Ulu əcdadlarımızın bizə müqəddəs yadigarı

 

 

Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

 

Novruz bayramı bizə ulu əcdadlarımızın təbiətin əbədi nizamına ehtiramını ifadə edən müqəddəs yadigarıdır. Bu bayram Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Yad təsirlərdən qoruyaraq layiqincə yaşatdığımız Novruz ənənələri çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın, eyni zamanda, bəşər mədəniyyətinə töhfəsidir.

 

Bu sözlər Prezident İlham Əliyevin martın 18-də Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanlanan təbrik müraciətində yer alıb.

 

Təbrikdə vurğulanır ki, Bahar bayramının Odlar diyarına builki gəlişi xüsusən əlamətdardır: “Müstəqilliyimizin bu baharına dövlətçilik tariximizdə qızıl hərflərlə əbədi qalacaq və həyatımıza hələ yeni-yeni nailiyyətlər bəxş edəcək parlaq Qələbə ilə qədəm qoymuşuq. Haqq işi uğrunda mübarizə duyğusundan aldığımız misilsiz mənəvi güclə biz sınaq anında yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş, yurdumuzu bədxah düşməndən təmizləmiş və ədaləti qanımız bahasına bərpa etmişik. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir.

 

Xalqımızın qalibiyyət ovqatını bütün qəlbi ilə yaşadığı bu bayram günlərində bir daha Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman övladlarımıza rəhmət diləyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik”.

 

“İrəlidə bizi işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözləyir. İnanıram ki, yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ab-havası ilə həmahəng birlik və həmrəylik nümayiş etdirəcək, böyük qayıdış planımızı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək, doğma Qarabağı qısa müddətdə dirçəldəcəyik”, – deyə təbrikdə qeyd olunur.

 

Dövlət başçısı Novruz bayramı münasibətilə hər kəsə cansağlığı, səadət, bahar əhval-ruhiyyəsi, bu bayramın evimizə, ocağımıza bol ruzi-bərəkət və firavanlıq gətirməsini arzu edib.

 

 

Mədəniyyət.- 2021.- 19 mart.- S.1.