Unutmadıq, şəhidim” kitabının onlayn təqdimatı

 

 

Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə Esmira Günəşin “Unutmadıq, şəhidim” adlı kitabının onlayn təqdimatı keçirilib. Tədbirə şəhid ailələri və onların yaxınları qatılıb.

 

Esmira Günəş III cildlik kitabın ərsəyə gəlməsindən söz açaraq, onun hazırlanması zamanı xeyli şəhid ailələrini ziyarət etdiyini, bir çox şəhidlərimizin tanınması üçün onlar haqqında yazılarının qəzet və saytlarda dərc olunduğunu deyib. Müəllif kitabın III cildinin artıq nəşrə hazırlandığını qeyd edərək, şəhid ailələrinə təsəlli olub, şəhidlərimizin tanınmasında dəstək olan hər kəsə təşəkkürünü bildirib.

 

Onlayn təqdimata qoşulan Ucar rayon MKS-nin 8 saylı Müsüllü qəsəbə kitabxanasının rəhbəri Əfsanə Həsənova yaşadığı bölgənin şəhidləri haqqında söz açıb.

 

Müəllimə, yazar Şəlalə Ağayeva çıxışında bildirib ki, şəhidlərimizdən nə qədər yazsaq da, onların haqqını verə bilmərik. Bütün nəsillər şəhidlərimizi tanımalı, xatirələrini əziz tutmalıdır.

 

Bədii hissədə şagirdlər Esmira Günəşin şəhidlərə həsr olunmuş şeirlərini söyləyiblər.

 

Mədəniyyət.- 2021.- 12 mart.- S.6.