Xalça Muzeyində Novruz naxışları

Martın 16-da Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Arif Hüseynovun əsərlərindən ibarət Novruz naxışları adlı sərginin açılışı və eyniadlı kataloqun təqdimatı keçirildi.

 

Qonaqları salamlayan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova pandemiya dövründə uzun fasilədən sonra karantin qaydalarına uyğun olaraq təşkil edilən sərgi haqqında məlumat verdi. Bildirdi ki, sərgidə rəssamın Novruz adət-ənənələrini və motivlərini özündə əks etdirən 30-dan çox əsəri nümayiş olunur.

 

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyi İncəsənət şöbəsinin müdiri Fərəh Acalova bildirdi ki, xalqımızın əsas bayramlarından biri olan Novruz rəssamın yaradıcılığında əsas mövzulardan birini təşkil edir: Arif Hüseynovun yaradıcılığına bələd olanlar bilirlər ki, o, milli üslubda olan mövzuları sənətsevərlərə özünəməxsus, düşündürücü tərzdə çatdırır. Bu əsərlərdə millilik, baharın gəlişi, təbiətin oyanışının təsviri ilə yanaşı, biz həm də miniatür sənətimizin tarixini, kompozisiyalara fərqli yanaşmaları görürük. Bu əsərlərdə bir-birindən maraqlı süjetlər elə harmonik şəkildə əlaqələndirilir ki, burada ustalıq ön plana çıxır.

 

Şöbə müdiri çıxışının sonunda Mədəniyyət Nazirliyi adından bahar əhvallı sərginin təşkilinə görə təşəkkürünü bildirdi, tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi.

 

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Xalq yazıçıları Çingiz Abdullayev, Natiq Rəsulzadə, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev Arif Hüseynovun yaradıcılığının xüsusiyyətlərindən danışaraq rəssamı təbrik etdilər.

 

Vurğulandı ki, sərgidə rəssamın Novruz bayramına xas ən maraqlı adət-ənənələri əks etdirən, eləcə də xalça motivləri, milli geyim və nəfis ornamentlərlə, bayramın rəmzləri ilə zəngin, rəngarəng, əyləncəli, poetik tabloları nümayiş olunur. Arif Hüseynovun ənənə və müasirliyin harmonik birliyi əsasında işlənmiş Novruz, Novruz çiçəkləri, Novruz nağılları və s. silsilə əsərlərində miniatür üslubun modern tərzdə interpretasiyası yüksək sənətkarlıq keyfiyyətləri ilə səciyyələnir.

 

Sonda çıxış edən Arif Hüseynov sərginin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.

 

Qeyd edək ki, aprelin 16-dək davam edəcək sərgi çərçivəsində müxtəlif ustad dərsləri, rəssamla görüş və digər tədbirlər təşkil olunacaq.

 

LALƏ

 

Mədəniyyət.- 2021.- 17 mart.- S.2.