Üzeyir bəyin ocağında Aşıq Ələsgər yad edildi

Martın 29-da Üzeyir Hacıbəylinin Ev-Muzeyində Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan tədbir keçirildi.

 

Muzeyin direktoru, Xalq artisti Sərdar Fərəcov tədbiri açaraq diqqətə çatdırdı ki, Prezident İlham Əliyev fevralın 18-də Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalayıb: Üzeyir Hacıbəylinin Ev-Muzeyində Aşıq Ələsgərin yad edilməsi təsadüfi deyil. Çünki dahi Üzeyir bəy aşıq sənətini çox sevib. Bu sənətə qəlbən bağlı olub. Hətta Aşıqsayağı adlı əsər də yazıb. Böyük bəstəkar 1928-ci ildə Azərbaycan aşıqlarının I qurultayının keçirilməsində də yaxından iştirak edib.

 

Sərdar Fərəcov daha sonra Aşıq Ələsgərin həyat və yaradıcılığından söz açdı. Qeyd etdi ki, Azərbaycanın qədim Göyçə mahalında anadan olan ustad sənətkar çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə yeni məzmun qazandırıb. Xalq ruhlu əsərləri ilə milli-mənəvi dəyərlər xəzinəmizi zənginləşdirib.

 

Şair Qurban Hüseyn Aşıq Ələsgər işığına toplaşan tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, bu gün Üzeyir bəyin ruhu şaddır. Çünki onun ocağında Aşıq Ələsgərin yubiley tədbiri keçirilir. O, sonra Aşıq Ələsgərin yaradıcılığından nümunələr söylədi. Bildirdi ki, qüdrətli sənətkarın zəngin bədii irsi daha çox el məclislərində bədahətən dediyi gəraylı, qoşma, təcnis, deyişmə, ustadnamə və müxəmməslərdən ibarətdir. Saf məhəbbətin tərənnümü, gözəllərin tərifi, təbiət təsvirləri, ictimai eyiblərin tənqidi Dədə Ələsgərin şeirlərinin başlıca qayəsini təşkil edir.

 

Aşıq Muradın qızı Şəlalə Niyazlı çıxış edərək gənclik illərindən atasının təsiri ilə Aşıq Ələsgər yaradıcılığının vurğunu olduğunu, onun şeirlərini sevə-sevə oxuduğunu dedi.

 

Sənətkarın nəticəsi, tarixçi Vaqif Həsənov Aşıq Ələsgərin yubileyi ilə bağlı sərəncam imzaladığına görə dövlət başçısına minnətdarlığını bildirdi. O, tədbirin təşkilatçı və iştirakçılarına da təşəkkürünü ifadə etdi.

 

Tədbirin bədii hissəsində aşıq Gəncəli Babayev Qəhrəmanı və Ovşarı havalarını səsləndirdi. Balabanda onu Ələkbər Ələkbərov müşayiət edirdi.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2021.- 31 mart.- S.3.