İlaxır çərşənbələrin sonuncusu: Torpaq çərşənbəsi

 

 

Novruzun müjdəsi olan ilaxır çərşənbələrdən sonuncusuTorpaq çərşənbəsi də yurdumuza qədəm qoydu. Ən əziz bayramımıza sayılı günlər qaldı....

 

Torpaq çərşənbəsi müxtəlif ayinləri ilə digər üç çərşənbəyə bənzəsə də, bəzi özünəməxsus əlamətlərlə fərqlənir. Bir çox bölgəmizdə bu çərşənbə xüsusi təntənə ilə qeyd olunur.

 

Bu çərşənbədə də hər kəs bir-biri ilə bayramlaşır. Həyətdə tonqal qalanır, evlərdə plov dəmlənir və bayram süfrəsi açılır, artıq səməni də cücərmiş olur.

 

Torpaq həyatın mühüm hissəsi olduğu üçün bu oyanışda əhəmiyyətli bir mövqe tutur. Çünki torpaq müqəddəsliyi türk mifik düşüncəsində, etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışına söykənir. Torpağın oyanmasının mifik kökləri dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə insanın yaradılışı ilə bağlı mifik yaddaşdan qaynaqlanır.

 

Torpaq çərşənbəsi mərasim, oyun və şənliklərlə də zəngindir. Çünki həmin günün mərasimləri suya, oda, yelə, həm də torpağa inamı əks etdirir. Torpaq çərşənbəsində insanlar torpaq sahələrinə çıxar, təmizlik işləri görər, kütləvi şənliklər keçirər və əmək nəğmələri oxuyarlar. Bu çərşənbənin axşam şənlikləri daha təntənəli olar: küsülülər barışar, həyətlərdə tonqal qalanar, evlərdə üzərlik yandırılar. Xüsusilə uşaqlar və gənclər evlərə torba atar, qulaq falına çıxarlar.

 

İlaxır çərşənbə axşamı tonqalın üstündən atılmaq köhnə ilin qada-balasını odda yandırmaq, yeni ilə sağlamyeni ruh yüksəkliyi ilə qədəm qoymaq deməkdir.

 

Xalqımızın Novruzla bağlı düşüncəsinə görə, ilaxır çərşənbədə uşağa beşik düzəldərlər. Gün çıxmamış su üstündən atılarlar. İlin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda, ilaxır çərşənbəni yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan. İlaxır çərşənbədə qorxanların başından su töküb, qorxunu alarlar.

 

Həmin gün evdən qonşuya pul, ələk verməzlər. Şamı yarımçıq söndürməzlər.

 

İlaxır gecəsi cavan qızlar bir yerə yığışıb qaba su tökərlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salarlar. Niyyət tutub üzüyü suyun üstündən keçirərlər. Üzük fırlanmağa başlayar və qabın divarlarına dəyər. Üzük neçə dəfə qaba dəyərsə, demək, o yaşda da qız gəlin köçəcək...

 

İnanclara görə, ilaxır çərşənbə gecəsi il təhvil olanda hətta sular dayanar. Çayqırağında, bulaq yaxınlığında olan ağaclar bir anlığa başlarını suya əyər. Həmin anı kim görüb niyyət tutsa, niyyəti hasil olar. Rəvayətə görə, bir qadın ilaxır çərşənbə gecəsi su gətirməyə gedir. Birdən baxır ki, su dayanıb. Tez-tələsik niyyət edir. Amma tələsdiyindən “dirəyim qızıl olsun” əvəzinə “ərim qızıl olsundeyir. Evə qayıdanda baxır ki, əri qızıl olub. Bu sirri hamıdan gizlədir. Sonrakı ilaxır çərşənbəni gözləməyə başlayır. Amma bir il müddətində uşaqları saxlamaq üçün məcbur olub, ərinin çeçələ barmağını kəsir və uşaqlarının yeməyinə, geyiminə xərcləyir. Bir il tamam olur və qadın gedib suyun kənarında gözləyir. İl təhvil olub su dayananda ərinin əvvəlki vəziyyətə qayıtması üçün niyyət edir və niyyətinə qovuşur...

 

Ulularımızın torpaq sevgisi, onunla bağlı inancları torpağın bolluq, bərəkət mənbəyi olması ilə əlaqədardır. Torpağımızın barı-bərəkəti çox olsun. Bayramınız mübarək!

 

S.FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 17 mart.- S.1;4.