Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri

Beynəlxalq rəsm müsabiqəsinə yekun vurulub

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun keçirdiyi Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri adlı beynəlxalq rəsm müsabiqəsinə yekun vurulub. Martın 16-da Fondda Novruz bayramına və müsabiqənin yekunlarına həsr olunmuş mərasim keçirilib.

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tədbiri açaraq Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib. Bildirib ki, 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilən Novruz bayramı ümumbəşəri mədəni irsə çevrilib. BMT tərəfindən 21 mart Beynəlxalq Novruz Gününün elan olunması da dünya miqyasında bu bayrama verilən dəyərin göstəricisidir.

 

Türkdilli xalqların mədəniyyətində Novruz yazı, yaşam sevincini, ruhun təmizlənməsini ifadə etməklə yanaşı, oyanan təbiət ilə birlikdə məhsuldarlığı ifadə edən məna və elementlərlə zəngindir. Türk dünyasında sülh bayramı kimi də xatırlanan Novruz bizim milli yaddaşımızın göstəricisidir. Bu bayram günlərində unudulmuş adətlər xatırlanır, qədim ənənələr canlanır. Qürurverici haldır ki, Novruz 30 ildən sonra doğma Qarabağımıza, işğaldan azad etdiyimiz yurd-yuvamıza qayıdır. Əcdadlarımızdan qalan bu ənənələr bizim üçün bir mirasdır. Bizim məqsədimiz bu ənənələri yaşatmaqdünyada təbliğ etməkdir, deyə Günay Əfəndiyeva bildirib.

 

Vurğulanıb ki, müsabiqədə iştirak etmiş Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Macarıstandan olan uşaqların çəkdikləri əsərlərdən ibarət sərgi türk dünyasının qədim tarixini, mədəniyyətini və ruhunu əks etdirir: Türk dünyasının qədim adət-ənənələri bizi həmin o sehrlisirli dünyaya aparır. Bizi Novruzun gətirdiyi saflığa, xeyirxahlığa və mərhəmətə səsləyir və mənəvi dəyərlərimizə sahib çıxmağa çağırır.

 

Tədbirdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov müsabiqənin təşkilatçılarına minnətdarlığını bildirib. Qeyd edib ki, türkdilli xalqlar ta qədimdən yaz fəslini təbiətin canlanması ilə bağlayıb, onu yeni ilin başlanğıcı kimi qeyd ediblər. Novruz bayramı tarixin sınaqlarından çıxaraq bu günə qədər gəlib çıxıb. 2021-ci ilin Novruzu xalqımız üçün xüsusi önəm kəsb edir. 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımız azad edilib və ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Bu bayramın işğaldan azad olunmuş torpaqlarda qeyd olunmasına görə müzəffər Ali Baş Komandan İlham Əliyevə və şanlı Ordumuza borcluyuq.

 

Tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Türkiyə səfiri Erkan Özoral, Qırğız Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Muhammed Lou, Özbəkistan səfirliyinin attaşesi Oybek Akramov, Türkmənistan səfiri Mekan İşanquliyev, Macarıstan səfirliyinin katibi Mixay Qruber, Litva səfiri Egidiyus Navikas, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai çıxış ediblər. Çıxışlarda müsabiqə yüksək qiymətləndirilib, Novruzun mədəni irs kimi əhəmiyyəti vurğulanıb.

 

Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri adlı beynəlxalq rəsm müsabiqəsində fərqlənən iştirakçıların sertifikatları təmsil olunduqları ölkələrin diplomatlarına təqdim edilib. Müsabiqə qaliblərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

 

Fondda təmsil olunan ölkələrin milli musiqisinin müşayiəti ilə milli geyimlər nümayiş etdirilib. Türkdilli xalqların milli mətbəx nümunələrini, mədəni irsini əks etdirən stendlər də maraqla qarşılanıb.

 

Mərasimin sonunda Fondun prezidenti Günay Əfəndiyeva, Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov və səfirlərin iştirakı ilə Novruz bayramının əsas adətlərindən biri sayılan yumurta döyüşü keçirilibNovruz tonqalı yandırılıb. Tədbir pandemiya şəraitinə uyğun olaraq təşkil olunub.

 

Mədəniyyət.- 2021.- 19 mart.- S.4.