“Xəyalların fantasmaqoriyası” – gözəl anların sirri...

 

Nigar Nərimanbəyova: “Növbəti sərgimi Vətən üçün igid oğullar böyüdən analara həsr etmək istəyirəm”

 

Ah mənim yaddaşım, gəl möhkəm ol sən bir az,

Sənəmi öyrədim mən həm səbri, həm dözümü?

Vıyıldayan dəli külək sanki dərin kədərim,

Sobadakı odunlar arzularımdır mənim...

 

Bu misralar martın 13-də, Novruz bayramı ərəfəsində Bakı İncəsənət Mərkəzində sərgisi açılan Nigar Nərimanbəyovaya məxsusdur. “Xəyalların fantasmaqoriyası” adlı sərgini açılış öncəsi (12 mart) ilk ziyarət edən biz olduq.

 

Dərin hisslərdən yaranan ədəbi nümunələr və rənglərin harmoniyası. Sərginin, adından da göründüyü kimi, rəssamın xəyallar dünyası və sənət duyumunun bir-biri ilə qovuşduğu anların məhsulu olan əsərlər. Qalereyanın divarlarında asılan əsərlərin hər biri elə ilk dəqiqələrdən xoş təəssürat yaradır.

 

Rəssam, animator, rejissor Nigar Nərimanbəyova Azərbaycan mədəniyyətinə mühüm töhfələr vermiş Nərimanbəyovlar nəslindəndir, Xalq rəssamı Vidadi Nərimanbəyovun qızıdır. Azərbaycan Rəssamlar İttifaqı, Beynəlxalq İncəsənət Assosiasiyası, həmçinin Fransanın “Stella Art İnternational” Assosiasiyasının üzvüdür. Bakıda və Parisdə yaşayıb fəaliyyət göstərir.

 

Nigar xanım Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini əla qiymətlərlə başa vurandan sonra Moskvada S.Gerasimov adına Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda multiplikasiya rəssamı (animator) ixtisası üzrə Lev Milçinin sinfində təhsil alıb. Əsərləri ölkəmizin aparıcı sərgi salonlarında, Parisdaxil Avropanın bir sıra qalereyalarında sərgilənib, şəxsi kolleksiyalarda saxlanılır. Rəssamın “Uşaqlıq yuxuları”, “Sevgi illüziyası”, “Sevgi oyuncaqları” və s. silsilələri maraqla qarşılanıb. Onun yaradıcılığı Fransa vizual sənətinin ən müxtəlif tendensiyalarını özündə əks etdirir.

 

Eyni zamanda bir azərbaycanlı olaraq yaradıcılığında Orta əsrlər miniatür sənətindən də təsirlənib. Bütün bu tandem isə onun əsərlərinin özündə sanki fəzanın ənginliklərinin sirrini gizlədib. Sərgi boyu izlədiyimiz bu romantik əsərlərin rəng sehrinin sirri də bəlkə elə bundadır. Əsərlər bitməz yuxuların vahid bir fantasmaqoriya (bədii əsərdə təsvir olunan mistik, qeyri-real hadisələr, obrazlar, qarabasmalar), sehrli dünyaya bir pəncərədir. Bu sehrli dünyanın qəhrəmanları isə nağıl personajlarıdır. Hər birinin öz nisgili, öz sevgisiöz tarixçəsi var. “Naməlum sevgi”, “Parisli qadın”, “Nostalji”, “Marionet” və digər rəsmlərin hər birinin öz simvolik anlamı var.  Maskalar, mələklər, karnaval, sevgi – bütün bunlar gerçəkliklə xəyalın qarşıdurmasıdır.

 

Rəssam yağlı boya texnikasında fiqurlu, poetik, əfsanəvi üslublarda işləyir. Onun əsərləri insanı daxilən nurlandırır və tamaşaçını sanki uşaqlıq aləminə, nağılvarı fantaziyaillüziyalar ölkəsinə aparır. Sənətkar xəyallar, al-əlvan röyalar və nağıllar aləminə səyahəti əks etdirən “onirik xromatizm” üslubunda işləyir.

 

Nigar Nərimanbəyova Parisdə “Art en Capital” sərgisinin müstəqil rəssamlar salonunda “Adajio” diptixinə görə “Qızıl tablo 2016” diplomuna layiq görülüb. Həmçinin Paris “Biznes Art Fair 2017” salonunda “Nağıllar və xəyallarla dolu unikal əsrarəngiz kainat yaratdığına görə” diplomunu alıb.

 

***

 

Sərgi ilə tanış olduğumuz zaman müəlliflə görüşürük. Səmimi, mehriban və yaradıcı insan olan Nigar xanımla əsərləri müzakirə edirik. Qarlı-şaxtalı, küləkli bir gün olmasına rəğmən rəssamın səmimiyyəti və işıqlı düşüncələri ruhumuza hərarət gətirir...

 

 

 

– Nigar xanım, sərgidə 20-yə yaxın əsəriniz nümayiş olunur. Yuxular və nağıllar. Yeni mövzulu silsilə də var...

 

– Diqqətiniz üçün təşəkkür edirəm. Bəli, bu seriya “Qarabağ xanımları” adlanır. Burada Qarabağın bütün yaradıcı xanımları – rəssamlar, şairələr tərənnüm olunacaq. Hazırda sərgidə bu seriyadan iki əsər sərgilənir: “Qarabağ madonnası” və “Şuşa gözəli”. Qarabağ qadınları güclü, möhtəşəm və yaradıcıdırlar. “Qarabağlı ana”, “Qarabağlı şairə”, “Qarabağlı musiqiçi” əsərlərimi yaratmaq arzusundayam. İstərdim ki, 44 günlük Vətən müharibəsi və şanlı Zəfərimizdən sonra bu seriyadan xüsusi əsərlər ərsəyə gətirim. Vətən üçün igid oğullar böyüdən, cəbhəyə oğul yola salan anaların, döyüş zonasında tibb bacısı kimi çalışan, yaralı hərbçilərimizə yardım edən xanımların əks olunduğu tablolar yaratmaq və növbəti sərgimi onlara həsr etmək istəyirəm.

 

 

 

– Bildiyim qədərilə, bu, sizin Bakıda ilk sərginizdir və pandemiya səbəbindən əsərlərin az hissəsini təqdim etmək imkanınız olub.

 

– Bəli, bu sərgidə Parisdən gətirdiyim az sayda əsərlərim nümayiş olunur. Pandemiya ilə əlaqədar uçuşlar dayandırıldı. Təcili olaraq Bakıya ancaq bu əsərləri gətirə bildim. 50-yə yaxın əsər isə Parisdə qaldı. Bu əsərlər ötən ilin mart ayında Bakıya gətirilib. Sərgilənən rəsmlər dünyanın bir çox incəsənət layihələrində nümayiş olunub. Sərgidə bir il ərzində Bakıda yaratdığım 8 yeni əsər də yer alır. Mənim köklərim həm də Parislə bağlı olduğu üçün sərgidə də Fransada və Azərbaycanda yaratdığım əsərlər bir-birini tamamlayır. İlk sərgiyə gəlincə, qeyd edim ki, Fransada üç kollektiv sərgim keçirilib, ildə 10-dan çox qrup sərgilərində iştirak edirəm. Bakıda isə uzun müddət gözlədim, qismət də bu günə imiş. Gələcəkdə medal qazanan əsərlərimi və yeni yaradıcılıq nümunələrimi də əlavə etməklə daha geniş bir sərgi keçirməyi düşünürəm.

 

 

 

– Niyə məhz “Xəyalların fantasmaqoriyası”?

 

– Bilirsiniz ki, mənim əsas mövzum yuxulardır. Bu yuxularda gördüklərimə öz fantaziyamı qatıb belə rəngli bir dünya yaradıram. Bir sözlə, sehrli nağılları kətana köçürürəm. Bunların hər biri mənim düşüncəmin, fantaziyamın obrazlarıdır.

 

 

 

– Bəs deyirlər, yuxular ağ-qara olur. Sizin yuxular isə hədsiz rəngarəngdir...

 

– Mənim özüm üçün müəyyən etdiyim istiqamət onirik-xromatizmdir (îíèðèçì – yunanca yuxu, xromatizm – rəngləmə mənası verir – red.). Düşüncəmdə yuxularım rənglidir, nağıl qəhrəmanları var. “Gecə qadın”, “Mələk”, “Arlekino” kimi əsərlərimdə bunu görmək olar.

 

 

 

– Yuxular, nağıllar və rənglər. Bəs bütün bunların əsas fəlsəfəsi nədir?

 

– Təbii ki, qadın. Qadın mövzusu əsərlərimin kulminasiyasıdır. Ona görə ki, qadın dünyadır, yaranışdır. Onun öz kədəri, öz sevinci, öz sevgisi var. Əsərlərimdə də bunu göstərməyə çalışıram. Bütün bu əsərlər qadın talelərini nümayiş etdirir. Qadınlar tez inanır, bəzən tez də aldanırlar. Bu səbəbdən də əsərlərimin hər birində qadın ruhunun gizlin məqamlarını göstərməyə çalışmışam.

 

 

 

– Qarşıdan Novruz bayramı gəlir. Oxucularımıza sözünüz...

 

– İlk növbədə xalqımızı Qələbəmiz münasibətilə təbrik edirəm. Bunun özü artıq böyük bir bayram deməkdir. Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdaram ki, torpaqlarımız bu gün azaddır. Xalqımız qalib xalq oldu. Azərbaycan xalqı dünyanın ən xeyirxah xalqıdır. Həmişə dünyaya açıq olmuşuq. Sərgimin Novruz ərəfəsində açılması da mənim üçün əlamətdardır. Novruz bizim ən gözəl bayramımızdır. Əziz xalqımın bu bayramı da gözəl arzuların həyata keçməsinə vəsilə olsun. Heç vaxt xəstəliklər olmasın, evlərdə xoşbəxtlik, sevinc olsun. Ölkəmizdə hər zaman firavanlıq əmin-amanlıq hökm sürsün. Qoy ulu Tanrı xalqımızı qorusun. Yaşasın Ali Baş Komandanımız, Ordumuz xalqımız!

 

Sonda isə qeyd edim ki, Bakı İncəsənət Mərkəzində Nigar Nərimanbəyovanın “Xəyalların fantasmaqoriyası” sərgisi martın 30-dək ziyarətçiləri gözləyir.

 

Lalə AZƏRİ

 

 

Mədəniyyət.- 2021.- 17 mart.- S.5.