Qəbələdə udilər Pasxa bayramını qeyd ediblər

Mayın 2-də pravoslav (ortodoks) xristianlar Pasxa bayramını qeyd ediblər. Müqəddəs Pasxa günü (İsa Məsihin Dirilməsi bayramı) xristianların ən mühüm bayramlarından biridir.

 

Pasxa bayramı (bazar günü) Ay-Günəş təqvimi üzrə qeyd edildiyi üçün hər il fərqli tarixlərə düşür. Bayram yaz gecə-gündüzün bərabərləşməsindən (21 mart) sonrakı ay bütövlənməsinin (Pasxa bütöv ayı) ardınca gələn ilk bazar günü qeyd olunur.

 

1582-ci ildə qəbul olunan yeni (Qriqorian) təqvimlə yaşayan katolikprotestant xristianların Pasxa tarixi 22 mart 25 aprel arasında dəyişir. Hazıra 13 gün fərqi olan köhnə (Yulian) təqvimini əsas götürən Şərqi xristianların pravoslavların Pasxa bayramının tarixi 4 aprel 8 may arasında dəyişir.

 

Azərbaycanda da Pasxa bayramı xristian icmaları tərəfindən qeyd edilir. Həmişə olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev pravoslav xristianlarına bayram münasibətilə müraciət ünvanlayıb.

 

Dövlət başçısının müraciətində deyilir ki, zəngin multikultural dəyərlərə, tolerantlıq ənənələrinə və nümunəvi dövlət-din münasibətləri modelinə malik olan ölkəmizdə ayrı-ayrı xalqların və konfessiyaların nümayəndələri yüz illərdir mehriban qonşuluq, dostluq və qardaşlıq mühitində vahid ailə kimi yaşayırlar. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin əsas prioritetlərindən biridir.

 

Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilər Pasxa bayramını qeyd ediblər. Qəsəbədəki Cotari kilsəsi alban xristianların qədim ibadət yerlərindən biridir. Pandemiya səbəbindən bu il dini ayinlər kilsənin içində deyil, açıq havada keçirilib. Şamlar yandırılıb, dualar oxunub.

 

Alban-udi xristian dini icmasının sədri Robert Mobili bildirib ki, müasir Azərbaycan təkcə mədəniyyətlərarası və konfessiyalararası deyil, həm də dinlərarası dialoqun mərkəzidir. Udilər Avropa ilə Asiyanın kəsişməsində yerləşən tarixi vətənlərində öz dillərini, dinini, qədim adət-ənənələrini qoruyub saxlaya bilib.

 

Dini icmanın sədr müavini Rafik Danakari deyib ki, sovetlər dövründə udilərə öz milli bayramlarını qeyd etmək qadağan olunsa da, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onlar etnik azlıq olaraq öz bayramlarını və adət-ənənələrini geniş şəkildə qeyd edirlər. Rafik Danakari Cotari alban kilsəsinin əsaslı şəkildə bərpasının tolerantlığa gözəl nümunə olduğunu qeyd edərək bildirib ki, müsəlman və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli sayılır. Ötən il qəsəbədəki ən qədim məbədlərdən olansonuncu dəfə XII əsrdə bərpa edilən kilsə də Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa olunub və udilərin ixtiyarına verilib.

 

Hazırda Nic qəsəbəsində üç kilsə, iki məscid var. Hər məhəllədə müsəlman və xristianların ziyarət etdiyi 5-6 pir mövcuddur. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.

 

 

Mədəniyyət.- 2021.- 5 may.- S.1;3.