Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyində Novruz tədbiri

 

Martın 17-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Novruz bayramı münasibətilə tədbir keçirilib.

 

Tədbir Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi və muzeyin birgə təşkilatçılığı ilə reallaşıb. Muzeydə Novruz xonçaları, xalçalar, məişət əşyaları nümayiş etdirilib.

 

Bayram mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqan, Gürcüstan xarici işlər nazirinin müavini Vladimir Konstantinidi, digər rəsmilər, deputatlar, Qazaxıstan və Türkmənistan səfirliklərinin əməkdaşları iştirak ediblər.

 

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva tədbiri açaraq Novruz bayramı ilə bağlı fikirlərini bölüşüb.

 

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək Novruz bayramının əhəmiyyəti və bayramın Azərbaycan və digər türkdilli xalqların həyatındakı rolundan danışıb. Bildirib ki, Novruz bayramı Azərbaycan xalqının milli-mənəvi dəyərlərində xüsusi yer tutur və özünəməxsus adət-ənənələri ilə seçilir.

 

Gürcüstanın xarici işlər nazirinin müavini Vladimir Konstantinidi, barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müavini Lia Giqauri, parlamentin DiasporQafqaz məsələləri üzrə komitəsinin sədri Beka Odişariya, Tbilisi Sakrebulosunun (bələdiyyə) sədri Giorgi Tkemaladze, şəhər merinin müavini Andria Basilaya çıxış edərək azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıblar.

 

Lia Giqauri qeyd edib ki, Gürcüstan çoxmillətli ölkədir və bütün milli azlıqlar harmoniya şəklində birgə yaşayırlar. Novruz bayramı şənliklərinə gürcülər də qoşulur və baharın gəlişini birlikdə qeyd edirlər.

 

Tədbir bədii proqramla davam edib.CeyranSarvanrəqs ansamblları, gənc tarzən musiqiçi Ramin Pirməmmədov, aşıq Nargilə Mehdiyevanın rəhbərlik etdiyiMeydan qrupuAzərbaycanın milli rəqs mahnılarını ifa ediblər.

 

Qonaqlar Novruz şirniyyatlarının, Azərbaycanın milli mətbəx nümunələrinin dadına baxıblar.

 

Tədbirdə Novruz bayramı haqqında gürcü dilində videoçarx nümayiş olunub.

 

 

Mədəniyyət.- 2021.- 19 mart.- S.3.