilə diqqət çəkir. Üfüqi – düzbucaqlı formata malik olan qara mərmərin sağ tərəfində yazını, sol tərəfində isə şairin tunc portretini yerləşdirən müəllif, bununla da əldə olunan simmetriyanın həm də estetik dəyər kəsb etməsini şərtləndirmişdir.

 

Vilen Şərifovun həmin onillikdə işlədiyi digər silsilə barelyeflər isə musiqiçilərə həsr olunmuşdu. Ağdərə rayonundakı Mədəniyyət evinin interyerini bəzəyən həmin barelyeflər Ü.Hacıbəyli, P.Çaykovski, D.Şostakoviç, M.Maqomayevbaşqa məşhur bəstəkarlara həsr olunmuşdu. Bu janrın yaradılmasında xeyli təcrübə toplayan müəllif obrazların təqdimatında real cizgilərə üstünlük verməklə, onların hər birinin gerçəkçi cəlbediciliyinə nail olmuşdu.

 

Müəllifin səksəninci illər yaradıcılığını təşkil edən portretlərdə daha çox obrazların psixoloji durumunu qabartmaq istəyi hiss olunur. Əgər “Qadın portreti”ndə tətbiq olunan plastik yozum naturanın daşıdığı zərifliyin üzə çıxarılmasına xidmət edirsə, “Fəhlə portreti”ndə gərgin gününü arxada qoymuş əməkçinin bələndiyi ruh yüksəkliyi hiss olunmaqdadır.

 

Vilen Şərifovun ən müxtəlif mövzularda ifadəli siluetə və monumentallığa meyilli olmasını 1941-1945-ci illər müharibəsində həlak olunanların xatirəsinə həsr olunmuş abidədə duymaq mümkündür. Həmin heykəltəraşlıq nümunəsi (1985) Tovuz rayonunun Əsrik Cırdaxan kəndində ucaldılmışdır. Zamanında heykəltəraş görkəmli fırça ustası Bəhruz bəy Kəngərlinin Naxçıvanda ucaldılacaq abidəsinin layihəsini də hazırlamışdı. Təəssüf ki, onun bu ideyası həyata keçirilmədi.

 

Tişə ustasının yaradıcılığında müxtəlif peşə adamlarının obrazlarının yer alması həm də onun maraq dairəsinin genişliyindən xəbər verir. Bu mənada onun “Müharibə qəhrəmanı Akim Abbasov” (Qazax Dövlət Rəsm Qalereyasında saxlanılır), “Əmək qabaqcılının portreti” (Tiflisdəki Hərbi Muzeyin Azərbaycan bölməsində nümayiş olunur) və digər portretlərinin adını çəkmək olar.

 

Bu materialın hazırlanması zamanı məlum oldu ki, onun barəsində respublika mətbuatında bu vaxta kimi heç nə yazılmayıb. Yalnız bu sahənin davamlı tədqiqatçısı C.Novruzovanın yazdığı dissertasiyada bir neçə cümləlik məlumat vardır. Onun yazdığı “Heykəltəraşın emalatxanasında onun dekorativ plastika sahəsində eksperimentlər  aparmasını təsdiqləyən çoxlu işlər vardır. Təəssüf ki, bu cür işlər həyata yol tapmadığından müəllifin maraqlı fikirləri gerçəkləşməmiş qalmışdır. Onlarda isə müəllifin portret işlərində reallaşdırmadığı plastik təfəkkürün maraqlı yozumlarını görmək mümkündür” fikirləri Vilen Şərifovun zamanında yeni maraqlı axtarışlar apardığından xəbər verir.

 

Müstəqil yaradıcılıqla yanaşı, Vilen Şərifov 1967-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində gələcək memarlara heykəltəraşlıq və rəsm fənlərindən dərs demişdir. Elə onun barəsində məlumatların toplanmasında yoldaşlarının – universitetin Təsviri sənət kafedrası əməkdaşlarının, eləcə də Azərbaycan Rəssamlar İttifaqının, onun yaxın qohumu, Xalq rəssamı Tofiq Ağababayevin zəhməti çox olmuşdur.

 

...Dünyanın başqa nemətlərində gözü olmadığını özünün həyat yolu ilə təsdiqləyən Vilen Şərifov yetmiş illik ömrünü yalnız yaradıcılığa həsr etmişdir. O, qohum-əqrəbanın, dost-tanışın təkidlərinə baxmayaraq ailə həyatı da qurmamışdır. Yaradıcı insanın təklənəndə daha güclü olmasını öz üzərində hiss etmişdir. Bu təkliyin duyulası tənhalığa qovuşduğunu isə onun emalatxanasında qəfil ürək tutmasından dünyasını dəyişməsindən... yalnız üç gün sonra xəbər tutanlar bildilər. Özü getsə də, izi – əməlləri qaldı. İnanırıq ki, bu işıqlı əməllərin ifadəsi olan heykəlləri onu həmişə xatırladacaq bədii-tarixi dəyərdədir...

 

Ziyadxan ƏLİYEV

Əməkdar incəsənət xadimi, professor

 

Mədəniyyət.- 2021.- 10 mart.- S.7.