Teatrların açılması ilə bağlı müzakirələr davam etdirilir

 

Teatrların açılması ilə bağlı müzakirələr davam etdirilir. Pandemiya ilə bağlı dinamika hər zaman nəzərdən keçirilir.

 

Bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib. Nazirlər Kabineti yanında Operativ Qərargahla müzakirələr aparılır, təbii ki, burada Mədəniyyət Nazirliyinin rəyi də nəzərə alınır. Dinamika aşağı düşdüyü zaman teatrları açacağıq. Ümid edirik ki, teatrlarımız mövsümün sonuna kimi açılacaq, deyə nazir vurğulayıb.

 

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının yayılması ilə bağlı qəbul etdiyi qərara uyğun olaraq ölkədə teatrların və konsert salonlarının fəaliyyəti 2020-ci il martın 7-dən dayandırılıb.

 

Anar Kərimov Mədəniyyət Nazirliyi nümayəndə heyətinin bu günlərdə Türkiyəyə səfəri zamanı qardaş ölkənin film istehsalı ilə məşğul olan şirkətləri ilə görüşlər barədə sualı cavablandırıb. Türkiyəli mütəxəssislərlə çəkiləcək filmlərin Vətən müharibəsindən, Xocalı soyqırımından və digər tarixi hadisələrdən bəhs edəcəyini vurğulayıb: Filmlərin birgə çəkilməsi o deməkdir ki, çəkilişlərdə Azərbaycan tərəfindən həm aktyorlar, həm də rejissorlar iştirak edəcəklər. Amma filmlərin hansı formatda çəkiləcəyi və rejissorların kimliyi barədə danışmaq hələ tezdir. Layihələr çoxdur. Biz onların hamısını nəzərdən keçirib, ən optimalını seçəcəyik.

 

Mədəniyyət.- 2021.- 12 mart.- S.3.