Hünəri dillərdə dastan olan Cəlal

 

 

44 gün davam edən İkinci Qarabağ müharibəsində  xalqımıza qələbə sevinci  bəxş  edən  qəhrəmanlardan biri də 1984-cü ildə dağlar diyarı Lerik rayonunun Kornədi  kəndində anadan olan Cəlal Ağaverdi oğlu Ağayev idi. Cəlal Vətəninə, torpağına ürəkdən bağlanmışdı.  Ömrünün mənasını xalqına gərəkli olmaqda görürdü. General Həzi Aslanov kimi qəhrəman tankçı olmaq istəyi isə  lap uşaq yaşlarında qəlbinə hakim kəsilmişdi.

 

2003-cü ildə orta məktəbi bitirib həqiqi hərbi xidmətə yollanır. Naxçıvanda Azərbaycan Silahlı Qüvvələrin tərkibində Vətənini gözbəbəyi kimi qoruyuronun yolunda canını fəda etməyə hər an hazır olur. Əsgərlikdən sonra gizirlik məktəbini oxuyub tank komandiri vəzifəsində xidmətini davam etdirir. 2016-cı ilin Aprel döyüşləri zamanı Cəlal Ağayev hünərini göstərir.

 

Cəlal  İkinci Qarabağ müharibəsinə gedənlərin sırasında da birinci olur. 29 sentyabrda döyüş tapşırığı alan qəhrəman gizir idarə etdiyi tankla düşmənin səngərini keçib, onlarla canlı qüvvəsini məhv edir. Ağır keçən  həmin döyüşün sonuna yaxın Cəlalın tankı düşmən tərəfindən vurulur. Tankdan sağ çıxan igid gizir əlində avtomat son qanına qədər vuruşur. Şanlı Zəfərimizə adını yazmaqla ömrünü canından artıq sevdiyi Vətəninə bağışlayır.

 

Elin qəhrəman oğlu yaşadığı cəmiyyətdə yaxşı ailə başçısı kimi də tanınırdı. Nazənin və Sadiq adlı iki övladını xalqımıza əmanət saxlayıb. İndi  bütün Lerik camaatı Cəlalı özünə iftixar mənbəyi, qürur  yeri bilir. Onun keçdiyi qısa, şərəfli həyat yolu zaman-zaman Vətənə, torpağa sevgi nümunəsi olacaq.

 

Dövlət də sədaqətli oğlunun qəhrəmanlığını unutmadı. Tank komandiri, gizir Cəlal  Ağayev ölümündən sonra “İgidliyə görə” və “Vətən uğrunda” medallarına layiq görüldü.

 

Zəfər ORUCOĞLU

Azərbaycan Jurnalistlər Birliyinin  üzvü

 

 

Mədəniyyət.- 2021.- 12 mart.- S.6.