Üzeyir bəy ənənələrinin davamçısı

 

 

Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin davamçıları sırasında Səid Rüstəmov, Süleyman Ələsgərov, Rauf Hacıyev,  Tofiq Quliyevbaşqa görkəmli bəstəkarlarla bərabər Əməkdar incəsənət xadimi, professor Zakir Bağırovun da adı çəkilir. Görkəmli sənətkar diqqətəlayiq əsərləri ilə musiqi mədəniyyətimizi zənginləşdirib.

 

Zakir Cavad oğlu Bağırov 16 mart 1916-cı ildə Şuşa şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı şəhərinə gəlir və 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki musiqi məktəbində oxuyur. Təhsilini davam etdirmək üçün 1935-ci ildə Moskva Dövlət Konservatoriyasının nəzdində Musiqi Texnikumuna qəbul olunur. Onu da qeyd edək ki, Zakir Bağırovun da gənclik illəri qanlı-qadalı müharibə illərinə təsadüf edir. Musiqi Texnikumunu bitirir, könüllü olaraq İkinci Dünya müharibəsinə qatılır. Müharibədən qayıtdıqdan sonra Moskva Dövlət Konservatoriyasının Nəzəriyyə-bəstəkarlıq fakültəsinə daxil olur. Təhsilini  1949-cu ildə müvəffəqiyyətlə başa vurub Bakıya dönür.

 

Zakir Bağırov yaradıcılıq fəaliyyəti dövründə musiqinin müxtəlif janrlarına müraciət edib. Qoca Xattabıç”, “Aygün” operaları, “Qayınana”, “Kəndimizin mahnısı” musiqili komediyaları, bir uşaq baleti, fortepiano ilə simfonik orkestr üçün, tar ilə simfonik orkestr üçün, kamança ilə simfonik orkestr üçün konsertlər, xalq çalğı alətləri orkestri üçün süitalar, kamera-instrumental əsərlər, mahnı və romanslar, bədii və sənədli filmlərə, tamaşalara yazılmış musiqilər və s. onun yaradıcılıq diapazonunun genişliyini göstərir.

 

Sənətkar 1958-ci ildə yazdığı “Kəndimizin mahnısı” musiqili komediyasında Lətif və Almaz surətlərini ictimai mühitdə baş verən eybəcərliklərin qarşıdurması fonunda verir. Qəfiyev və Brilyantovun diletant səviyyədə kənddə konsert təşkil etməsi, onların bu konsertin yüksək səviyyədə olmaması kimi fikirlərini qələmə alır. Bu əhvalatlar sonda iki sevgilinin qovuşması ilə bitir...

 

1974-cü ildə yazılan “Qayınana” musiqili komediyasının süjetmövzusu tamaşaçılara eyniadlı məşhur filmdən də yaxşı məlumdur. Ümumiyyətlə, hər iki musiqili komediyada ailə-məişət münasibətləri ön plana çəkilir. Əsərin qəhrəmanları - Ayaz, Sevda, İlqar, Afət (Zərifə), Cənnət, Əli və Sədaqət arasında olan münasibətlər komik şəkildə təqdim olunur.  AyazSevda məhəbbətlərinə sadiqdirlər, lakin köhnəfikirli Cənnət xala onların sevgisinə diqqət vermir. O, qayınana-gəlin münasibətlərində mənfi düşüncə tərzinin eybəcər tərəflərini qabardır. İlqar isə dostu Ayazı bu çətinlikdən qurtarmaq üçün bütün vasitələrə əl atır. Sevgilisi Zərifə ilə Cənnət xalanı öz fikirlərindən döndərməyə çalışır...

 

Qeyd edək ki, “Qayınana” musiqili komediyası yalnız Azərbaycanda deyil, Orta Asiya respublikalarında, Bolqarıstanda müvəffəqiyyətlə tamaşaya qoyulub.  Ümumittifaq müsabiqəsində mükafata layiq görülüb.

 

Zakir Bağırov musiqi folklorumuzun toplanması və nota salınması sahəsində də xidmətlər göstərib. O, 1935-ci ildə ilk dəfə olaraq görkəmli bəstəkar Tofiq Quliyevlə birlikdə tarzən Mansur Mansurovun ifasında “Rast”, “Dügah” və “Segah-Zabul” muğamlarını nota alaraq çap etdirib. Bəstəkar həmçinin “Azərbaycan xalq rəqsləri” məcmuəsinin müəlliflərindən olub.

 

Görkəmli bəstəkar 1972-ci ildə Xalq şairi Səməd Vurğunun eyniadlı poeması  əsasında yaratdığı “Aygün” operası da maraqlı musiqi əsərlərindəndir.

 

Zakir Bağırov bir çox teatr tamaşalarına, “Aygün” (bədii), “ qızıl ustaları”, “Bərəkətli torpaq”, “Nizami”, “Sədaqət yolu ilə”, “Təbiətin dostları”, “Quba bağlarında”, “Bizim Azərbaycan” kimi sənədli filmlərə musiqi yazıb.

 

1949-cu ildən ömrünün sonunadək Üzeyir Hacıbəyli  adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deyən bəstəkar musiqiçi kadrların hazırlanmasında böyük əmək sərf edib.

 

Yaradıcılığı yüksək qiymətləndirilən sənətkar 1959-cu ildə “Şərəf nişanı” ordeni, 1960-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

 

Zakir Bağırov 1950-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü olub. Müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, Azərbaycan TeleviziyaRadio Verilişləri Komitəsinin bədii rəhbəri vəzifələrində çalışıb.

 

Musiqi mədəniyyətimizdə silinməz iz qoyan görkəmli bəstəkar, musiqişünaspedaqoq Zakir Bağırov 8 yanvar 1996-cı ildə vəfat edib.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 19 mart.- S.6.