Nizamimusiqi mövzusunda beynəlxalq onlayn konfrans

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş Nizamimusiqi adlı beynəlxalq onlayn konfrans keçirilib. Konfransa Azərbaycan, Avstriya, Almaniya və Türkiyədən 30-a yaxın tədqiqatçı qatılıb.

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova konfransın əhəmiyyətindən danışıb. Vurğulayıb ki, Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilib. Nizami poeziyasının təsiri ilə şairin poemaları və qəzəlləri əsasında opera, balet, simfonik poema, oratoriya, romanslar bəstələnib.

 

Konfransda çıxış edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov dahi şairin bəşəriyyətin bədii fikir salnaməsində özünəməxsus yerə malik nadir şəxsiyyətlərdən biri olduğunu vurğulayıb, qüdrətli söz ustadının irsindən söz açıb. Bildirib ki, Nizami Gəncəvi çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoyub. Akademik 2021-ci ilin ölkəmizdə Nizami Gəncəvi İli elan edilməsinin nizamişünaslığa və ümumilikdə azərbaycançılığa verəcəyi töhfələrdən bəhs edib.

 

Tədbirdə Nizami yaradıcılığında musiqi, Nizami Gəncəvi: musiqi alətləri (praktiki və nəzəri kontekstdə), Erkən Orta əsrlər dövrünün ünlü ortaq türk alimləri Fərabi, İbn SinaNizami Gəncəvinin musiqimusiqi tərbiyəsi haqqında fikirləri, Nizami Gəncəvi poeziyası Azərbaycandakı dağ yəhudilərinin yaradıcılığında, Nizami obrazları Şərq xalça sənətində, Səhnə əsərlərində Nizami Gəncəvi obrazı və digər mövzularda məruzələr dinlənilib.

 

Mədəniyyət.- 2021.- 5 may.- S.5.