Musiqidə birləşən dostluq telləri

Martın 12-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Maya Quliyeva adına Türkmənistan Milli Konservatoriyasının birgə təşkilatçılığı, Türkmənistanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə onlayn konsert keçirilib. Tədbir Türkmənistan Respublikasının müstəqilliyinin 30 illiyi və Türkmənistanın 2021-ci ili Beynəlxalq sülhetimad ili elan etməsi münasibətilə təşkil olunub.

 

Onlayn konserti Türkmənistan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq namizədi Rasul Amanqeldiyev, SSRİ və Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli açıq elan ediblər.

 

Hər iki rektor qardaş ölkə və xalqlarımızın tarixi bağlarından, həmrəyliyindən söz açaraq, mədəniyyətimizin və incəsənətimizin yaxınlığını vurğulayıblar. Həmçinin konsert layihəsi təqdir edilərək, belə tədbirlərin mütəmadi təşkil edilməsinin əhəmiyyəti qeyd olunub.

 

Konsertin təşkilinə verilən dəstəyə görə Türkmənistanın Azərbaycandakı Səfirliyinə təşəkkür ifadə olunub.

 

Sonra Türkmənistan Milli Konservatoriyası və Bakı Musiqi Akademiyası tələbələrinin ifaları dinlənilib.

 

Mədəniyyət.- 2021.- 17 mart.- S.4.