Mədəniyyət Nazirliyində İranın ölkəmizdəki səfiri ilə görüş keçirilib

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov martın 18-də İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

 

Səfiri salamlayan nazir Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mövcud olan dostluq münasibətlərinin xalqlarımızın əsrlər boyu malik olduğu mədəni, tarixidini bağlara söykəndiyini bildirib. İkitərəfli əlaqələrin bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində də inkişaf etdiyini qeyd edən Anar Kərimov Azərbaycan və İranın beynəlxalq təşkilatlar çərçivəsində hər zaman həmrəylik nümayiş etdirdiyinibir-birinin mövqeyini dəstəklədiyini vurğulayıb.

 

Səfir Seyid Abbas Musəvi Azərbaycan və İran xalqlarının tarixi dostluğunu vurğulayaraq ölkələrimiz arasında mövcud mədəni əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Ölkələrimizin sahib olduğu ortaq dəyərlərin təbliğ edilməsi üçün geniş imkanların mövcudluğundan danışan diplomat İran tərəfin bu sahədə əməkdaşlığa hazır olduğunu bildirib.

 

Görüşdə nazir Anar Kərimov Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində İran İslam Respublikası tərəfindən nümayiş etdirilən dəstəyin Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirildiyini qeyd edib. İranın hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəklədiyi vurğulanıb.

 

1993-cü ildə Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra dağıntılara məruz qalan Xudafərin körpülərinin üzərində 27 il sonra Azərbaycan bayrağının ucaldıldığı diqqətə çatdırılıb. Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində yerləşən Xudafərin körpülərinin UNESCO-nun Dünya irsi siyahısına salınması məqsədilə birgə tədbirlərin həyata keçirilməsi məsələsinə toxunulub.

 

Görüş zamanı dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi və Azərbaycan Respublikasında 2021-ci ilin Nizami Gəncəvi İli elan edilməsi ilə əlaqədar birgə tədbirlərin, o cümlədən sərgi və təqdimatların keçirilməsi ilə bağlı fikirlər də səsləndirilib.

 

Azərbaycan və İran arasında imzalanmış sazişlərin yenilənməsi, qarşılıqlı mədəniyyət günlərinin təşkili, birgə filmlərin çəkilməsi, işğaldan azad edilən ərazilərdə tarixi-mədəni və dini abidələrin bərpası sahələrində əməkdaşlıq, habelə tərəflər arasında maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2021.- 19 mart.- S.2.