Qarabağın musiqi tarixi aşıq sənəti

Müsabiqənin qalibləri təltif olunub

 

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə əməkdaşlıq çərçivəsində Qarabağın musiqi tarixi aşıq sənəti gənc aşıqlar onlayn respublika müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

Tədbirdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə, İçərişəhər Muzey Mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova, Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və Əməkdar incəsənət xadimi, UNESCO-nun qeyri-maddi irs üzrə eksperti Sənubər Bağırova çıxış ediblər.

 

Məlumat verilib ki, 4 yaş qrupu (9 yaşdan 20 yaşadək) və 3 nominasiya (Qarabağa aid müxtəlif xarakterli aşıq havaları, gözəlləmə, müxəmməs) üzrə keçirilən müsabiqədə 200 nəfər iştirak edib. 2020-ci ilin noyabr-dekabr aylarında müsabiqənin birinci, 2021-ci il yanvar-mart aylarında isə ikinci turu keçirilib.

 

Müsabiqənin münsiflər heyətində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentləri, sənətşünaslıq üzrə fəlsəfə doktorları Əhliman Rəhimov, Fəzail Orucov, Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının müəllimi Kamran Kərimov, Şuşa Humanitar Kollecinin müəllimi Məharət Şərifli təmsil olunub.

 

Ölkə başçısının Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq, müsabiqə çərçivəsində martın 3-5-də peşəkar müəllimlər tərəfindən aşıq sənəti üzrə onlayn ustad dərsləri təşkil edilibUstad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş xüsusi mükafat nominasiyası üzrə qalibin seçilməsi də qərara alınıb.

 

Münsiflər heyətinin qərarına əsasən, Murad Babaşov (Bakı) Ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş xüsusi mükafat nominasiyası üzrə mükafata, 9-11 yaş qrupu üzrə Bahadur Nəhmətli (Qobustan) I yerə, Kənan Cəfərli (Qubadlı) II yerə, Sona Abbasova (Bakı) və Fuad Məmmədov (Ağstafa) isə III yerə, 12-14 yaş qrupu üzrə Pərvin Məmmədli (Bakı) I yerə, Həsən Aşurov (Bakı) və Şahin Qaraşlı (Ağdam) II yerə, Abbas Bəkirov (Mingəçevir), Elmir Şixəliyev (Qaradağ), Tunar Məmmədli (Laçın) III yerə layiq görülüb.

 

15-17 yaş qrupu üzrə Vahid Qurbanlı (Ağstafa) I yeri, Kənan Gülməmmədov (Bakı), Tacir Alxasov (Bakı) II yeri, Anar Əhmədov (Şuşa), İlkin Məmmədov (Kəlbəcər), İbrahim Hüseynov (Ağstafa) III yeri, 18-20 yaş qrupu üzrə isə Ayşə Məmmədova (Bakı) I yeri, Aynəttin Alışov (Bakı) II yeri qazanıb.

 

Qaliblər Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb, bütün iştirakçılara sertifikatlar təqdim olunub.

 

Mədəniyyət.- 2021.- 12 mart.- S.7.