Yeni şəraitdə yeni xidmətlər

 

Milli Kitabxananın direktoru beynəlxalq forumda çıxış edib

 

Azərbaycan Milli Kitabxanası martın 11-də Kitabxanalar birliyi: uzunmüddətli tərəfdaşlığın nailiyyətləri və perspektivləri adlı beynəlxalq onlayn forumda iştirak edib.

 

Forumda Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və digər MDB ölkələrinin milli kitabxanaları iştirak ediblər. Beynəlxalq forumda milli kitabxanaların ötənilki fəaliyyəti, pandemiya dövründə həyata keçirilən ən yaxşı layihələr və milli kitabxanaların istifadəçilərin informasiya təminatında rolundan danışılıb.

 

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov forumun ekspert sessiyasında İlin ən yaxşı təcrübəsi. Yeni şəraitdə yeni xidmətlər mövzusunda çıxış edib.

 

O, çıxışında Azərbaycan Milli Kitabxanasının fəaliyyəti və Azərbaycan kitabxanalarının pandemiya şəraitində üzərinə düşən vəzifələrdən söz açıb. Bildirib ki, ölkə kitabxanaları xüsusi karantin rejimi ilə əlaqədar öz fəaliyyət istiqamətlərini müvafiq şəraitə uyğun qurublar. Azərbaycan Milli Kitabxanası tərəfindən onlayn formada oxuculara kitabxana-informasiya xidməti davam etdirilib.

 

Kərim Tahirov Azərbaycanın işğaldan azad olunmuş bölgələrində yaradılacaq kitabxanaların fondları üçün həyata keçilən kitab toplama kampaniyası haqqında da məlumat verib. O, erməni işğalı zamanı 10 rayonun ərazisində Mədəniyyət Nazirliyinin kitabxana şəbəkəsinə daxil olan, ümumilikdə 4,5 milyondan çox nüsxə fonda malik 975 kitabxananın tamamilə məhv edildiyini diqqətə çatdırıb. Bildirib ki, kitab toplama kampaniyası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə təşəbbüsü əsasında keçirilir. Direktor forumda iştirak edən kitabxanaları da bu kampaniyaya qoşulmağa çağırıb.

 

Forumda Azərbaycan Milli Kitabxanasının 2020-ci ildə həyata keçirdiyi layihələr təqdim olunub. Görkəmli şəxsiyyətlər və əlamətdar tarixi hadisələr haqqında elektron məlumat bazaları, virtual sərgilər, Milli Kitabxananın nəşrləri maraqla qarşılanıb.

 

 

Mədəniyyət.- 2021.- 12 mart.- S.3.