Məktəbdə “Zəfər tarixi” muzeyi

 

Paytaxtdakı 192 nömrəli tam orta məktəbdə “Zəfər tarixi” muzeyi yaradılıb. Muzeydə Azərbaycanın Milli Qəhrəmanları, şəhid təhsil işçiləri, Ermənistanın hərbi təcavüzü nəticəsində həlak olan məktəblilər haqqında stendlər və tariximizin ayrı-ayrı dövrləri ilə bağlı eksponatlar yer alır.

 

Muzeydə “Biz qalib gəldik!”, “Qarabağ Azərbaycandır!”, “Rəşadətli Azərbaycan Ordusu”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Vətən müharibəsi qəhrəmanları” və s. mövzularda stendlər nümayiş olunur. Şagirdlərin əl işləri olan “Şuşa” və “Xudafərin körpüsü” maketləri, eyni zamanda xalqımızın milli adət-ənənələrini əks etdirən nümunələr də maraq doğurur.

 

Muzeyin yaradılmasında məqsəd şəhidlərimizin xatirəsini yaşatmaq, şagirdlərin bu qəhrəmanlıq salnaməsi ilə daha yaxından tanış olmasına və vətənpərvər ruhda formalaşdırılmasına töhfə verməkdir.

 

Onu da qeyd edək ki, məktəbdə “Nizami Gəncəvi İli” ilə bağlı “Nizami Gəncəvi 880” guşəsi də yaradılıb. Bundan əlavə, məktəbdə Azərbaycan xalq nağıllarının personajlarından ibarət ekspozisiyalar nümayiş olunur.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva 192 nömrəli tam orta məktəbdəki “Zəfər tarixi” muzeyiNizami Gəncəvi 880” guşəsi ilə tanış olub. O, məktəbdəki yaradıcı mühit və təşəbbüskarlığın nəticəsi kimi hər iki layihənin təqdirəlayiq olduğunu vurğulayıb.

 

Mədəniyyət.- 2021.- 17 mart.- S.6.