Səhnədən qaçaq bayram

Novruz xalqımızın qədim mədəni irsini, o cümlədən meydan tamaşası nümunələrini özündə yaşadan bayramdır. Təsadüfi deyil ki, peşəkar teatrımızın yarandığı vaxtlarda da məhz bayramlar, ələlxüsus da Novruzla əlaqəli mərasimlər səhnəyə gətirilir və aparıcı element kimi istifadə olunurdu.

 

Milli teatr anlayışımızla xalqın ən mütərəqqi bayram hesab etdiyi Novruz bu qədər iç-içə olduğu halda, təəssüf ki, peşəkar səhnəmiz, teatrımız bu bayrama, onun ayrı-ayrı məqamlarına peşəkar yaradıcılıq faktı kimi yetərincə baxa bilməyib. Teatr nəzəriyyəçiləri bununla razılaşmaya bilərlər. Doğrudur, teatrlarda Novruz bayramı günlərində tamaşalar hazırlanıb. Amma onlar daha çox uşaqlar üçün və sırf bayram günlərində nümayiş üçün nəzərdə tutulan səhnə nümunələridir. Daha çox Novruz personajları Kosa, Keçəl, Bahar qız, Keçi və digər folklor qəhrəmanlarının olduğu komik janrlı tamaşa-səhnəciklərdir.

 

Abdulla Şaiq və Xanımana Əlibəyli, eləcə də yaradıcılığında uşaq ədəbi nümunələrinə geniş yer verən müəlliflərin bu mövzuda əsərləri var. Amma onların heç də hamısı səhnəyə yol tapmayıb. Bu sırada Abdulla Şaiqin Gözəl bahar və Rəhman Əlizadənin Keçəlin toyu əsərləri diqqəti cəlb edir ki, istər kukla, uşaq teatrları, istərsə də mövsümdən-mövsümə uşaqlar üçün tamaşalar hazırlayan dram teatrları bu əsərlərə müraciət ediblər.

 

Tənqidçi, filologiya elmləri doktoru Elnarə Akimova dramaturqlarımızın bu mövzuya az müraciət etməsindən təəssüfləndiyini deyir: İdeya, motiv kimi Novruz faktının dramaturji materiala çevrilib, səhnələrə yol tapmamağı acınacaqlı haldır. Ümumən Novruz bayramı mövzusu nə qədər ürəkaçan olsa da, onun ədəbi həlli bir o qədər pəjmürdə edir. Doğrudur, uşaq ədəbiyyatında müəyyən motivlər Kosa, Keçəl ön plana gətirilib. Klassik nəsrdə İsmayıl Şıxlının Dəli Kür əsərində buna rast gəlsək də, dramaturgiyada bu mövzu kənarda qalıb.

 

Ədəbiyyatşünasın fikrincə, bu boşluğu müəyyən qədər poeziya doldurmağa çalışıb və əsasən də tərənnüm xarakterli nümunələr yaranıb.

 

Teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarlı peşəkar teatrımızın bu mövzu ilə bağlı çox kasad olduğunu qeyd edir: Nəinki keçmiş, elə müasir dövrü götürdükdə Novruzla, baharla bağlı tamaşalar sarıdan problemin olduğunu görürük. Bir məqamı deyim ki, hələ 1910-cu ildə milli uşaq dramaturgiyasının banisi Abdulla Şaiq Gözəl bahar adlı üçpərdəli mənzum pyesini ərsəyə gətirdi. 1911-ci ildə Bakıdakı Mariinski qızlar gimnaziyasında bu əsər, həvəskar səviyyədə olsa da, tamaşaya qoyuldu. Təsadüfi deyil ki, peşəkar teatrımızda uşaq tamaşalarının əsası məhz bu əsərlə qoyulub. 1922-ci ilin 7 aprelində Abbas Mirzə Şərifzadənin quruluşunda indiki Akademik Milli Dram Teatrında bu tamaşanın premyerası olub. Ümumilikdə isə, kütləvi tamaşaçı üçün Bahar bayramı, Novruzla bağlı tamaşalara rast gəlinmir.

 

Təkcə bir faktı xatırlayıram. 1987-ci ildə M.F.Axundzadənin 175 illiyinə həsr olunmuş teatr festivalı keçirilirdi və Şəki Dövlət Dram Teatrı festivala Müsyö Jordan və dərviş Məstəli şah tamaşası ilə gəlmişdi. Cahangir Novruzovun quruluşunda epik üslubda hazırlanan tamaşada Novruz bayramının bütün elementlərindən istifadə olunmuş və bayramın adətləri öz əksini tapmışdı.

 

Ötənilki və builki pandemiya şəraitini nəzərə almasaq, hər Novruz tətillərində, teatrlarımızda bayramla bağlı tamaşalar, şənliklər hazırlanıb. Maraqlıdır ki, onların da əksəriyyəti mərhum dramaturq Rəhman Əlizadənin Keçəlin toyu pyesinin motivləri əsasında ərsəyə gəlib.

 

Sözsüz ki, Azərbaycan teatrının kökü xalq, meydan teatrından gəlir və xalq həm də bu tamaşalarla tərbiyə alıb, zövqünü formalaşdırıb. Amma peşəkar dramaturgiya nədənsə bu mövzuya sadəcə, uşaqlar üçün oyun pəncərəsindən baxıb...

 

HƏMİDƏ

 

Mədəniyyət.- 2021.- 19 mart.- S.3.