Milli Teatr Günü Zəfər ruhu ilə qeyd olundu

Qarabağdan didərgin düşən teatrlarımız tezliklə fəaliyyətini doğma yurdlarında davam etdirəcək

 

10 mart Azərbaycan peşəkar milli teatrının yarandığı gün Teatr Xadimləri İttifaqında qeyd edildi. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, görkəmli sənət adamları iştirak edirdilər.

 

Tədbirdən əvvəl nazir Anar Kərimov Teatr Xadimləri İttifaqının binası ilə tanış olub, incəsənət xadimləri ilə səmimi söhbət edib.

 

Azərbaycan peşəkar milli teatrının yaranmasının 148-ci ildönümünə həsr olunmuş mərasimdə əvvəlcə Teatr Xadimləri İttifaqına həsr olunmuş mahnının müşayiəti ilə videoçarx təqdim edildi. Vaxtilə Aktyor evinin (Teatr Xadimləri İttifaqının yerləşdiyi bina) açılışı münasibətilə yazılmış (söz: Əliağa Kürçaylı; musiqi: Tofiq Quliyev) mahnı Xalq artisti, bəstəkar Siyavuş Kəriminin yeni aranjimanında müğənni Aysel İbrahimovanın ifasında səsləndi.

 

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov qonaqları salamladı, Milli Teatr Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bildirdi ki, budəfəki Milli Teatr Günü əvvəlki sənət bayramlarından həm də ona görə fərqlənir ki, torpaqlarımız işğaldan azad edilib, bundan sonra Şuşada, Ağdamda, Füzulidə olan teatrlarımız bərpa ediləcək və doğma torpaqlarında fəaliyyətlərini davam etdirəcəklər.

 

Sonra söz mədəniyyət naziri Anar Kərimova verildi.

 

Nazir Anar Kərimov çıxışına ulu öndər Heydər Əliyevin teatr haqqında dediyi sözlərlə başladı: Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır. Teatr Azərbaycan teatr mədəniyyətinin, xalqımızın milli ruhunun, milli dirçəlişinin inkişafında, ümumxalq mədəni səviyyəsinin yüksəlməsində böyük rol oynayır.

 

Qeyd etdi ki, 1873-cü il martın 10-da M.F.Axundzadənin Lənkəran xanının vəziri komediyasının tamaşası ilə əsası qoyulan Azərbaycan peşəkar teatrı zəngin tarixi yol keçib. Milli teatr sənətimizin tarixinə qısa ekskurs edən nazir vurğuladı ki, Azərbaycan teatrının müasir inkişaf səviyyəsinə çatmasında görkəmli dramaturqlar, aktyorrejissorlar böyük rol oynayıblar.

 

Azərbaycan teatrı hər zaman qüdrətli aktyor məktəbi ilə fəxr edib. Realist aktyor məktəbinin banisi Cahangir Zeynalov, romantik aktyor məktəbinin yaradıcısı Hüseyn Ərəblinski, onların silahdaşları və davamçıları Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Sidqi Ruhulla, Mərziyyə Davudova, Ələsgər Ələkbərov, Hökümə Qurbanova, Möhsün Sənani, Ağasadıq Gəraybəyli, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Məlik Dadaşov, Həsən Turabov, Fuad Poladovbaşqa bu kimi korifey sənətkarların yaratdıqları bənzərsiz obrazlar milli teatra böyük şöhrət qazandırıb.

 

SSRİ Xalq artisti Adil İsgəndərovun Azərbaycan Dövlət Dram Teatrına baş rejissor təyin olunması ilə bu sənət ocağının repertuar siyasətində ciddi dəyişikliklər baş verib. Sonra Mehdi Məmmədovun, daha sonra Tofiq Kazımovun gəlişi ilə milli teatrda yeni formaüslub axtarışları geniş vüsət alıb.

 

Qeyd olundu ki, Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklər, Ermənistanın Azərbaycana hərbi təcavüzü, soydaşlarımızın doğma torpaqlarından qaçqın və köçkün düşməsi teatr prosesinə də təsir etdi. İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı doğma yurdlarından didərgin düşdülər.

 

Nazir diqqətə çatdırdı ki, ən yeni tariximizin şanlı səhifələrini təşkil edən 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı misilsiz Zəfər nəticəsində torpaqlarımız işğaldan azad edilib. Otuz il əvvəl Qarabağdan didərgin düşən teatrlarımız Mədəniyyət Nazirliyinin də dəstəyi ilə tezliklə öz doğma yurd-yuvalarında fəaliyyətini davam etdirə biləcəklər.

 

Anar Kərimov Azərbaycanda teatr fəaliyyətinin hüquqi-normativ bazasının formalaşdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini də vurğuladı. Diqqətə çatdırdı ki, ölkə başçısının imzaladığı Teatrteatr fəaliyyəti haqqında qanun (2006), Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında sərəncam (2007), Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı (2009) və digər sənədlər dövlətimizin teatr sahəsinə olan daimi diqqətini göstərir, teatr prosesinin inkişafına xidmət edir. 2013-cü ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 10 mart Milli Teatr Günü kimi təsis olunub.

 

Bu gün multikultural dəyərlərin təşviq olunduğu ölkəmizdə dövlət teatrları sırasında Dövlət Akademik Rus Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı və Qax Dövlət Gürcü Dram Teatrı da fəaliyyət göstərir. Beynəlxalq teatr konfranslarının, teatr festivallarının keçirilməsi, bir sıra teatrların xarici festivalqastrollarda iştirakı, həmçinin nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edilməsi milli teatrımızın dünya teatr məkanına inteqrasiyasını daha da sürətləndirib. Bu gün müstəqil Azərbaycanın incəsənəti, o cümlədən teatr sənəti özünün yeni inkişaf mərhələsinin astanasındadır, deyə Anar Kərimov bildirdi.

 

Nazir Milli Teatr Günü münasibətilə bütün teatr xadimlərini təbrik edərək, milli teatrımızın inkişafı naminə hər kəsə yeni yaradıcılıq uğurları arzuladı.

 

Sonra tədbirin aparıcısı Xalq artisti Hacı İsmayılov Azərbaycan Teatr Xadimləri İttifaqının Sənətkar medalına layiq görülmüş sənət xadimlərinin adlarını açıqladı.

 

Xalq artistləri Həmidə Ömərova, Məmmədsəfa Qasımov, Qurban İsmayılov, Elmira İsmayılova, Vidadi Əliyev, Mənsum İbrahimov, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, Əməkdar artistlər Xudayət Əsgərov və Sənubər İsgəndərli ATXİ-nin Sənətkar medalı ilə təltif olundular. Medalları Teatr Xadimləri İttifaqı Dramaturgiya laboratoriyasının rəhbəri, Xalq artisti Ramiz Fətəliyev, ATXİ İdarə heyətinin üzvü, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimli təqdim etdilər.

 

Həmçinin bildirildi ki, görkəmli heykəltəraş, Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov Azərbaycan Teatr Xadimləri İttifaqına Fəxri üzv qəbul olunub və Sənətkar medalı ilə təltif edilib. ATXİ-nin sədri Azər Paşa Nemətov fəxri üzvlük biletini və medalı Ömər Eldarova təqdim etdi.

 

Xanəndə Mənsum İbrahimovun muğam üçlüyü xoş ifası ilə bayram tədbirinə rəng qatdı. Mərasim Müslüm Maqomayevin ölməz musiqisi Azərbaycan mahnısının səslənməsi və Vətən müharibəsində Qələbəyə həsr olunmuş videoçarxın nümayişi ilə yekunlaşdı.

 

GÜLCAHAN

 

Mədəniyyət.- 2021.- 12 mart.- S.1;3.