Aşıq sənətinin nizamnaməsini yaratmış ustad

 

Dədə Ələsgərin 200 illiyinə həsr olunmuş “Göyçədən türk dünyasına” mövzusunda videokonfrans

 

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin (1821-1926) 200 illik yubileyi təkcə ölkəmiz üçün deyil, bütün türk dünyası üçün əlamətdar bir tarixdir. İl ərzində yubiley silsilə tədbirlərlə qeyd olunacaq.

 

Martın 29-da keçirilən  “Göyçədən türk dünyasına” mövzusunda videokonfrans bu qəbildən ilk böyük tədbir sayıla bilər.

 

Videokonfrans Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Aşıqlar Birliyi, Azərbaycan Qaçqınlar Cəmiyyəti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə gerçəkləşdi.

 

Konfransı giriş sözü ilə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva açaraq tədbir iştirakçılarını salamladı. Bildirdi ki, konfransın “Göyçədən türk dünyasına” adlandırılması təsadüfi deyil. Aşıq Ələsgər Göyçədə doğulmuş, ustad dərsi almış, sağlığında böyük nüfuz qazanmış qüdrətli sənətkardır: “Aşıq Ələsgərin həyat və yaradıcılığı yalnız sənətkarlıq baxımından deyil, ifadə etdiyi bir çox mənalar baxımından da qiymətlidir, vacibdir. Ona görə ki, Göyçə bu gün siyasi coğrafiyamıza aid olmasa da, mədəniyyət coğrafiyamıza aiddir”.

 

Konfransda çıxış edən mədəniyyət naziri Anar Kərimov Aşıq Ələsgər yaradıcılığının bütün türk dünyası üçün önəmli olduğunu vurğuladı. Qeyd etdi ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik saz-söz sənəti ənənələrinə bədii-estetik meyarlarla yeni məzmun qazandırıb. Prezident İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması ilə bağlı 18 fevral 2021-ci il tarixində sərəncam imzalayıb. Sərəncama əsasən, ustad sənətkarın yubileyi geniş şəkildə qeyd olunacaq. Mədəniyyət Nazirliyi tərəfindən aidiyyəti qurumlarla birgə tədbirlər planı hazırlanır.

 

Aşıq Ələsgər yaradıcılığının dövlətimizin daim diqqət mərkəzində olduğunu bildirən nazir dedi ki, hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə böyük söz ustadının 150 illik yubileyi respublikamızdaonun hüdudlarından kənarda təntənəli şəkildə qeyd edilmişdi. Tarixi Azərbaycan torpağı olan Göyçə mahalında Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmış, Azərbaycan Elmlər Akademiyası tərəfindən əsərləri iki cilddə nəşr olunmuşdu. Müstəqillik illərində də Aşıq Ələsgərə, bütövlükdə bu ulu sənətə ölkəmizdə diqqət və qayğı olub. 2009-cu ildə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2011-ci ildə ustad aşığın 190 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunub: “Aşıq Ələsgərin yaradıcılığı Vətənə və onun təbiətinə vurğunluq, cəhalətə, sosial ədalətsizliyə qarşı etiraz, məhəbbətə, dostluğa, sədaqətə, halal zəhmətə, düzlüyə çağırış və dini inanclarımıza sayğıdan ibarətdir. Müasirləri ona xalqın sözçüsühaqq aşığı kimi baxıblar. Təsadüfi deyil ki, 1937-ci ildə Aşıq Ələsgərin şeirlərini çapa hazırlayan folklorşünas Hümmət Əlizadə onun zəngin bədii irsini məhz xalqın dilindən toplayaraq sistemləşdirib. Öz zəngin və mənalı yaradıcılığı ilə ustad aşıq bu gün də bizimlədir”.

 

Nazir çıxışının sonunda tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi, konfransın işinə uğurlar arzuladı.

 

***

 

Sonra videokonfrans şair-publisist Əkbər Qoşalının moderatorluğu ilə davam etdi.

 

Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında Aşıq Ələsgərin sözü sazı ilə Göyçə mahalından başlayaraq türk dünyası xalqlarının genetik yaddaşına həkk olunduğunu vurğuladı.

 

Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Aşıq Ələsgəri türk dünyasında aşıq ədəbiyyatını zirvələrə qaldırmış qüdrətli ustad kimi xarakterizə etdi: “O, ustadlıq baxımından digər aşıqlardan fərqlənirdi. Digər sənətkarlar sazı, sözü, rəqsi, ifa mədəniyyətini özlərində birləşdirirdilərsə, Aşıq Ələsgər aşıq ədəbiyyatının nizamnaməsini yaratmış ölməz sənətkardır”.

 

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Aşıq Ələsgəri bu ulu sənətin ən yüksək zirvəsi adlandırdı. Bildirdi ki, onun irsi aşıq yaradıcılığının bütün janrlarına böyük təsir göstərib.

 

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov dedi ki, türk dünyasının görkəmli yaradıcı şəxsiyyətlərinin yubileyləri qurum tərəfindən mütəmadi olaraq qeyd edilir. İl ərzində TÜRKSOY Aşıq Ələsgərin 200 illiyi ilə bağlı da müxtəlif layihələr həyata keçirəcək.

 

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Aşıq Ələsgərin ucalığını təkcə sənətkarlıqla yaratdığı gözəl qoşma gəraylılarına, təcnis, divani müxəmməslərinə görə deyil, həm öz insani keyfiyyətləri ilə qazandığını vurğuladı. Bildirdi ki, Aşıqlar Birliyi dövlət başçısının müvafiq sərəncamına əsasən, qüdrətli söz ustadının yubileyi ilə bağlı silsilə tədbirlər keçirməyi planlaşdırır. Yubiley ilində sənətkarın əsərlərinin elmi nəşrinin hazırlanması gündəmdədir.

 

Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdıralı Aşıq Ələsgər irsinin təbliği istiqamətində tədbirlərin təkcə Azərbaycanda deyil, bütün türk dünyası səviyyəsində təşkilinin vacibliyini vurğuladı.

 

Konfransda çıxış edən Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının direktoru Yusif Alı Afşar, “Dədə Ələsgər Ocağıİctimai Birliyi Təşkilat komitəsinin sədri Xətai Ələsgərli, “Regional Hüquqi İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, türkiyəli şair, yazıçı, tərcüməçi İmdat Avşar ustadlar ustadının aşıq yaradıcılığının inkişafında xidmətlərindən söz açdılar.

 

Daha sonra videokonfransda məruzələr dinlənildi. Filologiya üzrə fəlsəfə doktoru, ozan Fəxrəddin SalimAşıq Ələsgər irfan şairi kimi: yaradıcılığında Azərbaycan sufizminin ifadəsi”, ADPU-nun baş müəllimi Fərzalı RüstəmliAşıq Ələsgər yaradıcılığında gözəlliklərin tərənnümümövzusunda məruzə etdilər.

 

Aşıq Bəhmən Göyçəli Dədə ƏləsgərinYaylaq”, aşıq Samirə isəGözələşeirləri üstündə saz havaları ifa etdilər.

 

Tədbirin sonunda Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Dədə Ələsgər Ocağı” İB Təşkilat komitəsinin sədri Xətai Ələsgərli videokonfransın təşkilatçılarına təşəkkürlərini bildirdilər.

 

N.MƏMMƏDLİ

 

Mədəniyyət.- 2021.- 31 mart.- S.1;3.