50 yaşlı “Axırıncı aşırım”

 

Ekranda və kadrarxasında baş verənlər

 

Tarixi janrlı filmlər xalqın milli kimliyini əks etdirir. Azərbaycan kinematoqrafçıları bu mövzuda filmlərlə müəyyən dövrlərin mənəvi-ideoloji hərəkatını, ictimai-sosial problemləri mərhələli şəkildə ekranlara gətirməyə, vizual ədəbiyyat vasitəsilə ötən illərə bələdçilik etməyə müvəffəq olublar. Filosof-publisist, ictimai-siyasi xadim Qriqori Landaunun “sənət həmsöhbətin susduğu dialoqdurfikrinin bariz nümunəsi kimi “Axırıncı aşırım” (quruluşçu rejissor Kamil Rüstəmbəyov) vizual hekayəsini yaxın keçmişimizin dəyərli bələdçisi kimi qəbul edərək, 50 yaşlı ekran əsərinin yaranma tarixinə, kadrarxası məqamlarına nəzər salmaq istərdik.   

 

Peşəkarların bir araya gəldiyi filmdə Vəli obrazı ilə tamaşaçı sevgisini qazanan Əməkdar artist Elxan Qasımovun filmlə bağlı xatirələri diqqət çəkir: “Əvvəla, onu deyim ki, mən fəxr edirəm ki, yaxın dostum Fərman Kərimzadənin romanlarının ikinci oxucusu olmuşam. Birinci oxucusu dostu, Xalq şairi Sabir Rüstəmxanlı olurdu. İkinci oxucusu isə həmişə mən olurdum. Onun çox iti yaddaşı vardı, tarixi gözəl bilirdi, araşdırırdı, imkan daxilində faktları şahidlərdən öyrənib yazırdı. “Axırıncı aşırım” filmi kinostudiyanın qızıl dövründə (1971) çəkilib. Həmin illərdə kinostudiyada ssenari emalatxanası vardı. Tanınmış ssenaristlərdən Xalq şairi Ramiz Rövşəni, Xalq yazıçısı Mövlud Süleymanlını və digərlərini daim orda görmək olurdu. Fərmanın “Qarlı aşırım” əsəri oxucular tərəfindən tez sevildi, məşhurlaşdı. Görkəmli sənətkar Adil İsgəndərovun müraciətinə əsasən müəllif ssenarini yazdı, əsər əsasında film çəkildi. Onu da qeyd edim ki, müəllif və rejissor bizimlə münasibətdə heç vaxt qəliz, rəsmi frazalardan istifadə etmir, çox sadə, anlaşılan tərzdə nə etmək lazım olduğunu başa salırdı. Mən rəqqas olduğuma görə həmişə şux yeriyirdim. Bununla belə, Kamil müəllim hər dəfə mənə Vəlinin şəxsiyyətini dolğun çatdırmağım üçündaha da şux yeri, şəqqavətli durdeyirdi. Mənsə “Kamil müəllim, bundan da şux?...” deyə soruşanda, cavabı bu olurdu ki, “yaxşı, bəs mən necə edim ki, bu bəylərin seçmə insan olduğunu göstərim”. Kamil Rüstəmbəyov özü də bəy nəslindən olduğu üçün daxilən, ruhən əsl bəy idi”.

 

Həmin illərdə kinostudiyanın kinoaktyorluq kursunda təhsil alan Əməkdar mədəniyyət işçisi Nadir Əzməmmədovun filmlə bağlı xatirələrindən: “Kinoaktyorluq kursunda Adil İsgəndərovla Kamil Rüstəmbəyov bizə sənət dərsi keçirdi. Bu filmin çəkilişlərinə bizi də cəlb etmişdilər. Tələbə yoldaşlarımla bir neçə kütləvi səhnədə çəkildik. Fərman Kərimzadə bizimlə tez-tez həmsöhbət olurdu. Bir dəfə ondanfilmin ikinci hissəsi üçün əsərin davamını yazacaqsınızmı?” deyə soruşdum. Cavabında yazmağı planlaşdırdığını, hadisələri isə əsasən Kərbəlayı İsmayılla Xudayarın ailə münasibətləri üzərində qurmaq istədiyini bildirdi. Film nəinki ekranlara çıxdıqdan sonra, hələ çəkilişlər getdiyi vaxtlarda insanların diqqətində idi”.

 

Elxan Qasımovun maraqlı xatirələri yaradıcı atmosferin abu-havasını dəqiqləşdirir: “Hamı böyük həvəslə filmin çəkilişlərinə kömək edirdi. Xüsusilə qeyd edim ki, Abbasqulu bəyin xarici görünüşünün mükəmməl alınmasında rəssam Nadir Zeynalovikinci rejissor Tofiq Məmmədovun rolu böyükdür. Həsən Məmmədov (obraza uyğun) libası geyinib gəldikdə sakitcə onu izləyir, susurduq. Belə olan halda Tofiq Məmmədov və Nadir Zeynalov Həsənlə birgə kinostudiyanın kostyum sexinə getdilər. Ordan gələndə isə Həsəni tanımadıq. Yaradıcı heyət, “həə, bax bu başqa məsələ...” deyərək heyrət dolu sevincini gizlətmədi. Həsənin başındakı buxara papağın altına qəzet qoymuşdular ki, üz cizgilərinə uyğun gəlsin, yaraşsın. Həsən də ustad aktyor idi. Başlanğıcdan rolun ruhunu tutmuşdu. Şinelin və altından geyindiyi kitelin ağırlığı zəhmli görünüşünə xüsusi özəllik gətirmişdi. Onu Adil müəllimə göstərəndə obrazın xarici görünüşünü çox bəyəndiyini bildirdi”.

 

Filmin yaradıcı və texniki heyətini bir araya gətirən, kompozisiyaların quruluşuna diqqət edən, heç bir detalı nəzərdən qaçırmayan ikinci rejissor, Əməkdar incəsənət xadimi Tofiq Məmmədovun söylədikləri isə “Axırıncı aşırım”ın çəkiliş meydanında, kadrarxasında baş verənlər barədə daha aydın təsəvvür yaradır: “Filmin əsas uğurlarından biri də personajların dialoqlarıdır. Fərman Kərimzadə sözlərin hamısını kəlmə-kəlmə axtarıb tapır, obrazların münasibətinə uyğun tərzdə yazırdı. Quruluşçu operator Rasim İsmayılov isə nəinki bu filmə, ümumiyyətlə, Azərbaycan operatorluq sənətinə yeni üslub gətirdi. Əvvəllər bir səhnəni çəkəndə lazım olan işıqlandırmanı əldə etmək üçün çoxlu işıq sistemindən istifadə edilirdi. Bu isə ekranda  əngəllər yaradırdı. Rasim çalışırdı ki, lazımlı kadrları naturada olan işıqdan və kiçik gücləndirmədən istifadə etməklə çəksin. Hətta ikinci, üçüncü planda olan aktyorun işıq vəhdətini xırda işıq effekti ilə müəyyənləşdirirdi ki, epizodu dəqiq çəkə bilsin. Bilirdi ki, birinci planda işıq nə qədər olacaq, ikinci plana işıq necə düşəcək. Kölgələr hansı tərəfdən düşməlidir ki, kompozisiyada dərinlik yaransın. Onun yaradıcılıq taktikası güclü idi.

 

Çəkilişləri asanlaşdıran dekorasiyaların qurulmasında Nadir Zeynalovun əməyi böyükdür. Operatorla rəssam işi üzvi surətdə vəhdət təşkil etdiyindən kadrlar dolğun alınırdı. Rasim işini bildiyinə və əldən iti olduğuna görə çəkilişlər üç aya yekunlaşdı, film on bir aya təhvil verildi. Qrimgeyim rəssamları işlərini quruluşçu rəssamın və operatorun istəyinə əsasən qururdular. Kərbəlayının obrazına aid paltarları Adil İsgəndərova geyindirmək olmurdu. O, bəyi başında buxara papaq, ayağında uzunboğaz çəkmə ilə təsəvvür edirdi. Hər dəfə paltarı geyinəndə şikayətlənirdi ki, heç olmasa, papağı dəyişin, bəy papağı olsun.  Kərbəlayının geyimini bu tərzdə hazırlamaqda rejissor və rəssamın məqsədi onu daha çox qolçomağa bənzətmək idi. Onun bu tərzi xarakterinin yarısının da (məcazi mənada) yerin altında olması təsiri bağışlamalı idi. Hətta filmdə Abbasqulu bəyin “Kərbəlayı yerə baxan adam idi. Amma hər dəfə başını yuxarı qaldıranda ağır bir cinayət baş verərdi” fikri də Kərbəlayının göründüyü kimi olduğu təəssüratını tamamlayır. 

 

Nadir Zeynalov Kərbəlayının papağını xüsusi quzu dərisindən tikdirmişdi. Adil müəllimin narazı olduğunu görüb mənə dedi ki, “Tofiq, Adil müəllim sənin xətrini çox istəyir. Sən onu yola gətirə bilirsən. Papağı apar ona, gör geyinməsinə razı sala bilərsənmi?”. Mən həmin papağı, bir dənə də əlavə buxara papaq götürüb Adil müəllimin yanına getdim. O, karakul dərisindən olan bəy papağını başına qoydu və özünəməxsus tərzdə “həəə, belə yaxşıdır” dedi. İndi bu papağa da baxın deyib, digər papağı ona verdim. Papağı başına qoyan kimiəə, bu çoban-çoluq papağıdır, bu nədir...” dedi. Dedim Adil müəllim, Kərbəlayı qolçomaqdır. Camaatdan seçilməmək üçün belə papaq qoymalıdır. O, əvvəlcəmənim heç nəyim yoxdurdeyib malını gizlədir, sonra dailxımı əlimdən aldılar, taxılımı apardılardeyir. Dövləti əlindən alınan adam bəy papağında gəzməz. Onda Adil müəllim Kərbəlayı üçün tikilən papağı əlinə aldı mənə baxıbhəə, yaman hiyləgərsən a...” deyərək papağı qoymağa razılaşdı”.

 

200 min rubl büdcə ayrılan filmdə istifadə olunan əşya avadanlıqlar quruluşçu rəssam Nadir Zeynalovun təxəyyülünün məhsuludur. Tarixi sənədlərə əsaslanaraq qurulan dekorasiyalar mövzuya aid dövrün reallığını əks etdirib. Filmin çəkilişləri üçün kinostudiyanın həyətində kiçik bir kənd salınmışdı. Kənd küçəsi, taxılın zirzəmidən daşınması, arabaya yüklənməsi, toyuq, cücələr studiyanın həyətində cəmlənib, kənd evinə uyğun olan tikililər həmin ərazidə qurulmuşdu.

 

Filmin natura obyektlərinin əksəriyyəti Bakının Fatmayı kəndində çəkilib. Kəndin bəzi küçələrində əlavə dekorlar qurulmuş, fasad dəyişdirilmiş, hasar çəkilmiş, bəzi yerlərdə darvazalar qoyulmuşdu. Toy günü baş verən atışma səhnəsi kəndin aşağı hissəsindəki yolda lentə alınıb. Növrəstənin (aktrisa Tamilla Rüstəmova) Qəmlodan qaçdığı küçələr isə Fatmayıda hasar çəkilən küçənin bir hissəsində reallaşıb. Abbasqulu bəylə Şabanzadənin (aktyor Şəmsi Bədəlbəyli) dialoqu Bayıl qəsəbəsindən Suraxanıya tərəf uzanan ensiz dəmiryolu ərazisində, həmin vaxtlardaKukuşkaadlanan məkanda, Xəlilin (aktyor Həsənağa Turabov) Talıbovun (aktyor Hamlet Xanızadə) dəstə topladığı kadrlar Buzovnada lentə alınıb. Talıbovla Şabanzadənin dialoqu kinostudiyanın pavilyonunda çəkilib. Səmədin evinin interyeri studiyanın pavilyonunda, qonaqları qarşıladığı natura çəkilişi isə Fatmayıda aparılıb. Abbasqulu bəyin öldürüldüyü kadr Qobustanda, aktyorların iri planlı təsvirləri kinostudiyanın həyətində ekranlaşdırılıb.   

 

Kinostudiyada qurulan interyerlərdən İmanın, Xəlilin evinin dekorasiyaları filmin başlanğıcında hadisələrin ümumi mənzərəsini anons edən iclas səhnəsi pavilyonda gerçəkləşib. Xudayarın qardaşının (aktyor Tariyel Qasımov) gizləndiyi məkan (türbənin interyeri) kinostudiyanın pavilyonunda, eksteryeri isə qəbiristanlıqla birlikdə Qobustanda çəkilib. Kərbəlayının evi kinostudiyanın həyətində qurulan iki dekorasiyada (Vəlinin qonaqları qarşıladığı Kolanıdakı karvansara) lentə alınıb. Qonaqların qolçomaqların gərgin münasibətlərini təsvir edən iri plan çəkilişləri ustad operator Rasim İsmayılov tərəfindən süfrənin ortasında qazılan dərinlikdən çəkilib.

 

Məkan və mizan quruluşlarının möhtəşəmliyini aktyorların ifa maneralarının tamamladığını bildirən Elxan Qasımov fikrini Hamlet Xanızadənin yaradıcılıq priyomundan bir maraqlı faktı söyləməklə təsdiqləyir: “Hər bir kadr dəqiq fikrə hesablanmışdı. Xanızadə çörəyi çeynəyərək danışanda çörək ağızda tez əriyirdi. Obrazı sxematik təqdimatdan xilas etmək üçüno, qəzetin kənarından bir parça kəsib (çörək əvəzi) çeynəməyə başladı. Beləcə, rolun məqsədini özünəməxsus mizanda təqdim etdi. Həsən Məmmədov rola elə ciddiliklə girirdi ki, çəkiliş zamanı çaşırdım. Kərbəlayının evdən getdiyini deyəndə Abbasqulu bəyin zəhmli baxışından duruxdum. “Nəyisə düz etmədim” deyə soruşdum.  Operatorunyox, düz oynayırsan, davam et” sözündən sonra çəkilişi davam etdirdik”.

 

Tofiq Məmmədov “Bakıda və Moskvada film yüksək səviyyədə qarşılandı, birinci kateqoriyada qəbul edildi” deməklə çəkiliş qrupunun peşəkarlığını bir daha təsdiqləyir: “Həmin vaxtlarda SSRİ Kinematoqrafçılar İttifaqında hər respublika üçün xüsusi redaktorlar heyəti vardı. Onlar filmə baxdıqdan sonraBaskakova (Ümumittifaq Kino Komitəsinin sədri) göstərmək lazımdır” dedilər. Baskakov filmə baxdı və “film mütləq festivala göndərilsin” deyə göstəriş verdi. Film 1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq Kinofestivalında nümayiş olundu. Adil İsgəndərova və Həsən Məmmədova “ən yaxşı kişi roluna görə” mükafatlar verildi.

 

Filmin yaxşı alınmasının əsas cəhətlərindən birikinorejissor Kamil Rüstəmbəyovun əsil-nəcabətindən gələn bəy xüsusiyyətli olması idi. O, çalışırdı ki, bəy obrazı həmişə yüksək səviyyədə olsun. Bizə danışırdı ki, Tağıyevin qızı Sara xanım həmişə onların evinə gedərmiş. Anasının şəklini də görmüşdüm. Qadını elə bil ki, başdan-ayağa qızıla bürümüşdün. Möhtəşəm sərvət içində yaşamışdılar. Adil İsgəndərov da bəy nəslindən idi. Bəy xarakterini, ədasını həmişə baxışında, duruşunda hiss etdirirdi. Onların əsərə doğma münasibəti filmdəki bəy obrazlarının dolğun yaranmasına səbəb oldu”.

 

Son olaraq onu da qeyd edək ki, filmin süjetinin əvvəldən sonadək yüksək temporitmdə davam etməsində, tamaşaçını daim maraq və həyəcan içində saxlamasında, obrazların və hadisələrin vizual təqdimatının təsirli alınmasında görkəmli bəstəkar Arif Məlikovun yazdığı möhtəşəm musiqinin də müstəsna rolu var.

 

Şəhla ƏMİRLİ

Kinoşünas

 

Mədəniyyət.- 2021.- 31 mart.- S.7.