Nazlı səməni Ц xoş duyğuların cücərtisi

 

Mən səməni hazırlamağı çox sevirəm, lap çox. Həm də hər il xeyli miqdarda hazırlayıram.

 

Səməni Novruz bayramının ən gözəl atributlarından biridir. O, ilk yaşıllıqdır ki, qışdan çıxdığımızdan xəbər verir. Səməni həm də belə əlamətdardır ki, buğdası isladılıb cücərdildiyi gündən solana qədər onu hazırlayan insan ancaq dualar edir, xoş sözlər söyləyir, ürəyində yaxşı niyyətlər tutur. Ona görə də düşünürəm ki, səməninin hər cücərtisində bir dua, bir xoş niyyət, bir arzu var. Dualarla, xoş arzu- niyyətlərlə bitən səmənini kimə hədiyyə verirəmsə, həmin insanlar mənə Уəlin yüngül oldu, evimdə xoş günlər oldu, arzularım çin olduФ deyəndə ürəyim dağa dönür sanki. Elə bilirəm ki, bu xoş günlərdən, sevincdən, xoşbəxtlikdən mənə də bir pay düşürbütün bunlara ürəkdən sevinirəm.

 

Xoş niyyətlərin, gözəl arzuların bəhrəsi olan nazlı səmənini ürəyində gözəl arzuları, ağzı dualı insanlara hədiyyə edəndə onların gözlərindən axan parıltı və dodaqlarından süzülən gözəl təbəssüm mənə elə saf duyğular bəxş edir ki... Kaş bu səmənidə olan bütün dualarımız, arzu-istəklərimiz çin ola və hər kəsə bu xoş niyyətlərdən pay düşə. Xoş duyğuların cücərtisi səmənini kim əlinə alırsa, üzü gülür, evin ən gözəl yerinə qoyur. Heç kəs səmənisiz bayram eləmir. Səməninin gözəlliyi və özəlliyi həm də ondandır ki, solanda onu paklıq mücəssəməsi kimi ürəyində arzu tutub ancaq axar suya atırıq.

 

Kaş elə gücüm olaydı ki, nə qədər insan var hamısına səməni hədiyyə edə biləydim. Arzum budur ki, səmənilərimiz hər kəsin evinə xoşbəxtlik gətirsin, analarımız məzarlar üstünə deyil, toy xonçalarına səməni qoysunlar. Toy xonçalarına səməni qoyulan gənclərimiz gələn səməni vaxtı yeni dünyaya gələn körpələrinin adına səməni cücərtsinlər. Gənc valideynlərimiz övladlarının xoş günlərini görə-görə, ürəyi şad bayram səməniləri hazırlasınlar. Ağsaqqal-ağbirçəklərimiz müdrik söhbətləri ilə səməni cücərtmək ənənəsini gənclərimizə sevdirsinlər. Bayramınız mübarək!

 

Məryəm ƏLİYEVA

Kürdəmir rayon MKS-nin baş biblioqrafı

 

Mədəniyyət.- 2021.- 19 mart.- S.6.